Uzun illərdir ölkədə uşaq pullarının verilməsi, sosial ödənişlərin və yardım paketlərinin artırılmasıyla bağlı mətbuatda və ümumilikdə cəmiyyətdə müxtəlif fikirlər sələndirilir, təkliflər verilir, mümkün versiyalar irəli sürülür. 

Əhaliyə ödənilən sosial müavinətlərin məbləğinin artırılması məsələsi, zaman-zaman Milli Məclisdə də müzakirə olunur. Kimisi uşaq pulundan, kimisi də pensiyalardan, sosial ödənişlərdən və s. danışır. Lakin bütün bunları reallığa çevirməyin mənbəyi və yolları barədə hər hansı ciddi, maliyyə-iqtisadi baxımdan əsaslandırılmış konkret təkliflərə demək olar ki, rast gəlinmir...

Milli Məclisin iki gün öncə keçirilən iclasında da bu cür qulağa xoş gələn, amma gerçəkləşməyən təkliflərdən daha biri səsləndirilib. Deputat Tahir Kərimli çıxış edərək bildirib ki, hər yeni doğulan körpəyə 2000 dollar verilməlidir: “Ölkədə yeni doğulan körpələr üçün bank hesabları açılmalıdır. Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub. Onlara hesab açılsın və hesablarına 2000 dollar pul keçirilsin. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollardır. Bizdə isə bu rəqəm cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır”.

Deputat təklif edib ki, kommunal ödənişlərlə bağlı hər ailəyə 200 dollar məbləğində sosial yardım ödənilsin: “Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda 2 milyon 200 minə yaxın ailə var. Hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulsun. Bu da onların kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz”.

Bu fikirlər ilk başda xoş təəssürat yaradır. Lakin bununla yanaşı, istər-istəməz sual yaranır ki, illərdir Milli Məclisdəki buna bənzər yüzlərlə populist çıxışlardan, təkliflərdən indiyə qədər neçəsi gerçəkləşib? Heç biri. Ona görə də hazırda cəmiyyətdə bu cür xoşa gəlmək, xalqdan alqış qoparmaq üçün verilən təkliflər elə də ciddi qəbul olunmur. Hökumətin həyata keçirdiyi buna bənzər kampaniyaların istənilən uğurlu nəticələr verməməsi də bu cür təkliflərə inamsızlıq yaradır. Məsələn, 2020-ci ildə işsizlərə və karantin dövründə işini itirən şəxslərə verilən 190 manatın təyin olunması mexanizmi və əhatə dairəsi heç də qənaətbəxş sayılmadı. Müəyyən olunan bir sıra şərtlərə və uçot bazasaındakı çatışmazlıqlara görə, həqiqətən də yardıma ehtiyacı olan minlərlə aztəminatlı ailə bu sosial paketdən yararlana bilmədi. Əvəzində, maddi durumu yaxşı olanlar, sosial ödənişə ehtiyacı olmayanlar yardımlardan istifadə edə bildilər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd olunur ki, 4 ay davam edən 190 manat birdəfəlik ödəmə proqramı 600 min nəfəri əhatə edib və bu istiqamət üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manat təşkil edib.

Bəs, millət vəkilinin təklif etdiyi sosial paketlərin gerçekləşməsi real görürünürmü? 

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, bu tip təkliflər daha çox populist xarakter daşıyır: “İlk növbədə belə bir sual yaranır ki, niyə məhz dollar? Azərbaycan Respublikasının Milli Məclisinin deputatı niyə dollar üzərindən təklif verməlidir? İkinci sual belədir ki, niyə 500 yox, 200 dollar, 5 min yox, 2 min dollar? Bu rəqəmlər necə ortaya çıxır? Deputat bunu nə cür hesablayır? Bu, Azərbaycanın tədiyə balansına necə təsir edəcək? Hesab edirəm ki, hesablama zamanı bu məsələlərin heç biri nəzərdən keçirilməyib. Sadəcə, populist bir təklif olaraq irəli sürülüb”.


Ekspert qeyd edir ki, bu tip birdəfəlik yardımların effektivliyi və reallığı sual doğurur: “Belə yardımların ölkə iqtisadiyyatı üçün heç bir xeyri olmayacaq. Əvəzində, bazarda tələb artacaq və bu da inflyasiyanı sürətləndirmiş olacaq. Düşünürəm ki, pul paylamaq heç vaxt effektiv mexanizm olmayıb. Digər tərəfdən bu vəsaiti ehtiyacı olan uşaqlara vermək daha doğru olardı. Əgər ehtiyacı olanları müəyyənləşdirmək çətindirsə, bu prosesi təkmilləşdirmək haqqında düşünmək lazımdır. Ehtiyacı olan insanları dəqiqləşdirərək, onlara ödənilən az məbləğdə vəsaiti artırmaq olar. Yoxsa varlının da kasıbın da uşağına sosial yardım verilməsi yanlış bir təklifdir. Mən bir iqtisadçı kimi, daha çox minumum əməkhaqqının, təqaüdlərin və pensiyaların artırılmasının tərəfdarıyam”.

