Bu gün səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna silah tədarükü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Ukrayna KİV-i xəbər verir ki, ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko silah tədarükünü artırmağı xahiş edib.

"Zəhmət olmasa onlayn olaraq öldürülməyimizi izləməyin. Bu şou deyil. Bu bizim həyatımızdır, milyonlarla həyatdır", - deyə Qerraşenko tvitterdə yazıb.

Anton Qeraşşenko müraciətində dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri xahiş edib: "Zəhmət olmasa qalib gəlməyimizə kömək edin. Bizə sağ qalmağa kömək edin. Gecikmələr insan ölümünə səbəb olur".

Ukrayna Prezidenti Volodimir Zelenski də Kiyevdəki partlayışlardan sonra açıqlama verib.

“Müharibənin 229-cu günündə bizi məhv etməyə və yer üzündən silməyə çalışırlar. Zaporojyedə evlərində yatanları, Dnepr və Kiyevə işləməyə gedənləri öldürdülər”, - deyə o bildirib.

Zelenski partlayışların baş verdiyi ərazilərdən video paylaşıb və insanlardan sığınacaqları tərk etməmələrini istəyib: “Bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı dayanmır. Təəssüf ki, ölən və yaralananlar var. Çox xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və yaxınlarınızı qoruyun”.

Ukrayna Prezident Ofisi Rusiya ilə bağlı beynəlxalq tribunalın yaradılmasını tələb edib.

Bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O qeyd edib ki, Ukrayna şəhərlərinin kütləvi şəkildə hədəf alınması müharibə cinayətidir: “Mümkün cavab Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, Rusiyanın beynəlxalq tribunala çıxarılmasıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib.