NOBELÇİLƏRİ DİNLƏMƏKDƏN NOBEL ALMAĞA DOĞRU...

Məmməd Talıblı

I yazı

Elm, heç vaxt, bitmiş bir kitab olmayıb və olmayacaq da. Burada hər bir mühüm uğur yeni suallar doğurur. Elmin inkişafı, zamanla, yeni və daha dərin çətinliklərlə qarşılaşmağa gətirib çıxarır.

Albert Eynşteyn

Konfranslarda iştirakla bağlı dəvətlərə və elanlarla tanış olanda ilk olaraq mövzulara və məruzəçilərin kimliyinə xüsusi diqqət edirəm. UNEC-in təşəbbüsü ilə təşkil olunan beynəlxalq konfransın gündəliyində mövzularla tanış olan zaman diqqətimi məruzəçilər xüsusilə çəkdi.

İkinci gün xüsusuilə nobelçi Aziz Sancarın çıxışını dinləmək üçün Forumda iştirak etməyi qərara aldım. Bura qədər Aziz Sancar haqqında bir neçə məqalə yazmışdım. Onun orijinal bir insan olmasına görə dərin rəğbətim var idi. İnanırdım ki, yenə də iştirakçıları özünün düşüncəsinin sehrinə sala biləcək məruzəsi olacaq. Belə də oldu.

Amma istərdim ki, Aziz Sancarın fikirlərinin işığında yazmaq istədiklərimdən öncə kiçik bir müşahidələrimi də paylaşım. Bu həm də etik baxımdan daha doğru sayılar. Çünki etika yaşayan hər şeyə qarşı hiss etdiyimiz sonsuz məsuliyyət hissidir. Bu olmadan mahiyyəti dərk etmək asan olmur. Üç günlük UNEC İqtisadi Forumu sadəcə bir neçə gündə hazırlanmamışdı. Ora qədərki uzun bir zəhməti görməmək və onu qiymətləndirməmək ədalətsizlik olardı.

Forumun tərtibatı və dizaynı yüksək peşəkarlıqla hazırlanmışdı. Tədbirin təşkilatı işlərinin keyfiyyəti uzaqdan hiss olunurdu. Professor Ədalət Muradovun ev sahibi olaraq qonaqlarla etik standartlara cavab verən nəzakətli davranışları, protokol tələblərinə tam adekvatlığı və peşəkarlıqla etdiyi çıxış mətnləri ilə hər kəsdə rəğbət oyadırdı. Fəal gənclərin könüllü olaraq tədbirdə texniki-təşkilatı aktivlikləri diqqəti cəlb edirdi. Başqa sözlə tədbirin təşkilatı tərəfləri də ora təşrif buyuran dünya miqyasında tanınmış bilim insanlarının əyarlarına tam adekvat sayıla bilərdi.

Nobelçilərin dəvət ənənəsi

Keçmiş “narxoz”da daha çox pul saymaq dəb də idisə, artıq 5 ildir ki, insanı saymaq dəbə minib. Əvvələr söz sahiblərini - vəzifəliləri saya saymaq dəb sayılırdısa, hazırda fikir sahiblərini - sanballı insanlara dəyər vermək ön plana keçib. Əvvəllər Biləcəridən o tərəfdən tanınmayan dost-tanışları gətirib professor-müəllim heyəti qarşısında danışdırmaq üzgörənliyi var idisə, hazırda nobelçilərin nitqlərini dinləmək ənənəsi yaranıb. 

Əvvəllər rektorlar daha çox mühafizə və tərcüməçi dəstəsi ilə əhatə olunurdusa, indi rektorun bir neçə dildə sərbəst danışması ilə həmin tərkibə olan ehtiyacı təkbaşına özü əvəzləmiş olduğunu görürsən. Bütün bunlar keçilən yanlış yoldan asıllığı sürətlə aradan qaldırmaq təşəbbüsləri sayılmaqla, eyni zamanda keyfiyyət göstəriciləri hesab oluna bilər. Məni ən çox sevindirən Azərbaycanın elmi elitasının nobelçilərlə birbaşa təmaslarının artmasıdır. Bütün bunlar ölkəmizin elm adamlarının nobelçilərlə ortaq çalışmalara yol açmaq şanslarını artırır. Açılan bu cığrı prospektə çevirməmiz lazım.

