Ekspert: "Çavuş adı bizim milli kimliyimizə daha uyğundur və tariximizdəki hərbi strukturlardan gələn bir rütbədir"

Bildiyimiz kimi, hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə çalışan şəxsi heyət arasında vəzifə səlahiyyətləri müəyyənləşdirilərkən bir sıra rütbələrdən istifadə edilir.

Əsasən, XV əsrdə yaranan rütbələr əvvəlcə idarəetmə strukturlarında, sonradan isə hərbi və digər güc strukturlarında istifadə edilməyə başlanılıb. Bu dövrdən günümüzə qədər bir sıra yeni rütbələr yaranıb və bu rütbələr həmin ölkələrin müəyyən etdiyi şəkildə adlandırılıb.

Azərbaycanda isə rütbələrdən istifadə daha çox 20-ci əsrin əvvəlinə və sovet dönəminə təsadüf edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bəzi rütbə adlarında dəyişiklk edilib, milliləşdirmə aparılıb. Məsələn, serjant rütbəsi çavuşla əvəz olunub.

Ancaq maraqlıdır ki, hələ də ölkədə serjant rütbəsindən istifadə edən dövlət orqanı var.

Məsələn, bu barədə “AzPolitika.info”-ya daxil olan müraciətdə qeyd edilir ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları hələ də sovet dönəmində olduğu kimi, serjant rütbəsi ilə təltif olunurlar.

Adının açıqlanmasını istəməyən şəxs saytımıza müraciətində bildirir ki, bizə sovet dönəmini xatırladan serjant rütbəsinin əvəzinə milli kimliyimizə yaxın və türk mənşəli ad olan çavuş rütbəsinin işlədilməsi daha məqbul hesab olunmalıdır.

Məlumat üçün qeyd edək ki, hazırda serjant rütbəsi Daxili İşlər orqanlarında kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilib. Bura - polis kiçik serjantı, tibb xidməti kiçik serjantı, polis serjantı, tibbi xidməti serjantı, polis baş serjantı, tibb xidməti baş serjantı rütbələri aiddir.

Onu da qeyd edək ki, serjant – fransız mənşəli sözdür və elə ilk dəfə məhz Fransada istifadə olunub. Ancaq Azərbaycanda bu rütbədən sovet dövründən sonra istifadə edilməyə başlanılıb.

Bəlkə də məhz buna görə Azərbaycan müstəqillik əldə etdikdən sonra “serjant” rütbəsi türk mənşəli sözlə əvəz olunub. Silahlı Qüvvələrimizdə xidmət edənlərin serjant əvəzinə çavuş adlandırılması qərara alınıb.

Bəs görəsən niyə hələ də DİN strukturunda serjant rütbəsindən istifadə edilir?

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, polis orqanlarında qanunla xüsusi və hərbi rütbələr mövcuddur: “Serjant xüsusi rütbə hesab olunur. Çavuş isə hərbi rütbədir. Polis orqanlarında çalışan əməkdaşlar xüsusi, DİN-in Daxili Qoşunlarında xidmət edənlər isə hərbi rütbələr daşıyırlar”.

Dünya təcürbəsi onu göstərir ki, hər iki rütbədən də geniş istifadə olunur. Məsələn, Rusiya, Gürcüstan, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya, Şri-Lanka kimi ölkələrin güc strukturlarında serjant rütbəsi qalmaqdadır.

Çavuş rütbəsi isə Türkiyə, Kanada, ABŞ və bir çox Avropa ölkələrində istifadə edilir.

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, DİN-də çalışan əməkdaşlara hərbi rütbələr “Xidmət keçmə haqqında Əsasnamə”-yə uyğun verilir: “Bu əsasnamadə xüsusi kateqoriyalarda xidmət edən əməkdaşların adı “serjant” kimi göstərilir. Bildiyimiz kimi, bu əsasnamə Milli Məclis tərəfindən təsdiq edilən bir sənəddir. Ona görə də müvafiq dəyişiklik Milli Məclis tərəfindən hayata keçirilməlidir. Bundan sonra serjant sözü çavuş sözü ilə əvəz edilə bilər”.

Ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin strukturlarında çalışan hərbçilərə rütbələrin verilməsi də “Xidmət keçmə haqqında Əsasnamə”-yə uyğun olaraq aparılır: "Ancaq burada eyni kateqeoriyalı hərbi vəzifəlilərin rütbəsi çavuş olaraq göstərilib. Bu sənədi də Milli Məclis təsdiq edib və bu zaman həmin ad belə qeyd olunub. Mahiyyətcə hər iki rütbə bir-birindən o qədərdə fərqlənmir. Yeganə fərq bu strukturlarda çalışanların vəzifələrinə uyğun aldıqları maaşla bağlıdır.

Əsas maraqlı məqamlardan biri odur ki, Müdafiə Nazirliyinin strukturlarında xidmət keçən kiçik çavuş, çavuş, baş çavuş rütbəli hərbçilər ordudan təxris olunduqdan sonra Daxili İşlər orqranlarında xidmətə qəbul olunarlarsa, onların hərbi biletlərində göstərilən rütbələr DİN orqanlarında müvafiq olaraq, kiçik serjant, serjant və baş serjant rütbələri ilə əvəz edilir. Digər kateqoriyalardakı hərbi rütbələr isə eynilik təşkil edir. Ancaq nədənsə çavuş kateqoriyasında Daxili İşlər Nazirliyi serjant rütbəsinə üstünlük verir”

“Əslində, bu adı dəyişdirmək çox asandır. Bunun üçün sadəcə, Daxili İşlər Nazirliyi vəsatət qadıraraq, bəyan etməlidir ki, bu ad dəyişdirilsin. Bu, səlahiyyətli şəxslər tərəfindən əsaslandırılmalıdır. Çavuş adı bizim milli kimliyimizə daha uyğundur və bizim tariximizdəki hərbi strukturlardan gələn bir rütbədir”,-deyə ekspert bildirib.

Sonda qeyd etmək istərdik ki, hazırda 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra orduda yenilənmə prosesinin getdiyinin şahidi oluruq. Xüsusən də, türk sisteminə keçidin simvolu olan komando birliyinin yaradılması, bunun bariz nümunəsidir. Hər halda, ümid edirik ki, gələcəkdə digər orqanlar da milli kimliyimizə daha yaxın olan adlardan istifadə etməyə üstünlük verəcək...

Elvin Bəyməmmədli

“AzPolitika.info”