"Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
"Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.
Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir", - dövlət başçısı əlavə edib.


Şərhlər
Müharibədən sonra təbii ki Azərbaycanada bir çox düzələsi aktual məsələlər var. Ən başlıcası isə dildir. Ana dili. İrqində ayrı ola bilər, dinində ayrı ola bilər, amma dil yoxdursa millət də yoxdur. Görək təzə nazir necə olacaq? Amma dilin şəffaflığı üçün Milli Elimlər Akademiyası milli olmalıdı, başında milli, millətini sevən bir insan olmalıdı. İndi olan kimisi yox. Mən həmişə demişəm KİV-lərin və TV-lərin üzərinə böyük məsuliyyət düşür. Ölkə başçısınında dediyi kimi elə KİV-lər, televiziyalar var ki, onlar nəinki dilimizi korlayır, məncə bunu qəsdən, elə bil acığa sifarişlə edir. KİV-lərdə bəzən təbliğ, bilərəkdən və ya bilməyərək əcnəbi sözlər, qəsdən təbliğ, hətta yaxşı eləmişəm övladımı əcnəbi məktəbə qoymuşam kimi yazılarda olur. Televiziyalarda göstərilən verlişlərdə, çəkilən səhnəciklər, seriallara baxın. Nə bərbad vəziyyətdədir, küçə, ara, sovetdən qalma gündəlik rus kəlmələri. Hətta bir çox dəxli olmayan verlişlərdə belə əcnəbi dillər təbliğ edilir. Ən bariz nümunəsi ATV telekanalıdı. Bununla biz dilimizi şəffaf və təmiz saxlaya bilməyəcəyik. Silimizə daxil olan əcnəbi sözləri mümkün olduğu qədər tərcümə etməliyik və ya qarşılıq tapmalıyıq. Bunu edirlər dilçi alımlər deyilənə görə. Amma nə faydası,... İşlədən, təbliğ edən yoxdur...