"Göyçay rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev qardaşı oğlu Sabir Vəliyevlə əlbir olaraq bizi aldadıb, həyətimizin məhsulunu alıb başqa şəxsə sataraq pulumuzu ələ keçirib".
Bu barədə "AzPolitika.info"ya Göyçay sakinləri Şıxəliyev Elçin İnqilab oğlu, Kərimov İlyas Baxış oğlu, Səmədov Saleh Yaqub oğlu, Əmrahov Rəhman Qədir oğlu və Şıxəliyev Aqil İxtiyar oğlunun göndərdiyi məktubda bildirilir.
Şikayətçilər yazırlar ki, həyətyanı sahələrində yetişən xurma meyvəsini toplayıb icra başçısının müavini İkram Vəliyevin tapşırığı əsasında onun qardaşı oğlu Sabir Vəliyevə veriblər: "Sabir Vəliyev məhsulu Əli adlı Biləsuvar sakininə nağd pula satsa da, bizim borcumuzu indiyə qədər ödəməyib. Malı almış Biləsuvar sakini bizə bildirdi ki, Sabir Vəliyevdən təkcə bu mövsümdə 700.000 manatlıq məhsul alıb".

Şikayətçilərin sözlərinə görə, icra başçısının birinci müavini şəxsən xurmanı yığıb qardaşı oğluna verməyi tapşırsa da, indi dediyini danır və Sabir Vəliyevlə şərik olmadığını deyir: "İkram Vəliyev meyvə tədarükü üçün Göyçay rayon Qarabaqqal kəndində özünə böyük bir anbar alıb. O, qardaşı oğlu ilə əlbir olub satdığı xurmaya görə Kərimov İlyas Baxış oğluna 7950 manat, Səmədov Saleh Yaqub oğluna 4350 manat, Əmrahov Rəhman Qədir oğluna 1000 manat, Şıxəliyev Aqil İxtiyar oğluna 4500 manat, Şıxəliyev Elçin İnqilab oğluna 3700 manat ödəməlidir. Biz kasıb, işsiz kəndliyik, gözümüzü bu məhsulu satıb əldə edəcəyimiz pula dikmişdik. O vəsait ailəmizin acından ölməməyə çatacaq illik ruzisidir. Hazırda İkram Vəliyev və onun qardaşı oğlu Sabir Vəliyevin dələduzluğuna görə aclığa məhkum olmuşuq".

Şikayətçilər onu da bildirirlər ki, Sabir Vəliyevin atası Rafael Vəliyev Ləkçıplaq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir: "İcra başçısının müavininə və qardaşı oğluna kiminsə bir manat borcu ola bilməz. Bir dəfə onlara borcu olan Potu kənd sakininin evini və avtomobilini pul əvəzinə əlindən alıblar. Biz çıxılmaz vəziyyətdə qalmışıq, üzləşdiyimiz haqsızlığa görə aclıq aksiyasına başlamağa qərar vermişik".
Göyçay sakinləri problemi media vasitəsi ilə ictimailəşdirib ölkə rəhbərliyindən və hüquq-mühafizə orqanlarından yardım istəyir və adı keçən şəxslərin cəzalandırılmasını xahiş edirlər.
“AzPolitika.info” qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.
"AzPolitika.info"

Şərhlər
nİYƏ DOĞRUSUNU DEMİRSİNİZ? mÜAVİN NƏ KARƏDİR Kİ, ÖZBAŞINA CAMAATI İNCİTAİN.o SADƏCƏ BAŞÇININ DEDİKLƏRİNİ VƏ İSTƏDİKLƏRİNİ ETMƏYƏ MƏCMUR OLAN VƏ BUNDAN DA TƏYİN EDİLMİŞ FAİZLƏ RÜŞVƏT BÖLÜŞƏNDİR.hÖRMƏTLİ GÖYÇAYLILAR NİYƏ QORXUB.ÜNVANI SƏHV GÖSTƏRİRSİNİZ? bELƏ OLMASAYDI BİRİNCİ MÜAVİN BİR GÜN DƏ VƏZİFƏDƏ QALMAZ!