Menu

“Azərbaycan iqtisadiyyatı 100 ildə” - Akademik Ziyad Səmədzadənin beşcildliyinin təqdimatı oldu + FOTOLAR

24.05.2022, 17:13
“Azərbaycan iqtisadiyyatı 100 ildə” - Akademik Ziyad Səmədzadənin beşcildliyinin təqdimatı oldu + FOTOLAR

Mayın 24-də Bakı Biznes Mərkəzində akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə moderatorluq edən UNEC-in rektoru professor Ədalət Muradov “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyini Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə adlandırıb, yeni nəşrin əhəmiyyətindən, özəlliklərindən söz açıb.

Professor bildirib ki, müəllifin uzun illik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və qrafik yer alıb. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli iş aparıb. Beşçildlikdən əlavə mündəricat da nəşr edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, beşcildliyinin ərsəyə gəlməsində əsas məqsəd ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub. 2001-ci il dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə Ümummilli Liderimiz diqqəti bir daha bu məsələyə cəlb etdi. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən ulu öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşıya qoyduğu məqsəd və vəzifələr ən vacib metodoloji baza kimi götürülüb.

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Hicran Hüseynova, Xalq yazıçısı Çingiz Abdullayev, professorlar Qorxmaz İmanov və Məhiş Əhmədov, iqtisad elmləri doktoru Qüdrət Kərimov və digər çıxış edənlər “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, kitabı müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndiriblər. 

Bildirilib ki, dəyərli elm adamı, iqtisadçı kimi Ziyad Səmədzadənin təqdim etdiyi, nəzərdən keçirdiyi 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edəcək.

Bildirilib ki, kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə - müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilib. İkinci cilddə XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. 

Kitabın III və IV cildlərində müstəqillik illərində respublikamızda yeni iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Oxucu SSRİ-nin dağılması ərəfəsində və ölkəmizin ilk müstəqillik illərində iqtisadi vəziyyətin nə dərəcədə ağır olması barədə kifayət qədər məlumatlar, sənədlərlə tanış olur.

Nəşrin IV cildində bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər - istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demoqrafik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, iqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.

Qeyd edilib ki, müəllif kitabın beşinci cildini Qarabağ mövzusuna həsr edib. Bu cilddə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin tariximizdəki rolu kontekstindən nəzərdən keçirilir. Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi işinə böyük töhfədir. Çünki beşcildlikdə bütün bunlarla bağlı zəngin materiallar var.

Sonda qeyd edək ki, Azərbaycan iqtisadiyyatına və iqtisadi tarixinə dair sanballı tədqiqatların müəllifi olan akademik Ziyad Səmədzadənin çoxillik elmi-iqtisadi yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir.

Azərbaycan iqtisadiyyatının son 100 illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respub­likamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer veril­mişdir. Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiya­lar, müqayisələr oxucuya 400-dən artıq müvafiq cədvəl və qrafiklərin müşayiəti ilə təqdim edilmişdir. Bütövlükdə, nəşrdə 1000-dən artıq mənbəyə istinad olunmuşdur.Yeni nəşrin hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli elmi iş aparmışdır.

Kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə – müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilmişdir. I cilddə ilk müstəqil respublikamız olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli iqtisadiyyatımızın əsas istiqamətlərindən, II Dünya müharibəsinə qədərki dövrdə xalq təsərrüfatının inkişafında əsas meyillərdən bəhs olunur. Bu cildlə Azərbaycanın iqtisadiyyatının və re­surslarının, o cümlədən Bakı neftinin faşizm üzərindəki qələbədə oynadığı rol dolğunluğu ilə oxuculara çatdırılır.

II cilddə XX əsrin ikinci yarı­sında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyya­tının maddi-texniki bazasının yara­dılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. Müəllif qeyd edir ki, həmin dövrdə Azərbaycan ittifaqın tərkibində özünün inkişaf yollarını müstəqil təyin etmək üçün kifayət qədər hüquq­lara malik deyildi. Lakin 1969-cu ilin yayında respublikaya enerjili və məqsədə doğru inamla addımla­yan lider Heydər Əliyevin gəlişi ilə bu istiqamətdə çox şeylər dəyişdi, respublikanın sürətli inkişafını təmin etmək məqsədilə yeni, qeyri-standart ideyalar həyata keçirildi. Nəticədə– 1970–1985-ci illərdə respublika iqtisadiyyatının inkişaf və səmərəlilik göstəriciləri, onun yüksək dinamizmi orta ittifaq göstəricilərini xeyli üstələdi. Azərbaycan sosial-iqtisadi inkişafın sürətinə görə, Sovetlər İttifaqında birinci yerə yüksəldi.

Kitabın III və IV cildlərdə müstəqillik illərində respublikamızda modern iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mü­hitinin formalaşması, Azərbaycan iqti­sadiyyatının davamlı və keyfiyyətli in­kişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Bu cildlərdə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993–2003-cü illərdə respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır, davamlı iqtisadi-sosi­al inkişafın fundamental əsaslarının yaradılması məsələlərindən bəhs olunur.

IV cilddə bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003–2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisa­diyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.

Müəllif kitabın V cildini Qarabağ zəfərinə və bölgənin iqtisadi tarixinə və potensialına, bərpası və gələcək inkişafı mövzusuna həsr etmişdir. Bu cilddə müstəqillik illərində tor­paqlarımızın azad edilməsi ilə bağlı aparılan sülh danışıqları, bununla bağlı Heydər Əliyevin və Prezi­dent İlham Əliyevin siyasi uğurları, Ermənistanın bütün siyasi platforma­larda diplomatik küncə sıxışdırılması, Vətən müharibəsində qazanılmış şanlı Zəfərimiz əsas diqqət yetirilən məsələlərdir. Müəllif işğaldan azad olunan ərazilərimizin son 100 ildə iqtisadi və demoqrafik inkişafı məsələlərinə, onların potensialının Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfələrə nəzər salmışdır.

Bu cildin əhatə etdiyi aktual məsələlər Vətən müharibəsindəki Qələbə kontekstində təhlil olunur. Bil­dirilir ki, Azərbaycanın güclənməsi və xalqımızın tarixi zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, dövlət başçısının həyata keçirdiyi iqtisadi in­kişaf siyasətinin nəticəsində mümkün olmuşdur. Bu müharibə Azərbaycanın XX əsrdə, müxtəlif şəraitlərdə yaşadı­ğı dövrün parlaq səhifəsidir. Qarşıda isə xalqımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keç­miş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü gözləyir.

Bütövlükdə, bu kitab Azərbaycanın nə az nə çox – düz 100 illik tarixi inkişaf yolunun iqtisadi tərəfinə işıq salır. Müəllif çalışmışdır ki, oxucu son 100 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında mak­simum həcmli və obyektiv informa­siya alsın, bu və ya digər dərəcədə inkişafın parametrlərini və strukturunu müəyyən edən meyilləri və amilləri qiymətləndirmək imkanı əldə etsin. İqtisadi beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol