ABŞ və Rusiya üçün Minsk qrupu artıq yoxdur, Paşinyan deyir var... – Danışıqlarda irəliləyişlər olub?

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 1-də İrəvanda ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan görüş zamanı Amerika diplomatına İrəvanın "ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirdiyini" bildirib. Bu da qeyd olunur ki, Paşinyan və Riker bu görüş zamanı Qarabağ problemi ilə bağlı məsələləri və Qarabağ erməniləri ilə Bakı arasında danışıqlar mexanizminin yaradılması məsələsini, eyni zamanda Azərbaycan-Ermənistan münasibətləri, regional stabillik və başqa mövzuları müzakirə ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti də noyabrın 28-də Filip Rikeri qəbul etmişdi. Riker bu görüş zamanı vurğulamışdı ki, hazırda hər iki ölkə tərəfindən real, cəsarətli addımları müşahidə edir: "Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir".

Erməni tərəfinin əsas etibarilə “Minsk qrupunun amerikalı həmsədri” kimi təqdim etdiyi Filip Rikerin özü də ötən ay bu məsələyə toxunmuşdu. O, ATƏT-in Minsk qrupunun mandatı barədə demişdi: "Məncə iş o həddə çatıb ki, biz bu mandata konsensusla son qoya bilərik". Eyni fikirləri dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da səsləndirib. O, ATƏT-in Minsk qrupunun faktiki olaraq mövcud olmadığını deyib.

Qarabağın statusu məsələsinə gəlincə isə, Lavrov bildirib ki, Almatı Bəyannaməsini və Praqada keçirilən dördtərəfli razılaşmanın müddəalarını qəbul etməklə, Ermənistan tərəfi Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını qeyd-şərtsiz qəbul edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar