Qərbdə on milyardlarla dollar kapitalı, daşınmaz əmlakı, biznesi olan Rusiya oliqarxlarına qarşı tədbirlər davam edir. ABŞ hökumətinin yaratdığı araşdırma qrupu Avropa hüquq mühafizə orqanları ilə fəal işbirliyi qurub. Bu qrupa Avstraliya, Britaniya, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Avropa Komissiyası daxildir. Qrup hazırda 50 nəfəri müşahidə altında saxlayır.
Nəticədə köhnə qitədəki rus oliqarxiyasına məxsus mal varlığına son qoyulur. Onların banklardakı milyardlarla vəsaiti dondurulub, dəbdəbəli yaxtaları, malikanələri ələ keçirilib. Özləri və ailə üzvləri viza qadağaları, biznes strukturları ağır iqtisadi sanksiyalarla üzləşən maqnatların cəmi 3 həftədə itirdikləri vəsaitin həcmi yüz milyardlarla dollarla ölçülür.
Bu günlərdə İtaliyanın maliyyə qvardiyası Rusiyanın "Severstal" metallurguiya şirkətinin əsas sahibi və direktorlar şurasının sədri Aleksey Mordaşovun daşınmaz əmlakını həbs edib.
Mordaşovun adı Avropa İttifaqının sanksiya qoyduğu milyarderlər sırasındadır. Söhbət Sardiniya adasındakı Olbiya şəhərində dəyəri 105 milyon avro olan yaşayış kompleksindən gedir.
Xatırladaq ki, İtaliya hökuməti martın 5-də Mordaşovun yaxtasını həbs edib. Uzunluğu 65 metr olan bu yaxtanın qiyməti 65 milyon avrodur. "Reuters" agentliyi yazır ki, dəyirman fəhləsinin oğlu, 65 yaşlı Mordaşov Rusiyanın ən varlı adamlarından biri sayılır. Onun sərvətinin 29.1 milyard dollar olduğu təxmin edilir.

Bu arada Almaniyada "Tui" şirkətində son günlər baş vermiş pul transferləri araşdırılır. İngiltərə mətbuatının yazdığına görə bu şirkətdə ən böyük səhm sahibi də elə həmin Aleksey Mordaşovdur. Mordaşov sanksiyalarla üzləşdikdən sonra bu şirkətdəki payını arvadı Marina Mordaşovanın nəzarətində olan şirkətə köçürüb.
Dünyanın ən böyük turizm şirkəti olan "Tui" rəhbərliyinə məlumat verilib ki, pulun köçürüldüyü "Ondero Ltd" şirkəti oliqarxın arvadına məxsusdur. Marina Mordaşova ərinin "Unifirm Ltd" şirkətindəki səhm payını alıb. Bu şirkət "Tui" şirkətinin iki əsas səhmdarından biridir.
"Refinitiv" data saytı yazır ki, Mordaşovlar ailəsinin Tui şirkətindəki 34 faiz səhm payının dəyəri 1.5 milyard avrodur.
Britaniya mətbuatı xəbər verir ki, keçmiş DTK agentinə və Rusiya prezidenti Vladimir Putinin köhnə tanışına məxsus 68 metrlik dəbdəbəli yaxta Norveç limanlarından birində ilişib qalıb. Buna səbəb yerli hakimiyyətin yaxtaya yanacaq doldurmaqdan imtina etməsidir.
"Ragnar" adlı bu yaxtanın sahibi Vladimir Strjalkovskidir. Kiçik Narvik limanındakı Norveç yanacaqdolduranları yaxtanın heyətinə “burdan üz get” komandası veriblər. Norveçlilər bildiriblər ki, onların bu yaxtaya onun Rusiya prezidenti ilə bağlılığına görə vurulası yanacaqları yoxdur.
"The Guardian" qəzetiyazır ki, Strjalkovski öz sərvətini Norilsk Nikel şirkətinin rəhbəri kimi əldə edib. O Avropa İttifaqının sanskiya siyahısında yoxdur və əslində Norveçin özü də Avropa İttifaqı ölkəsi deyil. Buna baxmayaraq Avropa İqtisadi Zonasına daxil Norveçlə Avropa İttifaqı arasında bir sıra hüqüqi müqavilələr imzalanıb. Norveç hökuməti bildirib ki, bu yaxta ona yalnız Aİ sanksiya qoyarsa müsadirə oluna bilər.
ABŞ Rusiya elitasının Qərbdəki sərvətininin axtarışı və həbsi üçün xüsusi qrup yaradıb.
Elçin
"AzPolitika.info"


Şərhlər