“Ötən gün “Azəriqaz” QSC-nin işçiləri ofisdən kənar ərazidə kombi sistemi quraşdırdığımız üçün, qaz sayğacını sökdülər və binaya qaz verilişini dayandırdılar.
“Azəriqaz”-ın işçiləri bildirdilər ki, bu yaxınlarda paytaxtdakı gecə klublarından birində baş vermiş partlayışa görə rəhbərlik tərəfindən onlara bu cür istilik sistemlərinin quraşdırıldığı ofislərə qaz verilişinin dayandırılması tapşırığı verilib”.
Bunu “AzPolitika.info”-ya müraciətində Nizami rayonu Şərifli küçəsi 25 ünvanında çalışan Əlizadə Rəşad Cəfər oğlu bildirib.
Şikayətçi bir neçə ildir qeyd olunan ünvanda yerləşən ofisini qızdırmaq üçün kombi sistemindən istifadə etdiyini, hətta bu yaxınlarda “Azəriqaz” tərəfindən yeni qaz sayğacının quraşdırıldığını deyir: “Uzun müddətdir ki, “Azəriqaz” tərəfindən ofisə qaz xətti çəkilib və sayğac quraşdırılıb. İllərdir ki, ofisdən kənarda yerləşən obyektdə quraşdırdığımız kombi vasitəsilə istiliyə olan təlabatımızı ödəyirik.
Ancaq bu yaxınlarda baş vermiş bədbəxt hadisədən sonra “Azəriqaz” quraşdırdığı sayğacı sökərək, ofisə qaz verilişini dayandırıb. Bu adamlar anlamırlar ki, ofislərə qaz verilişi dayandırılırsa, insanlar da məcburi qaydada propan qazından istifadəyə yönəlirlər. Bu binalar hər halda hansısa yolla qızdırılmalıdır, ya yox? Çalışdığımız ofis yaşayış binasından bir neçə metr aralıda yerləşir. Kombi sisteminin quraşdırıldığı obyekt də ofisdən bir neçə metr aralıda, açıq ərazidə yerləşir. Ancaq “Azəriqaz”-ın işçiləri artıq bu cür quraşdırmalara icazə verilmədiyini deyərək, sayğacı sökdülər və binaya qaz verilişini dayandırdılar. Hal-hazırda ofisdə istilik yoxdur”.

“Azəriqaz” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “AzPolitika.info”-ya açıqlamasında bildirdi ki, istilik sistemləri, eləcə də kombilər binadan kənarda quraşdırılıbsa, bu zaman qazlaşma qanuni hesab olunur: “Əgər həmin əraziyə çəkilən qaz xətti kustar üsulla çəkilibsə, sayğacın sökülməsi və qaz verilişinin dayandırılması mümkündür. Ola bilsin ki, qeyd olunan ünvanda qaz xətti kustar üsulla çəkildiyinə görə, abonentin sayğacı sökülüb”.

“Azəriqaz” QSC-nin məlumat mərkəzindən isə “AzPolitika.info”-ya bildirildi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu yaxınlarda keçirilən müşavirə zamanı qərara alınıb ki, yaşayış binalarının birinci mərtəbələrində, zirzəmilərdə və binalara bitişik olan obyektlərdə qaz verilişi dayandırılsın: “Hazırda müvafiq qurumlar tərəfindən ofislərə texniki baxış keçirilir və yoxlamalar aparılır. Ofislərdə qanunsuz hallar aşkarlandıqda isə qaz verilişi dayandırılır. Əgər sözügedən ofisdə təhlükəsizlik qaydalarına əməl edilibsə, bu zaman abonentin sayğacı yenidən quraşdırılacaq və qaz verilişi bərpa olunacaq. Bunun üçün komissiya təşkil olunacaq və ofisə baxış keçirildikdən sonra qanunauyğun qərar qəbul ediləcək”.
“AzPolitika.info”

Şərhlər