Son zamanlar xüsusilə Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətlərində gərginlik pik həddə çatmaqdadır. Tez-tez baş verən müəmmalı partlayışlar, cəbhə xəttindən daşınan meyitlərin və yaralıların sayının durmadan artması, döyüş meydanından gələn xəbərlər, səfərbərlik və s. yerli idarəetmə orqanlarını və əhalini daimi gərginlik vəziyyətində saxlayır.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Ordusunun Baş Qərargahının bu gün səhər yayımladığı hesabatda Rusiyanın həmsərhəd Kursk vilayətində səngərlər qazıldığı, müdafiə istehkamları qurulduğu və “Ukrayna Ordusunun hücumundan müdafiə” məqsədilə hazırlıqlar getdiyi bildirilir: “Rusiyanın həmsərhəd bölgələrində anlamağa başlayıblar ki, “xüsusi hərbi əməliyyat” nəzarətdən çıxıb. Xüsusilə Kursk vilayətində “Ukrayna Silahlı Qüvvələrinin hücumundan” qorunmaq üçün müdafiə istehkamları quraşdırılır. “Ukraynanın hücumu” barədə şayiələr səfərbər olunmuş şəxslərin vilayətə gətirilən meyitlərinin sayının artması fonunda baş verir”.
Hesabatda qeyd olunur ki, yerli əhalinin, xüsusilə də gənc nəslin Ukraynada aparılan müharibəyə münasibəti mənfidir.
Qeyd edək ki, ötən gün Kursk vilayətindəki hərbi aerodromda partlayışlar qeydə alınmışdı. Rusiya tərəfi bunun Ukraynaya aid hərbi dronlar tərəfindən həyata keçirilən hücum olduğunu bəyan edib.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər