“Putin dünya müharibəsinə hazır görünür. Onun “yeni dünya nizamı” və “inqilab onilliyi” haqqında “möhtəşəm ritorikası”, qlobal qarşıdurma haqqında düşündüyünü göstərir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşovun ABŞ-da yaşayan nəvəsi, beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Nina Xruşşova “BBC Radio 4”-ə müsahibəsində deyib.
Hazırda Rusiyada olan Xruşşova xəbərdarlıq edib ki, Rusiyada radiasiya həblərinin satışı 70 faiz artıb: “Ruslar radiasiya həbləri yığmaqla məşğuldurlar. Onlar sanki fəlakətli bir şeyə hazırlaşırlar. Heç kim Putinin bundan sonra nə edəcəyini bilmir. Bu halda cəmiyyət daha da çıxılmaz vəziyyətə düşür, ümidsizlik və qorxu artır. Çünki sabah nə olacağı məlum deyil”.
Müsahibə zamanı aparıcının “Cümə günü Kuba böhranının başa çatmasının 60-cı ildönümüdür. Bu böhran Nikita Xruşşovun Kubadan Sovet nüvə silahlarını çıxarmaq qərarından sonra həll olundu” xatırlatmasına, Xruşşova bu cür cavab verib: “Nə, mən dünya müharibəsi başlamalıyam? Putin açıq şəkildə bu cür düşünmür. O, geri çəkilmək barədə düşünmür. Putin dünya müharibəsi olacaq demədi. O, müharibəyə hazır olmaqla bağlı xəbardarlıq etdi”.
Xatırladaq ki, Vladimir Putin ötən günkü çıxışında Qərbin dünya düzənini dağıtdığını, çoxqütblü dünya nizamının qurulmasının vaxtının gəldiyini bəyan edib.
Ukrayna və Tayvanda müharibə alovunu yandırmaqda qərb liderlərini günahlandıran Putin, həmçinin onları enerji böhranına səbəb olmaqda və qlobal ərzaq bazarlarını boğmaqda ittiham edib.
Putindən Kuba böhranına bənzər hadisənin təkrarlanacağı təqdirdə Xruşşovun mövqeyini tutub-tutmayacağını soruşduqda isə, o, “Mən özümü Xruşşov rolunda təsəvvür edə bilmirəm” cavabını verib.
“AzPolitika.info”


Şərhlər