Müxalifət fəallarından olan Fuad Qəhrəmanlı “Osmanqızı TV”-də Azərbaycan Ordusunun Fərrux kəndi istiqamətindəki uğurlu əməliyyatını tənqid edərək, bunun guya Azərbaycanın maraqlarına uyğun olmadığını iddia edib: “Bir təpəyə(Fərrux yüksəkliyi nəzərdə tutulur – red.) görə Azərbaycan hansı qınaqları üstünə götürdü, öhdəlikləri pozmuş kimi göründü. Bütünlükdə Azərbaycanın təcavüzkar imici formalaşdırıldı. Buna imkan verməmək lazım idi”.

Əslində, bu deyilənlərin hansısa ciddi tənqidə, ümumiyyətlə şərhə ehtiyacı olmayan bir yanaşma kimi qiymətləndirərək, üzərindən keçmək olar. Lakin mövzu Qarabağ mövzusu olduğundan bu müxalifət fəalının həmin fikirlərinin “bir təpədən” də aşağı olan siyasi düşüncə və dünyagörüşündən, siyasi reallıqları və Azərbaycanın geopolitik maraqlarını anlamamaqdan, doğru-düzgün qiymətləndirməməkdən irəli gəldiyini qeyd etməmək olmur.

Məntiq, soyuq düşüncə, ən əsası isə Azərbaycanın milli maraqları deyir ki, ordumuzun Fərrux istiqamətindəki əməliyyatı və ardınca iki dəfə Rusiya Müdafiə Nazirliyinə verilmiş obyektiv və kəskin cavablar ölkəmizin nüfuz və müqavimət baxımından irəli atdığı böyük bir addımdır.

Fərrux dağı isə sırf cografi yerləşməsinə görə sadəcə əhəmiyyətli hərbi mövqe olmaqdan daha çox, Azərbaycanın öz suveren ərazisində mütləq söz sahibi olmaq ixtiyarını daşıyan yeganə dövlət və iradə olmasının ifadəsidir! Bunu anlamaq çoxmu çətindir görəsən?

Əslində, özünü milli maraqların təəssübkeşi kimi təqdim edən və “demokratik düşərgə” adlandırılan siyasi qüvvə Azərbaycan tərəfinin bu cəsarətli addımına sevinməli və bunu dəstəkləməli idi.

Bəli, nə Qərb, nə də Rusiya Azərbaycanın uğurlarına sevinmir, bizi haqsız tərəf kimi təqdim etmək üçün bəhanə axtarır. Lakin Azərbaycan hər iki qüvvəyə Qarabağın bizim suveren ərazimiz, Azərbaycanınsa öz torpağında yeganə söz sahibi olduğunu göstərməlidir və göstərir də.

10 noyabr sazişindəki erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması tələbi kobud şəkildə Rusiya və Ermənistan tərəfindən pozulduğu halda, Azərbaycan Ordusunun öz ərazisindəki yerdəyişməsi nədən bu sazişin pozulması kimi qələmə verilməli və bu prosesə özünü müxalifət adlandıranlar da qoşulmalıdır?

Zatən, hər zaman hakimiyyəti avtoritar Rusiya rejimi ilə yaxınlıqda  günahlandıran bir siyasi qüvvəni Bakının Qarabağdakı rus hərbi kontingentinə öz yerini göstərməsi nədən məyus etməlidir axı?

Bunu edənlər anlamalıdırlar ki, “bir təpəyə görə Azərbaycanın təcavüzkar imici formalaşdırıldı” kimi yanaşmalar olduqca ziyanlıdır və bu, “sülhməramlılar”ın, eləcə də deputat Mixail Delyagin kimi Azərbaycan düşmənlərinin iddialarını, hədə-qorxularını dəstəkləyir və onları legitimləşdirməyə xidmət edir. Bu, belələrilə eyni mövqedən çıxış etmək deməkdir!

Bəli, hakimiyyəti tənqid edəcək kifayət qədər daxili məsələlər, problemlər var. Bunun qarşılığında öz siyasi maraqları naminə ölkəmiz, dövlətimiz üçün həyati strateji əhəmiyyət kəsb edən Qarabağ mövzusu üzərindən ucuz siyasi oyunlar qurmaq isə nə müxalifliyə, nə də azərbaycanlılığa yaraşan yanaşma, davranış deyil.

Rasim Əliyev

“AzPolitika.info”