Rusiya və Qərb post-Lukaşenko dövrünə hazırlaşır - Hakimiyyət müqaviməti qıra bilməsə...

ABŞ-da hər iki siyasi partiyanı təmsil edən 13 senatordan ibarət qrup Belarusda dinc etirazçılara divantutma üçün məsuliyyət daşıyan rəsmilərə sanksiya qətnaməsi hazırlayıb. Respublikaçı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş sentyabrın 14-də mətbuat üçün açıqlamada deyib ki, Belarus müxalifətinə qarşı zorakılıq və repressiya vicdansızlıqdır.

Qətnamədə Aleksandr Lukaşenkanın altıncı müddətə prezident elan olunduğu 9 avqust seçkisinin azad vəədalətli keçirilmədiyi bildirilir, Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr etibarsız elan edilir. Sənəddə siyasi məhbusların və dinc etiraz etdiyinə görə saxlananların buraxılması tələb olunur.

Sanksiyaların Avropa Birliyi və digər beynəlxalq tərəfdaşlarda koordinasiya edilərək gerçəkləşəcəyi bildirilir. Riş sanksiyaları Birləşmiş Ştatların Belarus xalqına, onların sərbəst toplaşma, ifadə, azad seçki hüququna və hüququn aliliyinə dəstəyinin güclü simvolu olduğunu deyib.

Demokrat senator Bob Menendez deyib ki, Belarus xalqının cəsarətinə pərəstiş edir. O, beynəlxalq ictimaiyyəti onların azad və demokratik gələcək istəyini tam dəstəkləməyə çağırıb. Qətnamədə 7 mindən çox Belarus vətəndaşının hökumət qüvvələri tərəfindən saxlandığı, çoxunun dinc etirazlara qatıldığı, yaxud onu müşahidə etdiyi üçün tutulduğu vurğulanır.

Sənəddə həmçinin Belarusda mətbuat azadlığının davamlı olaraq məhdudlaşdırıldığı, onlarla jurnalistin həbs olunduğu qeyd edilir.

Bundan başqa, etirazları işıqlandırmış 50-dəm çox xəbər vebsaytı bloklanıb, iki müstəqil qəzetin nəşri dayanıb? xarici media qurumları üçün işləyən jurnalistlərin akkreditəsi ləğv olunub.

Xatırladaq ki, Aleksandr Lukaşenko dünən Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. 4 saatdan artıq çəkən görüşdə Belarusda yaranmış vəziyyət müzakirə olunub. Putin açıq bəyan edib ki, Belarusda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya Belarusun ən böyük investoru kimi qalacaq. Üstəlik, Rusiya lideri Belarusda planlaşdırılan Konstitusiya islahatının məntiqli olmasının vacibliyini vurğulayıb. Müdafiə və digər məsələlərdə həmrəy olduqlarını bəyan edən Rusiya prezidentinin çıxışında digər diqqət çəkən məqam isə Rusiyanın Belarusa 1,5 milyard dollar kredit verəcəyini anons etməsi oldu.

Proseslərin gedişi göstərir ki, Qərbin sərt təzyiqləri ilə üzləşən Lukaşenko hakimiyyəti bu görüşdə Rusiyadan istədiyi dəstəyi ala bilməyib. Rusiya prezidenti Belarus müxalifətini qıcıqlandıracaq ifadələrdən çəkinib, xüsusi ilə ölkəyə ehtiyac olarsa dəstək qüvvələri gözndəriləcəyi ilə bağlı əvvəlki mesajlarını təkrarlamayıb. Putinin "Belarusda kimin hakimiyyətdən asılı olmayaraq Rusiyanın ən böyük investor olacaq" bəyanatı da Rusiyanın post-Lukaşenko dövrünə hazırlaşdığını göstərir. Yəni Moskva strateji maraqlarını təkcə Lukaşenko rejimi ilə bağlamır, situasiya dəyişərsə, eyni qaydada siyasətini davam etdirəcək.

Beləliklə, Belarusda hadisələrin inkişaf ssenariləri Lukaşenko iqtidarının taleyini müəyyən edəcəyi qətiləşib. Xarici tərəfdaşlar və maraqlı güclər öz seçimlərini ediblər. Əgər müxalifət hakimiyyətə qarşı təzyiqləri gücləndirsə, etirazların miqyasını genişləndirə bilsə, kollaps qaçılmaz olacaq.

AzPolitika.info 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar