Menu

Prezident növbədənkənar seçki, müxalifət istefa tələb edir - Paşinyanın isə gündəliyi başqadır

17.11.2020, 14:19
Prezident növbədənkənar seçki, müxalifət istefa tələb edir - Paşinyanın isə gündəliyi başqadır

"Ölkəni sarsıntılardan qorumaqdan ötrü parlamentə növbədənkənar seçkilər qaçılmaz olacaq". Bunu Ermənistan Prezidenti Armen Sarkisyan noyabrın 16-da deyib. Onun sözlərinə görə, bu qənaətə noyabrın 1-da Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanat açıqlanandan sonra apardığı siyasi məsləhətləşmələr nəticəsində gəlib.

Prezident son bir həftədə parlamentdə təmsil olunan və olunmayan qüvvələrlə, müxtəlif ictimai təşkilatlar və fərdlər, eləcə də diasporla görüşlər keçirib.

“Görüşlərin iştirakçılarının mütləq əksəriyyəti bir məsələdə həmfikirdirlər: Konstitusiyaya uyğun olaraq baş nazirin istefası, yaxud səlahiyyətinə xitam verilməsi və növbədənkənar parlament seçkiləri”, – prezident deyib.

Sarkisyanın müraciətində qeyd olunur ki, yeganə məsuliyyətli yanaşma hökumətin və hakim siyasi qüvvənin öz potensialına obyektiv qiymət verməsi, qısa müddətdə yol xəritəsi təqdim etməsi olardı. Bu xəritədə isə müvafiq konstitusion proseslər göstərilməli, bunun nəticəsində parlamentə növbədənkənar seçkilərin keçirilməsi mümkün olmalıdır. Prezident hüquq-mühafizə orqanlarını qanun və asayişi qorumağa çağırıb.

Müxalifətin yol xəritəsi

Bu arada müxalifət qüvvələri noyabrın 16-da İrəvanda Azadlıq meydanında keçirdikləri mitinqin sonunda yol xəritəsi təqdim ediblər.

Daşnaksutyun partiyasının ali orqanının təmsilçisi İşxan Saqatelyan deyib ki, bu yol xəritəsi noyabrın 10-da açıqlanmış üçtərəfli bəyanatdan maksimum faydalanmağa imkan verəcək.

Saqatelyanın təqdim etdiyi yol xəritəsində deyilir ki, imzalanmış bəyanat artıq reallıqdır, onunla hesablaşmaq lazımdır, Qarabağda Rusiya sülhməramlılarının olması isə zərurətdir.

“Bu sənədi xalqın arxasından bağlanmış kapitulyasiya sazişi hesab edirik. Ancaq hər şey bitməyib. Diplomatik yollar, danışıqlar vasitəsilə indiki vəziyyətdə güzəştlərimizi minimuma endirməyə çalışmalıyıq”, – o vurğulayıb.

Müxalifətin mövqeyinə görə, Baş nazir Nikol Paşinyanın iki seçimi olub: ya dərhal istefaya getməliydi, ya da parlament iclas keçirərək hərbi vəziyyəti ləğv etməli, Paşinyanı vəzifəsindən kənarlaşdırmalı, müvəqqəti milli razılıq hökuməti formalaşdırmalı idi. Bundan sonra yeni parlament seçkiləri keçirilə, nəticədə yeni hakimiyyət formalaşa bilər.

“Nikol, get, Nikol, get! Öz siyasətinlə, öz imzanla Qarabağı verdin, mənasız qan tökdün, xalqımızın onillərlə formalaşmış qürurunu əlindən aldın”, – Daşnaksutyunun üzvü Geqam Manukyan deyib.

Baş nazir suallar qaldıracaq

Müxalifət partiyaları artıq bir neçə gündür mitinq və yürüşlər keçirərək baş nazirin istefasını tələb edirlər.

Nikol Paşinyan isə noyabrın 16-da parlamentdə çıxışında deyib ki, baş verənlərə görə o məsuliyyət daşıyır, ancaq eyni zamanda suallar qaldıracaq və bu suallara cavab verilməlidir. Baş nazir noyabrın 16-da keçirdiyi onlayn mətbuat konfransında onu da deyib ki, gündəliyində istefa vermək yoxdur.

“Mənim gündəliyimdə respublikada stabillik və təhlükəsizlik yaratmaq var, gündəlikdə başqa məsələlər yoxdur”, – o vurğulayıb. (azadliq.org)

Şərhlər

t.ədalət 2020-11-17 15:29:32

Paşinyanın vəzifədən gedəcəyi nağıldır.Amerikanın dəstəklədiyi adamı zavallı Putin necə çıxara bilər?Amerika Paşinyanın əli ilə Qafqazı rus ordusunun tapdağından azad edəcək.Putin bizimn əlimizlə Paşinyanı sıxışdırsa da açıq surətdə ona etiraz etməyə qorxur.İndi Putinin dərdi Gümrüdəki bazasını Xankəndinə köçürməkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol