Rusiyanın Ukraynaya hücumu fonunda Qafqazda geosiyasi güc balansı dəyişir. Bəzi erməni təhlilçilərin fikrincə, 12-14 sentyabrda baş verən hərbi toqquşmalar Rusiyanın Ermənistanın köməyinə gəlib-gəlməyəcəyini yoxlamaq üçün bir test idi. Son hadisələr həqiqətən də Ermənistanın nə qədər zəif olduğunu hər iki tərəfə nümayiş etdirdi.
Ermənistanda Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan deyir ki, baş verənlər sadəcə Ermənistana qarşı deyildi: "Bu hücumlar Rusiyanın maraqlarına meydan oxumaqdır”.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu Yorkda Dövlət katibi Entoni Blinkenlə görüşüb sülh danışıqlarını müzakirə ediblər.
2020-ci ildə atəşkəs Rusiyanın vasitəçiliyi ilə əldə olunmuşdusa, hazırda iki ölkə arasında dialoqu təmin etmək üçün ABŞ və Aİ, xüsusən də Avropa Dövlət və Hökumət Başçıları Şurasının Prezidenti Şarl Mişel daha çox təşəbbüs göstərir. "Müharibədə heç kim köməyimizə gəlmədi. İndi insanlar soruşur ki, Rusiya nəyimizə lazımdır... Bu, Azərbaycan üçün yaxşı məqamdır. ABŞ, Britaniya və İranın başları qarışıqdır”, - bunu isə İrəvanda yerləşən “Qafqaz İnstitutu” adlı beyin mərkəzinin təhlilçisi Aleksandr İsgəndəryan deyib. O bildirir ki, Azərbaycanın "məcburedici diplomatiyası" Ermənistanı çətin durumda qoyur: Yəni, ya tələblərimizlə razılaş, ya da yeni hücumlarla üzləş.

"Həm Rusiya, həm də Aİ-nin münaqişənin həlli, o cümlədən Qarabağın gələcək statusu ilə bağlı sülh sazişləri hazırladığı bildirilir. Zəif Ermənistanın indiki durumda bu danışıqlara hansı rıçaqlarla qatılacağı aydın deyil. Azərbaycanın tələblərinə – mövcud atəşkəsin sülh sazişi ilə əvəz edilməsi və Zəngəzur dəhlizinin açılması şərtlərinə razılaşmaq Ermənistanda əhali tərəfindən müsbət qarşılanmayacaq", - o vurğulayır.
"Hal-hazırda özümüzü kiçik və düşmənlər arasında sıxışdırılmış hiss edirik. Türkiyə ilə sərhədlərimiz bağlıdır, Azərbaycanla isə müharibədəyik”. Bunu isə erməni jurnalist Tatev Hovhannisyan deyir. İrəvanda yerləşən Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin təsisçi direktoru Benyamin Poğosyan isə bildirir ki, KTMT-nin adət halını almış fəaliyyətsizliyinə rəğmən Ermənistanın bu qurumdan rəsmən çıxması ehtimalı çox aşağıdır. "KTMT-ni tərk etmək Rusiya tərəfindən düşmənçilik hərəkəti kimi qəbul olunardı. İran da bunu qərbyönlü jest kimi görərdi. Nəticədə, Ermənistanın yeganə dost qonşusu da ondan təcrid olunardı”, – o deyir.
Erməni siyasi təhlilçi Tiqran Qriqoryan isə deyir ki, KTMT-nin yanvarda Qazaxıstan rəhbərliyinə kömək üçün bu ölkəyə ordu göndərməsi, ancaq Ermənistana yardım etməməsi faktı erməniləri daha çox qəzəbləndirməyə başlayıb: "KTMT-nin bütün üzvləri Qazaxıstana ordu göndərdi. Putinsə bu addımı regionda “rəngli inqilabın” qarşısının alınması adlandırdı. Nəzərə alınmalıdır ki, KTMT-nin yalnız xarici hücuma məruz qalan suveren əraziyə kömək etmək öhdəliyi var. Rusiyanın Ermənistanın dadına çatmamasının daha bir səbəbi onun Qərb sanksiyaları fonunda Türkiyə və Azərbaycandan get-gedə daha çox asılı olması ola bilər. Hətta Putinin Ukraynaya hücumundan əvvəl Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında diplomatik və hərbi əməkdaşlığı dərinləşdirən geniş saziş imzalamışdılar. Qərb bunu anlamır. Azərbaycanın Rusiya ilə daha sıx əlaqələri var. Azərbaycan Rusiyanın ondan asılılığını anlayır. Rusiya Azərbaycan və Türkiyə ilə qarşıdurma istəmir. Rusiya Azərbaycanın qarşısını almağa nə qadirdir, nə də bunu istəyir”.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər
Necə deyərlər-Başına gələn, başmaqçı edər! Azərbaycan və bütün azərbaycanlılar 1987ci ildən Miatsum işğalına razı olmadıqlarına görə tarixin ən vəhşi dini erməni-Kreml hərbi soyqırım təhdidindədir? Ədalətli siyasətçilər bu gerçəyi aşkar görürlər! Qərb dövlətləri siyasəti daim iqtisadi qazanc üzərində qururlar! RF üçün R.T.Ərdoğan dövründən ən önəmli tərəfdaş Türkiyədir!
Son vaxtlar Azpolitikanın saytında bir-birindən maraqlı təhlillər, analizlər aparılır. Bu yazılar adını politoloq qoyan bir çox cənablardan fərqli olaraq real, dəqiq, ağlabatan şərhlər verirlər. Hazırki yazı da istisna deyil. Alkoqolik Boris Yeltsin hakimiyyətdə olanda sözün açığı bu başıpozuğun nə vaxt sonu gələcəyini düşünürdüm, hətta ezamiyyətdə Almaniyada olarkən Rusiyadan olan yüksək vəzifə sahibi olan bir xanımla mübahisəm də olmuşdu. Putin hakimiyyətə gələndə, səmimi deyəcəm, ona böyük ümidim var idi. Lakin sonrakı hadisələr bütün ümidlərimi puç elədi. Nə qədər ağlını itirəsən ki, müstəqil dövlətin ərazisini zəbt edəsən, müharibəni demək olar ki, uduzasan, sonra da onun ərazisini ilhaq edəsən və öz ərazinə qatasan, sonra da onu qanunverici orqanda qanuniləşdirəsən. Özəlləşdirdiyin ərazinin konturları müəyyən deyil, ərazini tam ələ keçirməmisən, müharibə hələ qurtarmayıb, bu nə özbaşınalıqdır? Ehtiyatlanıram ki, Allah uzaq eləsin, vəziyyəti düzələr belə psevdoreferendum Qarabağda keçirilər, rusun qabağına çıxmaq bizə hansı zülmlərə başa gələr? Müxalifətindən, iqtidarından fərqli olaraq hesab edirəm ki, bu gün çox ağıllı, müdrik xarici siyasət aparılır. Nadir rəhbərlər tapılar ki, belə nəhəng rus ayısının qarşısında baş çıxarsın. Sonrakı addımlarımız nədən ibarətdir? Nəyin bahasına olur olsun Xankəndindəki erməni silahlı birləşmələrini həmin ərazidən çıxarmaq. Şuşa şəhərində yüksəkliklərdə iri həcmli kolonkalar quraşdırıb gündə bir neçə dəfə əzan səsləndirmək. Səsi elə gəlsin ki, İrəvanda da eşidilsin. Erməni dilində televiziya kanallarımızda ermənilər üçün müəyyən təbliğat xarakterli verilişlər yayımlamaq. Erməni vətəndaşında Azərbaycanda yaşamaq arzusu yaratmaq. İşğalda azad olmuş ərazilərin bərpasından sonrakı görüntülərini televiziya vasitəsilə yayımlamaq. Heç nədən çəkinmək lazım deyil. Nə cür olur ki, mən öz doğma ərazimdə ermənidən, Paşinyandan icazə almalıyam. Vallah, bəlkə də onlar bizim durumumuza baxıb bizi lağa qoyurlar. Ölkə başçısı gördüyü və görəcəyi işin mahiyyətini dərk edir. Sıravi vətəndaş kimi arzu edərdim bir az ürəkli olaq, qətiyyətli olaq. Bu gün rusun başı özünə qarışıb, başı ayılandan sonra bizim yaman günümüz başlayacaq. İki il bundan öncə bu günkü Qələbəmizi elə içi mən qarışıq heç kim ağlına gətirə bilməzdi, qətiyyətimiz, Ali Baş Komandanımız, əsgərlərimiz bizə bu sevinci yaşatdı. Anlayıram, danışmaq asandır, bu məsələni yaxın zamanlarda cözməsək hələ çox şəhidlər qurban verəcəyik.