“Kiyev Azərbaycanın uğurundan ilhamlanıb...” - Donbasdakı separatçıların “Bayraktar” qorxusu

Ukraynanın Donbas bölgəsindəki separatçılar rəsmi Kiyevin Türkiyə ilə yaxınlaşmasından və Azərbaycanın Qarabağdakı qələbəsindən çox narahatdırlar.

“AzPolitika.info” xəbər verir ki, bu mövzuya toxunan Rusiyanın “Nezavisimaya Qazeta” nəşri “Donbasda Türkiyə-Ukrayna zərbəsinə hazırlaşırlar” başlıqlı məqaləsində Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin əks-sədasının Ukraynanın işğal altındakı bölgələrində hiss olunduğunu yazır.

Qəzet bildirir ki, Azərbaycanın bu uğuru rəsmi Kiyevi həvəsləndirib və Ukrayna hakimiyyəti eyni ssenarini işğal olunmuş ərazilərində gerçəkləşdirməyi planlaşdırır: “Azərbaycanın uğurundan ilhamlanan Kiyev, görünür, “DNR” VƏ “LNR”-in hərbi birləşmələrinə qarşı Ukrayna Ordusunun mümkün əməliyyatlarında Türkiyə PUA-larını əsas qüvvə olaraq istifadə edəcəyinə ümidlidir.”

Bununla bağlı qəzetə açıqlama verən hərbi ekspert, polkovnik Vladimir Popov deyib ki, artıq Ukrayna Ordusunda türkiyəli hərbi məsləhətçilər, mütəxəssislər fəaliyyət göstərir.


O, xatırladıb ki, iki həftə bundan öncə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, general Hasan Küçükakyüz Ukraynaya gəlib. Səfər zamanı digər vacib mövzularla yanaşı, Ukrayna hərbçilərinin Türkiyənin “Bayraktar” PUA-larından istifadəsilə bağlı təlimlərin keçirilməsi məsələsi də müzakirə olunub.

Hərbi ekspert həmçinin əlavə edib ki, hətta Ukrayna Silahlı Qüvvələri Donbasın və Krımın azad olunmasına dair gizli hərbi təlimlər keçirir. Bir çox KİV-lər Ukrayndakı Türkiyə “Bayraktar”-larının noyabrın 23-də Krımla sərhəddə göründüyünə dair xəbərlər yayıblar. Eyni hadisənin ötən həftə Donbasda da müşahidə olunduğu iddia edilir.

Yazıda qeyd olunur ki, Ukrayna indiyədək Türkiyədən rəsmi olaraq, 6 ədəd “Bayraktar TB2” PUA-sı, üç idarəetmə stansiyası və 200 ədəd yüksək dəqiqliyə malik mərmi alıb: “Nəzərə alsaq ki, Kiyev Türkiyədən həmin tipdə daha 48 ədəd PUA almaq fikrindədir, bu potensial “LNR” və “DNR”-in bütün hərbi texnikasını sıradan çıxarmağa kifayət edir. Bu isə 300-400 ədəd zirehli texnika deməkdir”.

Qəzet həmçinin qeyd edir ki, Azərbaycandan fərqli olaraq, hələlik Ukraynanın böyük dövlətləri neytrallaşdıra bilən Türkiyə kimi güclü müttəfiqi yoxdur. Lakin Kiyevlə Ankaranın getdikcə daha sıx iş birliyində olması və Türkiyənin də Krıma böyük marağının mövcudluğu yaxın zamanda Ukraynanın Türkiyədən daha böyük siyasi və hərbi dəstək alacağı ehtimalını xeyli artırır.

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Xalq 2020-11-25 19:00:18

inşaallah Ukraynalı qardaşlarımız Türkiyənin pualarının köməyi ilə Krımı azad edəcəklər! Bu silah bütov bir dövlətin ordusuna dəyər, gözəl silahdır sağ olsun Türkiyəmiz!

Son yazılar