“HAZIRDA REGİONDA SÖZ SAHİBİ TÜRKİYƏDİR...” - “Ermənistan müharibə istəyirsə, yumruq başının üzərində olacaq!”

Vahid Əhmədov: “Rusiya-Ermənistan münasibətləri əslində strateji əlaqələrdir və onlar pozulan deyil”

“Ruslar da çox çalışdı ki, Qazaxıstan və Türkmənistanla üçlük təşkil edib qazı ixrac etsin, amma qəbul olunmadı...”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın perspektivdə imzalanacağı inandırıcı görünmür. Müşahidələr göstərir ki, Azərbaycan məsələni həll etmək istiqamətində fəaliyyət göstərir. Ermənistan isə Rusiya və Fransadan gələn “müsbət” mesajlara söykənərək onun mümkün qədər uzanmasına çalışır, bu məqsədlə sülh danışıqlarından yayınır. Ancaq hətta beynəlxalq analitik mərkəzlər belə danışıqların dalana dirənməsinin uzun müddət davam etməyəcəyini, bu prosesin regionu yeni hərbi qarşıdurmaya apardığını açıq proqnoz edirlər.

“AzPolitika.info” bu mövzunu Milli Məclisin deputatı Vahid Əhmədovla müzakirə edib.

- Vahid müəllim, Azərbaycan-Ermənistan münasibətlərində müsbətə doğru dəyişiklik müşahidə edilmir. Rəsmi İrəvan regionda sülh və əməkdaşlığa qarşı çıxır, Azərbaycanla münasibətləri qaydaya salmaqda meylli görünmür. Bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə bu narahatedici situasiyadır. Bir aydan çoxdur ki, bizim ekofəallar, vətəndaş cəmiyyəti təmsilçiləri Şuşa yolunda aksiya keçirirlər. Havaların soyuması, şaxtların düşməsinə baxmayaraq aksiya davam edir. Fəallar tələb edirlər ki, Azərbaycanın müvafiq dövlət qurumlarının mədənlərdə monitorinq aparılmasına şərait yaradılsın. Eyni zamanda tələblər getdikcə artır və mən bu prosesi dəstəkləyir, fəallarla həmrəy olduğumu qeyd edirəm.

İkincisi, Laçın yolunun tam Azərbaycanın nəzarətinə keçməsi bizim üçün olduqca əhəmiyyətlidir. Yavaş-yavaş bu məsələyə çıxmaq lazımdır. Bizim gömrük və sərhəd xidmətimiz orada oturmalıdır ki, Ermənistandan Qarabağa gələn yüklərə nəzarət edək, vəziyyətlə tanış olaq. Mümkündür ki, Rusiya tərəfi də malları yoxlasın, problem yoxdur. Amma biz də yoxlamalıyıq. Mən ehtimal edirəm ki, keçirilən aksiyanın davamı belə bir yoxlamanı həyata keçirməyimizə gətirib çıxaracaq. Bu dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir.

Üçüncüsü, mən Qarabağda ermənilər yaşayan ərazilərlə bağlı problemlərin həllində böyük irəliləyişlər görmürəm. Çünki Rusiya burada irəliləyiş olmasında maraqlı deyil. Gümrüdə ermənilər aksiya keçirdi, rus hərbçilərinin çıxarılması tələb olundu. Bizdə də kimlərsə bunun ciddi proses olduğuna işarə edir və s. Açığı, mən buna inanmıram, düşünürəm ki, bunların hamısı öncədən qurulan oyunlardır. Rusiya-Ermənistan münasibətləri əslində strateji əlaqələrdir və onlar pozulan deyil. Biz də Qarabağda yarımçıq qalan məsələləri həll etməliyik və daha çox Qərblə təmasda olmalıyıq.

- Niyə məhz Qərblə?

- Cənab Prezident Brüsseldə və digər yerlərdə belə görüşlər keçirir, müzakirələr aparır, eləcə də gələn dövlət xadimləri, diplomatlarla fəal təmaslar da olur. Rusiya ümumiyyətlə Qarabağ məsələsinin tam həll edilməsində, Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsində qətiyyən maraqlı deyil, istəyir ki, bu münaqişə qalsın, müharibə ocağı mövcud olsun. Moskva da bundan istifadə edərək tərəflərə təsir edə bilsin. Amma Fransa istisna Amerika başda olmaqla Avropanın əsas dövlətləri Azərbaycanın haqq səsini, eləcə də dövlət başçısının sülh naminə irəli sürdüyü beş şərti qəbul edirlər. Odur ki, biz daha çox o müstəvidə işləməliyik, daha çox çalışmalıyıq ki, bu məsələnin həllinə nail olaq.

Ruben Vardanyanı kim gətirib Xankəndinə soxdu? Bunu Rusiya etdi, başqa dövlət etmədi. Üstəlik, heç Vardanyan Qarabağ ermənisi də deyil. Aydındır ki, onu gətirməkdə məqsəd aranı qarışdırmaq, müsbət ola biləcək proseslərin qarşısını almaqdır. Başqa səbəb ola bilməz. Əlbəttə, Qarabağda yarımçıq qalan məsələlərin həlli müəyyən zaman tələb edir, baş verənlər də bizə, dövlətimizə problem yaradır. Amma Ermənistan dövlət olaraq anlamalıdır ki, bu məsələ Azərbaycanın xeyrinə həllini tapacaq. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istəyir, başqa tələblər irəli sürmür. Ərazi bütövlüyümüzü də BMT başda olmaqla dövlətlər qəbul edib. Odur ki, bu məsələ nə qədər tez həllini tapsa, bir o qədər yaxşı olar. Yoxsa məsələ getdikcə ciddiləşir. Türkiyə-Azərbaycan münasibətləri, Şuşa Bəyannaməsi və s. məsələlər gündəmdədir. Türkiyə də regionda faktiki söz sahibidir. Müharibə dövründə söz sahibi Rusiya idi, hazırda Türkiyədir. Odur ki, bu məqamlar nəzərə alınmalıdır. Hesab edirəm ki, dövlət başçısının apardığı siyasət uğurludur və o istiqamətdə işlər görülür ki, problem sülh yolu ilə qaydaya salsın.

- Müharibə ehtimalını real saymırsınız?

- Mən bunu mümkün saymıram. Niyə? Bu hərbi qarşıdurmaya nə Ermənistan, nə də Rusiya gedən deyil. Çünki ortada Türkiyə var. Bizimlə Türkiyə arasında saziş bağlanıb, biz iki qardaş dövlət olaraq bir-birimizin təhlükəsizliyinə qarant veririk. Yeri gəlmişkən, indi dünyada yeganə dövlət Türkiyədir ki, Rusiya ilə əhatəli əlaqələrə malikdir, bu ölkə ilə münasibətləri korlamadı. Türkiyə Prezidenti Ərdoğan çox ağıllı və faydalı siyasət həyata keçirir. Bir neçə dəfə Rusiya və Ukrayna arasında vasitəçilik həyata keçirdi, taxıl böhranını qaydaya saldı və s. Türkiyə və Azərbaycanın bir yerdə olması, uğurlu işlər görməsi hamıya məlumdur. Faktiki olaraq Türkiyə və Azərbaycan ordusu inkişaf edir, müasir standartlara cavab vermək üçün tədbirlər həyata keçirilir. Bütün bunları qeyd etməklə bildirim ki, subyektiv yanaşmama görə, müharibənin olmasını mümkün saymıram.

Düzdür, bəzi aparıcı təhlil mərkəzləri mümkün hərbi qarşıdurmadan bəhs edirlər. Amma onlar həm də qeyd edirlər ki, bu, nəticə olmasa baş verəcək. Aydındır ki, nəticə olmalıdır. Uzun müddətli nəticəsizliyə dözmək çətindir. Orada bir aya yaxındır ki, nümayəndələrimiz aksiya keçirir. Nəticə mütləq olacaq. Ermənistan müharibə istəyirsə, yumruq başının üzərində olacaq və problemlər də həllini tapacaq. Amma bunun üçün itki vermək lazımdır, buna getmək istəyən də yoxdur. Həm də Ermənistan Rusiyaya çox da arxayın olmasın.

Niyə?

- Rusiyada kritik vəziyyətdir, bu saat əhali oradan qaçır. Böyük ehtimalla Rusiyada ikinci səfərbərlik elan olunacaq. Nəinki ruslar, hətta qeyri-ruslar da qaçırlar ki, müharibəyə getməsinlər. Bu baxımdan düşünürəm ki, Qarabağla bağlı qalan məsələlər 2023-cü ildə yekunlaşacaq, məsələni birdəfəlik həll edəcəyik. Güman edirəm ki, danışıqlar vasitəsilə proses başa çatacaq. Düzdür, ermənilər atəş açırlar, təxribatçı hərəkətlər edirlər. Amma bunların hamısı Rusiyanın diktəsi ilə edilir. Ermənistan bir dövlətdən daha çox Rusiyanın quberniyası kimi görünür.

İkincisi gedib oradan-buradan silah axtarırlar. Amma aydındır ki, Azərbaycan oturuşmuş dövlətdir, ordusunu inkişaf etdirir, müasir hərb elmini öyrənir, bunu tətbiq edir, Türk ordusuna keçid üçün işlər həyata keçirir, müasir silahlar əldə edir. Türk Silahlı Qüvvələri bizim Hərbi Sənaye Nazirliyi ilə işlər görür, bəzi məhsulların birgə istehsalı gözlənilir. Qısacası, Ermənistanın atılıb-düşməsi elə də əhəmiyyət kəsb etmir.

- Vahid müəllim, Ermənistan indi nəyi gözləyir, nədən qəti addımlar atmaq, məsələni həll edərək normal əməkdaşlıq yoluna daxil olmaq istəmir?

- Bu saat dünya Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyir. Çünki düzən tamamilə dəyişir. O cümlədən də Ermənistan.

İkincisi, vacib məqam odur ki, Türk Dövlətləri Təşkilatı (TDT) yarandıqdan sonra vəziyyət tamamilə yeni mənzərə aldı. Bu təşkilatın yaradılmasında Prezident Ərdoğanla Prezident İlham Əliyevin xüsusi əməyi oldu. Onlar çox çalışdılar ki, bu təşkilat formalaşsın, inkişaf etsin. Məsələn, ruslar da çox çalışırdı ki, Qazaxıstan və Türkmənistanla üçlük təşkil edib, qazı ixrac etsinlər. Amma nə Qazaxıstan, nə də Türkmənistan buna getmədi. İndi nəhəng danışıqlar gedir, bizim Prezident Türkmənistanda oldu. Ərdoğanla birlikdə danışıqlar aparıldı. Sözsüz ki, Türkmənistan qazının Azərbaycan vasitəsilə xaricə ixracı müzakirə mövzusu olacaq. Prezident Ərdoğan Türkmənistan Prezidentini ölkəsinə dəvət etdi. Yəni ciddi proses gedir. Orta Asiya ölkələri də anlayırlar ki, sərbəst siyasətə üstünlük vermək daha münasibdir. Yəni daha çox öz maraqlarını üstün tuturlar, nəinki Rusiyanın. Sözsüz ki, bütün bunlar geopolitik proseslər, onun bir hissəsidir. Düzən dəyişir və bununla əlaqədar bir çox məsələ öz həllini tapacaq. Bu gün Amerika, Avropa İttifaqı maraqlı deyil ki, Azərbaycan və Ermənistan arasında müharibə olsun. Əlbəttə, Azərbaycan neft və qazının Avropaya getməsini arzulamayanlar qarşıdurmada və gərginlikdə maraqlıdırlar.

- Bir sıra vacib məsələləri Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirsiniz. Bəs bu müharibənin nəticələrini necə görürsünüz?

- Ukrayna lazım olan məsələləri həll edəcək. İndi dünyanın aparıcı dövlətləri Kiyevə dəstək verirlər. Əsasən ABŞ və İngiltərə. Amma son zamanlar Almaniya da silah yardımı etmək qərarına gəlib. Yəni addımlar atılır. Ukrayna xalqı da öz torpaqlarını azad etməkdə qərarlıdır. Əlbəttə, müharibənin nə qədər çəkəcəyini demək çətindir. Ehtimal edirəm ki, 2023-cü ildə bəzi qərarlar qəbul ediləcək.

Ümumiyyətlə Rusiyanın tam dağılması heç kimin xeyrinə deyil. İnanmıram ki, ABŞ və ya Avropanın belə qəti fikri olsun. Dünənə qədər Rusiyanın əsas müttəfiqi Çin idi, amma indi Pekin də Moskva ilə məsafə saxlayır. Çin özü arzulayır ki, Rusiyanın şimal hissəsini götürsün, bunun üçün işlər də görür. Rusiya böyük bir ərazi götürüb və kifayət qədər mineral ehtiyatı var. Bunda da gözü olan böyük dövlətlər var. Aydındır ki, Rusiya işğalçılıq siyasətini əsas götürüb. Belarusla birlikdə İttifaq Dövləti yaratdılar, sonra başqalarını bura cəlb etməyə çalışdılar. Lakin alınmadı. Orta Asiya ölkələri də bu mərhələdə tam fərqli siyasət qurdular.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Mubariz 2023-01-12 10:31:08

Türkiyə regionun tək gücüdür. Fars itləri buna görə onun əleyhinə çıxırlar...

Son yazılar