Məlumat üçün qeyd edək ki, dünya təcrübəsinə nəzər saldıqda əksər ölkələrin sosial paketlərinin kifayət qədər geniştərkibli və çoxşaxəli olduğunu görə bilərik. Digər ölkələrdəki sosial yardım proqramlarının hər birini ayrı-ayrılıqda təqdim edə bilməsək də, son zamanlar ölkəmizdə də gündəmdə olan - uşaq pulu paketləri haqqında məlumat vermək mümkündür:

Türkiyə

Türkiyədə ailədəki uşaqların sayına uyğun olaraq müxtəlif məbləğlərdə müavinətlər ödənilir. Birinci doğulan uşaq üçün aylıq 300 lirə, ikinci uşaq üçün 400 lirə, üçüncü uşaq üçün isə 600 lirə müavinət verilir. Bu yardımlar uşağın 18 yaşı tamam olanadək davamlı verilir.

Almaniya

Avropada ən çox uşaq pulu ödəyən ölkələrdən biridir. İlk iki uşağa aylıq 219 avro, üçüncü uşağa 225 avro, dördüncü və əlavə uşağa 250 avro aylıq müavinət verilir. 2021-ci ildən etibarən bu müavinət evli cütlük üçün uşaq başına birdəfəlik 5,460 avro və ya tək valideyn üçün bir dəfəyə 4,095 avro müəyyən edilib. Uşaq müavinətinə əlavə olaraq, bəzi valideynlər hələ də evlərində yaşayan 25 yaşınadək hər subay övladları üçün ayda 205 avroya qədər əlavə pul ala bilirlər.

Avstriya

Aylıq uşaq dəstəyinə görə Avropada ikinci sıradadır. Birinci uşağa aylıq 114-165 avro müavinət verilir. Üstəlik ödənilən məbləğ uşaqların yaşına uyğun olaraq zamanla artır. Uşaqlar 3 yaşına qədər 114 avro, 3 yaşından 121 avro, 10 yaşından sonra 141 avro, 19 yaşından sonra isə 165 avro yardım alırlar. Əlil doğulan və ya sonradan əlil olan uşaqlar üçün əlavə 156 avro dəstək paketi verilir.

Fransa

Övladlarının yaşı 20-dən az və qeydiyyatdan keçmiş vergi ödəyiciləri bütün uşaq müavinətlərindən yararlana bilərlər. Fransada uşağın dünyaya gəlməsinə görə verilən birdəfəlik müavinət 950 avrodur. Uzunmüddətli uşaq müavinəti almaq üçün isə iki uşağın olması vacibdir. Bir uşağı olan ailələr uşağın üç yaşı tamam olanadək 92- 184 avro sosial yardım almaqda davam edirlər.

Belçika

Aylıq uşaq pulu 60-168 avro arasındadır. Belçikada uşaqlar 11 yaşa qədər hər ay 152 avro alırlar. Daha sonra 18- 24 yaşa qədər ali təhsili olmayanlar 163 avro, ali təhsili olanlar isə 173 avro alırlar.

Hollandiya

Hollandiyada ailələrə hər uşağa görə rüblük müavinət ödənilir. 0-5 yaş aralığında olan uşaqlar üçün 223 avro, 6-11 yaş üçün 271 avro, 12-17 yaş üçün 319 avro məbləğ təyin olunub.

Böyük Britaniya

Bu ölkədə uşağın bioloji valideynləri olmadan da müavinət almaq mümkündür. Bunun üçün sadəcə uşağa cavabdeh şəxs olmaq lazımdır. Sosial ödənişlər 16 yaşına qadər, təhsillərini davam etdirdikləri halda isə 20 yaşa qədər davam edir. İlk uşağa həftədə 21 funt sterlinq, hər əlavə uşağa isə həftədə 14 funt sterlinq verilir.

Yunanıstan

2020-ci il yanvarın 1-dən ölkədə doğulan hər uşaq üçün birdəfəlik 2000 avro yardım verilir. Uşaq müavinətləri 18 yaşınadək, ali təhsil müəssisəsinə daxil olduqda isə 24 yaşına qədər verilir.

Rusiya

Rusiyada ilk doğulan uşaq üçün birdəfəlik 5600 manat, ikinci uşaq üşün isə 7600 manat sosial vəsait ödənilir.

Gürcüstan

Gürcüstanda hər doğulan uşağa görə birdəfəlik 313 manat sosial müavinət verilir.

Ermənistan

Ermənsitanda doğulan hər birinci və ikinci uşağa görə 1070 manat ödənir və 3-cü uşaq doğulana qədər ailəyə hər ay 178 manat sosial yardım təyin olunur. 4 cü və 5-ci uşağa 3575 manat, 5 və daha çox uşağa görə isə 5363 manat birdfəlik ödəmələr mövcuddur.

Azərbaycan

Azərbaycanda isə uşağın anadan olmasına görə xalq arasında “südpulu” adlanan birdəfəlik müavinət 300 manat təşkil edir. Bununla da, dövlətin həmin uşağa ayırdığı sosial paket yekunlaşmış olur...

Elvin Bəyməmmədli

“AzPolitika.info”