Menu

"Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanıdır" - Millət vəkili

01.09.2021, 19:00
"Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanıdır" - Millət vəkili

Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov BDU-nun yaranış ildönümü ilə bağlı təbrik yazısı ilə çıxış edib. Həmin yazını təqdim edirik:

"Bu gün Bakı Dövlət Universitetinin yaradılması günüdür. Bu münasibətlə BDU-nun bütün kollektivini səmimi qəlbdən təbrik edirəm!

Kiçik məlumat: 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.

Qanunun onuncu maddəsində, Bakı şəhərində Dövlət Universitetinin 1919-cu il sentyabrın 1-dən açılması, qanunun II maddəsinin 2-ci bəndində isə bütün fakültələrdə türk dili məcburi fənn olması qeyd olunurdu. Lakin universitet ilk tədris ilini 2 fakültə ilə — tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı.
Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetdə bu gün 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyaları var və 3000-dən çox əməkdaş bu sahələrdə çalışır.

Yarandığı gündən milli ruhun formalaşmasında və yeni nəsillərə ötürülməsində universitet ziyalılarının mühüm rolu olmuşdur. Milli ruhu özündə ehtiva edən kollektiv 30-cu illərin amansız repressiyaları yan keçə bilmədi. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə "xalq düşməni", türkçü, turançı, pantürkçü, panislamçı damğaları vuruldu. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, T.Şahbazi, H.Şahtaxtinski, M.Ələkbərli kimi unudulmaz ziyalılarımız olmuşdur.

1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 görkəmli ziyalısı, Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov güllələnməyə məhkum edildi.

Bu gün Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanı funksiyasını yerinə yetirir. Eyni zamanda, onu da xüsusilə qeyd etməliyik ki, universitetin əsas göstəricilərindən biri də onun Azərbaycan tarixi üçün dəyərli kadrlar yetirməsidir. Ulu Öndər Heydər Əliyevin adını çəkmək kifayətdir ki, bu universitetin Azərbaycan tarixi üçün nə qədər önəmli kadrlar yetirdiyini əsaslandıraq. Heydər Əliyevin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” ifadəsi isə universitetin dəyər göstəricisidir.

1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev tədbirdə iştirak edir, öz ana dilində, azərbaycan dilində nitq söyləyir. O deyir: "Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində ölkədə vətəndaş müharibəsi alovlandığı bir vaxtda yaradılmışdır. Lakin bu vəziyyət universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilmədi. Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi... Biz Azərbaycan xalqının bu və ya digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli, irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrini, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar".

Təkcə bu fikirləri təhlil etsək, görərik ki, Ulu Öndər hələ sovetlər zamanında universitetin yaradılmasında iştirak edənləri "Azərbaycanın ən yaxşı oğulları" adlandırmaqla Azərbaycan maarifçilərinə, ziyalılarına, Bakı Dövlət Universitetinin yaradılmasında böyük fədakarlıq göstərən Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinə böyük qiymət verir, eyni zamanda, bugünkü müstəqilliyimizin təməlini qoyurdu.

İkincisi, Heydər Əliyevin o dövrdə bütün SSRİ miqyasında, bütün rəsmi yığıncaqlarda dövlət və partiya rəhbərlərinin ancaq rus dilində çıxış etməsi ənənəsini pozaraq öz ana dilində danışması Azərbaycanın milli mənəvi sərvətlərinin qorunması, Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və incəsənətinin, bütövlükdə Azərbaycan milli mədəniyyətinin inkişafının yeni bir mərhələsinin başlanğıcı oldu. Məhz bu mərhələ Azərbaycan tarixinə dönüş mərhələsi, milli dirçəliş mərhələsi kimi daxil oldu. Azərbaycan dilinin dövlət dili kimi formalaşması, dövlət dili statusu almaq üçün zəmin yaratdı.

Prezident İlham Əliyev BDU-nun 100 illiyi münasibətilə keçirilən mərasimdə "Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi..." söyləməklə 1969-cu ilin iyun ayında H.Əliyev tərəfindən başlanan müstəqillik yolunun daima ardıcıl və məntiqi əsaslarla davam etdirilməsini bir daha təsdiq etmiş oldu.

Mən də fəxr edirəm ki, bu ali məktəbin iki fakültəsinin məzunu və əməkdaşı olmuşam. Bu gün münasibəti ilə bir daha Bakı Dövlət Universitetinin bütün kollektivini və bütün xalqımızı təbrik edirəm!

Şərhlər

esger 2021-09-02 09:11:13

BDU Abel Məhərəmovun dövründə əsl koorupsiya yuvasına çevrilib İndi hüqüq fakultəsini bitirən məzunları qələçək hakimlər, vəkillər, vəzifəli şəxslər hər imtahana rüşvət verəndə bundan sonra öz vəzifələrdən sui istifade etməyəcək , təmiz işləyəçək. Siz buna inanırsız??? Bu batağlıqdan çıxan hər bir şəxsin artıq əli koorupsiya batıb.

RR 2021-09-01 22:03:43

Doqurdan ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol