Xəbər verildiyi kimi, ötən gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılması təklif edilib.
Bu təkliflə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə çıxış edib.
O bildirib ki, bu məsələ ilə əlaqədar bir sıra amillərə diqqət edilməlidir: “Hesab edirəm ki, biz bunu etməklə ölkəmizin siyasi mühitini qoruya bilərik. SSRİ rəhbəri Stalinin, faşizmin aparıcı lideri Adolf Hitlerin, eləcə də Qırmızı Terrorun müəllifi Leninin sonradan psixoloji xəstəliklərinin olduğu məlum olub. Ona görə də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bu barədə müddəanın əksini tapması vacibdir”.

Qeyd edək ki, əslində bəzi partiya sədrlərinin davranışlarına nəzər saldıqda Asim Mollazadənin əbəs yerə bu cür təkliflə çıxış etmədiyini görmək mümkündür. Bəzi partiya sədrləri səsləndirdikləri fikirlərlə, sərgilədikləri davranışlarla zaman-zaman cəmiyyətin gülüş hədəfində olublar. Elə götürək “oyuncaq əjdaha” əhvalatını, yaxud Qurban Bayramında Prezidentə yazılan “Ramazan təbriki”ni və ya “Qızlar 16 yaşında ailə qurmalıdır”, “Sizə qan uddurajam!” kimi axmaq fikirləri dilə gətirənləri...

Qeyd edək ki, psixologiyada sözügedən hərəkətlər ardıcıllığı ilə - şizofreniya, halusinasiya, psixoloji pozuntu və psixoloji sarsıntı adlanır. Belə davranışlara yol verənlər, cəmiyyətdə “psixoloji sağlamlıq vəziyyəti yerində olmayan şəxs” kimi qəbul edilirlər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı məlumata görə, dünyada hər beş insandan biri psixi və ya davranış pozğunluğuna malikdir. Bir çox psixi pozğunluqların səbəbi hələ də naməlum olaraq qalır. Psixoloqlar yuxarıda sadaladığımız əlamətləri özündə hiss edən insanlara peşəkar mütəxəssislərdən kömək istəməyi tövsiyə edirlər...
Şəxsin psixi vəziyyətini necə öyrənmək olar?

Bu barədə psixoloq Gülər Məmmədova “AzPolitika.info”ya şərhində bildirib ki, psixologiyada şəxsi psixodiaqnostika edərkən, müxtəlif testlərdən istifadə olunur: “Bu, çox qısa bir zamanda insanı psixoloji sınaqdan keçirmək üçün standartlaşdırılmış bir metoddur. Həmin testin sayəsində insanın psixoloji durumu qiymətləndirilir. Bu cür testlərin bir çox formaları var - intellekt testi, şəxsiyyət testi, müvəffəqiyət testi, kreativlik testi və s”.
Psixoloq qeyd edir ki, bu cür testlərlə insanın IQ-sünü, fərdin şəxsiyyətini, bilik və bacarıqlarını müəyyən etmək mümkündür: “İntellekt testləri ilə insanın IQ-sünü, zehni inkişaf səviyyəsini yoxlamaq olar. Müvəffəqiyyət testi ilə insanın bilik və bacarıq vərdişini, bu vərdişə hansı dərəcədə yiyələndiyini öyrənmək mümkündür. Kreativlik testilə insanların yaradıcılığa nə qədər yaxın olduğunu anlamaq olar. Şəxsiyyət testləri isə fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini araşdırmağa kömək edir. Test zamanı insana müəyyən hadisələr təqdim olunur. Həmin şəxs hadisələri öz hiss və düşüncəsinə uyğun şəkildə ifadə edir. Bu fotolar test iştirakçısının müəyyən bir şərh verə biləcəyi şəkildə tərtib olunur”.
“Psixologiyanın tədqiqat metodlarında ən səmərəli test metodu - sərbəst sorğulardır. Bu sorğular şifahi və yazılı formada olur. Bu sorğuda fərdlə göz təması qurulur və onun bədən dilinə nəzarət olunur. Bu zaman insanın şəxsi keyfiyyətlərini, davranışını, xarakterini, onun ümumiyyətlə psixikasında olan prosesləri, idrakının nə qədər inkişaf etdiyini görmək olar. Ona görə də psixoloqların ən çox istifadə etdiyi metod - sərbəst sorğulardır”, - psixoloq bildirib.

Bu mövzuyla bağlı mətbuata açıqlama verən AĞ Partiya sədri Tural Abbaslı, sözügedən təklifi mənasız hesab etdiyini bildirib: “Hamısı boşluqdan, işsizlikdəndir. Yəqin Asim bəyin boş vaxtı çoxdur ki, belə aidiyyətsiz fikirlər səsləndirir. Nə dəxli var? Adama deyərlər ki, partiya sədrlərindən daha ciddi məsələ parlament seçkiləridir. Oradakı deputatlar birbaşa qanun qəbul edirlər. Asim müəllimdən soruşmaq istəyirəm ki, özü deputatlığa namizəd olarkən psixoloji testdən keçibmi? Bunlar hamısı absurd fikirlərdir”.
T.Abbaslı qeyd edib ki, onsuz da qanunvericilikdə əqli problemləri olanların səsvermə məhdudiyyəti var: “Əgər səsvermə məhdudiyyəti varsa, siyasi proseslərdə iştirak etmək də mümkün olmur. Mən düşünürəm ki, gündəmə gəlmək üçün deyilmiş sözdür. Ondansa Asim bəy çoxpartiyalı sistemin inkişafı, sözün həqiqi mənasında Azərbaycanda partiyaların mövcudiyyətinin davam etdirilməsi üçün şərait yaradılması ilə bağlı təkliflər versin. Özü də partiya sədridir. Görəsən, Azərbaycanda neçə nəfər Asim bəyin partiyasını tanıyıb, adını bilir? Bununla bağlı bir xeyli müzakirə aparmaq olar...”
E.Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Təbii ki, belə test də, siyasi və səhiyyə termini də yoxdur! Ancaq, hər partiya yalnız bir siyasi təkamül əqidə-məramlı vətəndaşların ictimai birliyi sayılır! Neçə Milli qurtuluş, neçə Demokrat, ya neçə *Xalq Cəbhəsi* partiyası ola bilər? Halbuki, əli silahsız belə bir Xalq Cəbhəsi dəstəsi hələ otüz il öncə bütün soyqırım terrorçularını kəskinliklə ram edər və ya təmizlərdi? Sualınız varsa, lütfən yağdırın!
Düz fikirdir! Əqli problem olanlar Partiya sədri ola bilməz! Daha doğrusu, partiya yaradmağa belə adama icazə verilməmədir.
siyasi partiyalar siyasi yaramazlıq kimi bir şeydir.Xalq ilkin olaraq demokratik bir səviyyəyə çatmalıdır ki,onun siyasi partiya yaratmağa ehtiyacı olsun.Bizdə,bir tərəfdə Rusiya kəşfiyyatının yetirmələri olan iqtidar partiyası,digər tərəfdə isə deputatlıq mandatı qazanmaq üçün yaltaqlıq edənlər partiyaları mövcuddur.Hər iki siyasi qrupun oxşar cəhəti isə müharibədən özlərini və uşaqlarını gizlətməkdir.
bu ................asim mollazadəni " 5 - ci kolon " 'deputat " təyin edib, hər ay paket alır və əlavə böyük məbləqdə maaş alır Milli Meclisdə, çox harınlaşıb. Bu adamın
gözlərindəki anormal baxışlara , gözlərinin quruluşuna diqqətlə baxsanız , və həmçinin sifətindəki - üzündəki kobud cizgilərə nəzər yetirsəniz bir həkim psixiatr və fizionomist mütəxəssis kimi, hökmən dərhal anlayarsınız ki, ...........asim mollazadənin ciddi və ağır psixi xəstəliyi var və təcili psixiatriya klinikasının palatasında güclü tibbi nəzarətdə mualicə olunmalıdır, harınlığı da aradan qalxar, yox olar.
Bu .........asim mollazadənin yaxın qohumunu XIN - də rüşvətə görə həbs etmişdilər.
Dumdakı qlasnıların ağlına ancaq belə gic-gic fikirlər gələ bilər. Bunun özünü Maştağaya göndəmək lazımdır.