Bunun üçün elmə münasibəti kökündən dəyişməliyik. Məsələn dağıdılmış Qarabağı dəyişmək istəyiriksə, ilk növbədə quruculuğa tövhə vermək sütunu olan - elmə münasibətimizi dəyişməliyik. Elm insanlarına arxamızı yox, üzümüzü çevirməliyik. Elm xərclərini dövlət büdcəsinin bir küncündə saxlamalı deyilik. Onlara az şey verib, çox şey istəməli deyilik. Çox şey verib, çox şey tələb etməliyik. Yeri düşmüşkən, 2022-ci ilin dövlət büdcəsində bu qədər ölkənin elmi tədqiqat xərcləri üçün yenədə simvolik həddə - cəmi 202 mln. manat həcmində vəsait ayrılacaq. Bundan sonra gəl elmi uğurlardan böyük gözlənti yarat, görüm necə yaradırsan.

Aziz Sancarın çıxış mətni çoxvektorlu idi. Onun sadə cümlələrini mürəkkəb situasiyaları aça bilən resept də saymaq olar. Eyni zaman da bizim elm dərdlərimizi bilən Aziz Sancar sanki ürəklərimizi oxudu. Buna görə onun çıxışı zamanı bir neçə vacib məqamı qeyd etməyi unutmadım:

Türk dövlətlərinin elmə sərmayələri çox artırmalı;

Bilim insanlarına akademik azadlıqlar verməli;

Türk dövlətləri arasında elm insanlarının və tədqiqatçılarının ortaq çalışmalarına şərait yaradılmalı;

Aziz Sancar daha sonra 2 fundamental problemin həll edilməsinə diqqəti xüsusi çəkərək söylədi: “Qız övladlarımızı oxutdurmağımız, onlara təhsil verməklə biz insan gücümüzün 50 faizini artırmış olarıq. Qərb ölkələrində insan gücünün 50%-i xanımlar hesabına təmin olunduğu halda, biz də bu rəqəm 10%-dir.”

Bununla Aziz Sancar bir tərəfdən təhsilin önəmini bir cəmiyyət üçün hansı nisbətdə dəyər yaratmaq gücünü ifadə edir. Digər tərəfdən isə təhsilli şəxslərin məşğulluğa verməli olduğu potensiala diqqəti çəkir. Çünki insana verilən dəyər qalıcı dəyərdir və davamlı iqtisadi artımı təmin edə bilər. Digər resurslar tükənəndir və ən yaxşı halda epizodik iqtisadi artımı tətikiləyə bilər.

Nobelçilərin Bakıya gəlişi sadəcə bir turist səfəri deyildi. Onların gəlişi və elmi müzakirələrə vəsilə olan istiqamətverici fikirləri elmimizin gələcəyinə verə biləcəyi mühüm bir tövhədir. Əsərlərini sevə-sevə oxuduğum dünyada müasir filosoflardan sayılan Oşo yazır ki, yaxşı insan “cənnətə gedər” deyil, yaxşı insan haraya gedərsə, cənnət orası olur. 

Bu baxımdan Forum təkcə Nobel mükafatçılarının fikir istehsal edən çıxışları ilə bizləri tanış etmədi. Eyni zamanda bizlərin “Nobel”ə necə yaxınlaşmaq məsuliyyətimizi də xatırlatdı. Necə deyərlər, nobelçiləri ölkəmizə dəvət etdik. Lakin indi nobelçilərin yetişdirməsi zamanı gəldi. Bu məsuliyyəti də dərk etməmiz lazım...

(ardı var)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar