“Avropa İttifaqı (Aİ) ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Aİ-Azərbaycan münasibətlərini şərh edərkən bilririb.
Xatırladaq ki, ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycanda da səfərdə olub və ölkə rəhbərliyi ilə qarşılqılı münasibətlərin inkişafına dair müzakirələr aparıb.
Millət vəkili bildirib ki, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır və Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir: “Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur”.
Komitə sədri qeyd edib ki, enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir və bu sahədə tarixi nailiyyətlər əldə olunub. “Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”, - deyə S. Qurbanov vurğulayıb.
Millət vəkili xatırladıb ki, Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Onun sözlərinə görə, 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir: “Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir”.
Komitə sədri vurğulayıb ki, nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. O xatırladıb ki, İkinci Qarabağ Müharibəsindən sonra, 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu gün daha miqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaranıb.
Sadiq Qurbanov hesab edir ki, mövcud əlaqələrə növbəti təkan verilməlidir: “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır”.
Millət vəkili yada salır ki, Avropa İttifaqı sərhədlərin delimitasiyasına köməklik göstərməyə hazırdır. “Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir”, - deyə komitə sədri qeyd edib.
“AzPolitika.info”


Şərhlər
DEYESEN BU DIPU TAT FRANSIZ EHLIDI