"Siyasi partiyalar haqqında" Qanuna görə, siyasi partiyalar hər il, ən geci, aprelin 1-də auditor rəyi ilə birlikdə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK-ya) təqdim etməlidir.
"AzPolitika.info" "Azadlıq radiosuna istinadən xəbər verir ki, dövlət qeydiyyatına alınan 58 siyasi partiyadan 39-unun ötən il üzrə maliyyə hesabatı MSK-nın saytında yerləşdirilib. 19 siyasi partiya isə maliyyə hesabatını vaxtında təqdim etməyib.
Bu il də hakim Yeni Azərbaycan Partiyasının (YAP) ilboyu gəlirlərinin həcmi hesabat təqdim edən digər bütün partiyaların toplam gəlirindən yüksəkdir. 2021-ci ildə iqtidar partiyasının toplam gəliri 13 milyon 156 min manat olub. Bu, ötən illə müqayisədə 1 milyon manata yaxın artım deməkdir. Partiya gəlirlərinin 84 faizi, yəni 11 milyon manatı üzvlük haqları hesabına formalaşıb. Partiyanın ötən il dövlət büdcəsindən əldə etdiyi vəsaitin həcmi isə 1 milyon 888 min manat həcmində olub.
2021-ci ildə partiyanın toplam xərclərinin həcmi 10 milyon 649 min manat olub. Bu vəsaitin 90 faizə yaxını, yəni 9 milyon 195 min manatı siyasi partiyanın saxlanmasına və informasiya təminatına sərf edilib. Bu istiqamətdəki xərclər 2020-ci illə müqayisədə 2 milyon manata yaxın artıb.
YAP-dan sonra parlamentdə ən çox üzvlə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 2021-ci ildəki toplam gəlirlərinin həcmi cəmi 256 min manat olub. Bu, hakim partiyanın gəlirlərindən 51 dəfə az göstəricidir. Onu da nəzərə almaq lazımdır ki, VHP-nin gəlirlərinin 100 faizi dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşıb. Yəni partiyanın dövlət büdcəsindən başqa heç bir gəliri olmayıb.
Parlamentdə bir deputatla təmsil olunan Respublikaçı Alternativ (REAL) Partiyasının 2021-ci ildəki toplam gəliri 206 min 328 manat olub. Partiya ötən il dövlət büdcəsindən 206 min 283 manat alıb. Daha 45 manat partiyanın büdcəsinə ianə edilib. Ötən il partiyanın toplam xərcləri 179 min 316 manat olub. Həmin vəsaitin 73 min manatı partiyanın saxlanmasına, 337 manatı ictimaiyyətlə əlaqələrə, 16 min manatı alt təşkilatlara sərf edilib. Partiya yekunda ili 27 min manat mənfəətlə başa vurub.
Müsavat Partiyasının 2021-ci ildəki toplam gəliri 5 min 100 manat olub. Partiya həmin vəsaitin 4 min 300 manatını üzvlük haqqı, 800 manatını isə ianələr şəklində əldə edib.
Hesabatını açıqlayan və parlamentdə təmsil olunmayan digər partiyalar il ərzində ya, ümumiyyətlə, heç bir gəlir əldə etməyib, ya da ən yaxşı halda bir neçə min manatlıq büdcəyə sahib olub.


Şərhlər