Qafanda konsulluq açmaq İranın nəyinə gərəkdir? - "Məqsəd Zəngəzur dəhlizi ilə bağlı planlarını asanlıqla həyata keçirməkdir"

“İrana dostluq mesajları verən ermənilər Tehranı tənqid etməyə başlayıblar”

İran hökumətinin dekabrın 29-da keçirilmiş iclasında Xarici İşlər Nazirliyinin Ermənistanın Qafan rayonunda konsulluq açmaq təklifi müsbət qarşılanıb və təsdiqlənib.

Ermənistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Vahan Hunanyan İran hökumətinin bu qərarına münasibət bildirərkən deyib ki, İrəvan da İranda baş konsulluğun açılması üçün işlərə başlayıb.

Yerli mediaya açıqlama verən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın Qafanda konsulluq açmasının zəruri olduğunu vurğulayıb: "Bu, iki ölkə arasında iqtisadi və konsulluq məsələləri baxımından zərurət idi. Ölkəmizdən gedən yük maşınlarının sürücüləri adıçəkilən regiona səfər edirlər və bu zaman Ermənistanın cənub yollarından istifadə etməli olurlar. Bizim səfirlik İrəvanda yerləşir və Qafan şəhəri ilə aradakı məsafə çoxdur. Ona görə də, həmin ərazidə İranın konsulluq nümayəndəliyi olmalıdır ki, yaranan problemlərin həlli ilə məşğul olsun".

Xatırladaq ki, Azərbaycan sentyabrın 12-dən Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İran maşınlarını yoxlamağa başlayıb. Bundan qısa müddət sonra Xankəndiyə yük daşıyan iranlı sürücülər aşkar olunaraq, həbs edilmişdi.

Qarşılıqlı ittihamlar fonunda pisləşən münasibətlər bir müddət sonra Tehranın təşəbbüsü ilə normallaşmağa başlayıb. Amma bu proses heç də rəvan getmir və ötən ay İran idmançılarının Xankəndiyə qanunsuz səfər edərək orada cinayətkar rejimin keçirdiyi yarışda iştirak etməsi Bakıda suallara yol açmışdı. Azərbaycanla sərhəddə, Zəngəzur ərazisində konsulluq açmaq qərarını da bu qəbildən olan addım saymaq olarmı?

Politoloq Tural İsmayılov "AzPolitika.info"-ya şərhində bildirib ki, İranın hansısa şəhərdə konsulluq açması onun müstəsna suveren hüququdur: "Azərbaycan İrandan fərqli olaraq, heç vaxt bu ölkənin daxili işlərinə qarışmır. Amma təəssüf ki, bir müddət əvvəl İran Azərbaycanın suveren xarici siyasətindən narahat olaraq müxtəlif açıqlamalar verirdi. Doğrudur, bu proses artıq arxada qalıb. Azərbaycan-İran münasibətləri normallaşma mərhələsindədir. Məsələn, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan üçtərəfli qaz sazişi imzaladı. Bundan əlavə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən 3+3 platforması həm də İran üçün siyasi-iqtisadi üstünlüklər vəd edir. Ona görə də, düşünürəm ki, İranın Qafanda səfirlik açması iki ölkənin münasibətlərinə xələl gətirməyəcək".

Ekspert qeyd etdi ki, İranın Azərbaycanla imzaladığı qaz sazişi və münasibətlərin normallaşması Ermənistan siyasi elitasında narazılıq yaradıb: "Əvvəl İrana dostluq mesajları verən erməni siyasətçilər indi Tehranı tənqid etməyə başlayıblar. İran da bunu nəzərə alaraq, erməniləri sakitləşdirmək üçün belə bir addım atdı. Düşünürəm ki, İran Ermənistanla münasibətləri korlamamaq və guya balanslı siyasət apardığını göstərmək üçün belə bir qərar qəbul edib".

Politoloq Sədrəddin Soltan isə hesab edir ki, Qafan şəhəri Ermənistandan keçən Zəngəzur dəhlizinin əsas strateji nöqtələrdən biri ola bilər: “Qafanda sovet dövründən qalan dəmir yolu vağzalı var. Bu şəhər Azərbaycanın Zəngilan rayonu ilə də sərhəddir. Eyni zamanda, İrana da yaxın şəhərdir. Qafan Qərbi Zəngəzur, yəni Ermənistanın Sünik vilayətinin mərkəzidir. Qafandan Gorusa və oradan da İrəvana yol gedir. Qafan-Gorus yolu isə Azərbaycan ərazisindən keçir. Bundan başqa, yaxın gələcəkdə Qafanı Zəngəzur dəhlizi ilə dəmir və avtomobil yolu xətləri birləşdirəcək”.

İranın Ermənistandakı maraqlarına toxunan Sədrəddin Soltan İranın Qafan şəhərində konsulluq açmasının arxasında bir sıra ehtimalların olduğunu nəzərə çatdırıb: “İranın Qafan şəhərində konsulluq açmasında əsas məqsədi Zəngəzur dəhlizi ilə bağlı proqramlarını və planlarını asanlıqla həyata keçirməkdir. Bunun üçün ona Sünik vilayətində nümayəndə lazımdır".

Politoloq qeyd edib ki, İsrailin Ermənistanda ticarət varlığının güclənməsi də, İran rəhbərliyini narahat edir: “İsrail Qərbi Zəngəzurda – Ermənistanın Sünik vilayətində ticarət obyektləri tikməyi planlaşdırır. İran Qafanda konsulluq açmaqla İsrailin bu regionda iqtisadi və ticarət fəaliyyətinə nəzarət etmək niyyətindədir. Digər bir məsələ İranın Qafandakı Baş konsulluğu vasitəsi ilə Azərbaycan ərazisindən keçən Qafan-Gorus yolunda öz ticarət maraqlarını yönləndirmək istəyidir. İran hökuməti bu yoldan istifadə edən tacirlərinin işini asanlaşdırmağa çalışacaq”.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar