Bizi maqazin xəbərlərinə fikir verməkdə, belə mövzulara baş qoşmaqda qınamayın. Kimsənin şəxsi həyatı, münasibətləri qətiyyən maraqlı deyil və müzakirə mövzusu ola bilməz. Sadəcə, Azərbaycanda hansısa siyasətçinin, məmurun, deputatın şou əhli ilə şəxsi münasibətlərinin, izdivaclarının olmasına dair xəbərlər nadir hallarda işıq üzü görür və geniş rezonans doğurur ki, bu da mentalitetə, cəmiyyətdəki münasibətlər sisteminin səviyyəsinə və s. bağlı məsələdir.
Ancaq son günlər ayrı-ayrı saytlarda, sosial şəbəkələrdə Pərvin Abıyeva adlı aktrisa ilə Cavid Osmanov adlı deputat arasında guya hansısa izdivac, münasibət və s. olduğu barədə məlumatlara sözügedən deputatın reaksiyası istər-istəməz diqqətimizi cəlb etdi.
Həmin bu deputat özü barədə, haqq-nahaqq, yayılmış dedi-qoduya münasibət bildirərkən, deyib: “Bunlar Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır.Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir. Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım həmin adamları bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam...”
Məlumat üçün qeyd edək ki, həmin bu deputat ardıcıl iki dəfə Ağdaşdan deputat olub və ən əsası odur ki, parlamentdə nisbətən cavan nəslin nümayəndəsi sayılır.
Yəni, məntiqlə adam daha müasir dünyagörüşünə, təfəkkürə, hadisələrə adekvat münasibətə malik olmalıdır. Ancaq göründüyü kimi, bunun tam əksinə olaraq, barəsində yayılan şayiələrə olduqca absurd, primitiv, hətta tragikomik formada münasibət bildirir.

Onun sözündən belə çıxır ki, hansısa müxalif siyasi qüvvə “ölkəni qarışdırmaq üçün”(!) onunla sözügedən aktrisa barədə bu cür şayiələr yayır. Az qala belə təsəvvür yaranır ki, hörmətli Cavid bəy barədə bu “həyəcanlı xəbərlər” yayılır-yayılmaz ölkədə təxribatlar törədilə, yüzminlərlə insan küçələrə axışa, qarşıdurmalar, iğtişaşlar təşkil edilə, qan tökülə bilər.
Sanki Osmanov bu hakimiyyətin açar ismi, əsas aparıcı fiquru, böyük nüfuz və güc sahibidir, xain qüvvələr isə onunla heç cür bacarmadığından, barəsində bu cür məxfi əməliyyat hazırlayıblar, sözügedən aktrisa isə onların agenti – az qala Mata Xaridir...
Bu deputata deyən lazımdır ki, ay rəhmətliyin oğlu, bu ölkədə sizdən həm fiziki çəkisi, həm vəzifə, həm imkan sarıdan qat-qat ağır olan Oqtay Əsədov kimi parlament sədrinin Rusiyada striptiz-klub saxladığı rəsmi sənədlərlə sübuta yetirildi.
Şeyxülislamın hansısa avropalı xanımla şərikli hotel biznesilə bağlı faktlar dərc edildi.
Yaxud, MTN nazirinin “banda” yaratdığı və onların da başına torba keçirib oğurlatmadığı, soymadığı iş adamı qalmadığı məhkəmələrdə sübuta yetirildi və sair və ilaxır.
Vaxtaşırı belə məlumatları, faktları mətbuatdan oxuyub, eşidib “feyziyab” olan camaat üçün indi bir deputatla hansısa aktrisanın guya yaşadığı izdivac barədə yalan-palan xəbərlər nə mənədir ki, bu ölkədə qarışıqlıq salsın?
Bir sıravi deputatın bu cür gülünc iddia ilə çıxış etməsi özündən razılıq, müştəbehlik, reallıq hissinin itirilməsi deyil də, nədir?
Yeri gəlmişkən, sorğu keçirən olsa, məlum olar ki, Azərbaycanda pis-yaxşı, hər halda akstisa, şou-biznes nümayəndəsi və s. sayılan Pərvin Abıyevanı tanıyanların sayı həmin bu deputatı tanıyanların sayından yüz, hətta min dəfələrlə çoxdur. Məntiqlə, bəlkə də Ağdaşda belə düz-əməlli tanınmayan millət vəkili məlum şayiəni yayanlara və Abıyevaya reklam üçün minnətdar olmalıdır...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu yazının müəllifinə- mata xarini haradan eşələyib tapmısan?onu burada heç 3 nəfər tanımır,19cu əsrdən misal gətirisən, amma bu gözəl aktrisanı milyonlar tanıyır, cartdax şəkildə yazılmış yazıdır, həm də, kimə nə dəxli var kim kiminlə nə əlagədədir?
Маська станокдуя)
Təfəkkurunə quzu kesim deputat
Hörmətli Cəlal bəy! Dövlətçiliyə sədaqətli olduğunu göstərmək istəyən və bununla karyera qazanan,özlərini dev aynada görən belə insanlar əslində dövlətin imicinə ziyan vururlar.Qorxmasalar Qarabağı mən aldım deyərlər.Həmişəki kimi cəsarətli və obyektiv yazınıza görə təşəkkür edirəm.Haqq yolundan heç vaxt dönmə!
Bu oğlan deputatı kim tanıyır ki? Pərvinin hesabına tanınar, imşəAllah.
Təqsir bunda yox,bunu Ağdaşa deputat kimi sırıyanlardadır.Bu adamın Bikipediyasını oxusanız görərsiniz ki bu kimdir.Bu adam işə girəndən sonra ali təhsil alıb İdarə etmə akademiyasında .Birinci ali təhsil diplomunu Misirdən alıb,çox maraqlıdır ərəb dilini bilməyən Misirdə necə oxuyub.Misirdən aldığı diplomun saxta olduğunu bildiyi üçün Bikipediyasını yazmayıb. Hərbi xidmətdə olmadığı halda tez tez vətənpərvərlikdən danışır. Ağdaşda hamı bunun vəzifəyə necə gəldiyini hamı yaxşı bilir....
Hörmətli Mübariz! Belələrini axtarmağa ehtiyac yoxdur. Bunlar yüzlərlə yox, minlərlədir.
Aaaa!Elə danışır ki,elə bil 37-ci ildi,Sultan Məcid Əfəndiyevə Ayna Sultanovayla nə əlaqəsi olub olmadığını soruşurlar.A balam,bizə nə kim kiminlə dingildəşir,kim kiminlə cüngüldəşir.Millətin heç sən adda vəkili olduğu yadına gəlmir,kimin nəyinə lazımsan?Sənin hələ minnətin olsun ki,belə gözəl xanıma yaraşdırıb səni bu ac-yalavac qara camaat.Ay xanım,əşi sən də bir dayan görək ee,”a” hərfinə ad qurtarıb,keç “b” hərfinə.Nə hərif?Hərif kimdü?Aaaz səninlə döyüləm,burda biri var,fıstırinkə.
Bu ölkədə kimin...........çıxsa Milli Şuranı günahlandırır.Rəzalət!
Məşədi İbadın nəyi və harası Rüstham bəyin xoşuna gəlib ki... Məncə Gülnaz elə iş tutmaz
Yerlidiler
Sağ ol ,yazıya görə . Belələrini haradan ,kimlər ,necə tapıb bu millətin başına gətirirlər ? görəsən orada( bir-ikisini çıxmaq şərti ilə ) ağıllı adam var ? Biri gilas istəyir , biri arxadan sığal çəkir ,biri internetdə öz intim vidiosu ilə gündəmə gəlir və s. hamısını da milli şura çəkib paylaşır , geri zəkalılar