“ÜÇRƏNGLİ BAYRAQ VƏ LENİNİN BÜSTÜ BİR YERDƏ OLA BİLMƏZ...” – “Ziya Bünyadov Heydər Əliyevə dedi: Siz ağıllı adamsınız, bilirsiniz ki...”

Heydər Əliyevin dövlətçilik düşüncəsində milli maraqlar

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təfəkkürü tarixi şüura əsaslanır. Azərbaycan Respublikası gənclərinin birinci forumunda Ulu Öndər Heydər Əliyev çıxış edərək tarixi məsələlərə öz konseptual baxışını gənclərə çatdırır: "Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti - bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".

Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edir. Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünərilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.

Heydər Əliyev bu siyasətin zərgər dəqiqliyi ilə aparılması və ona həssas yanaşılmasını zəruri hesab edərək deyirdi: "Vəziyyət elə gətirmişdir ki, biz öz siyasətimizi sanki nazik bir sap üzərində yeridirik və istənilən anda xırdaca bir səhv nəticəsində hər şey alt-üst ola bilər. Ona görə də bu nazik tel üzrə addımlarımızı elə qurmalıyıq ki, nə xarici, nə də daxili təsirlər bizi büdrətməsin və planlaşdırdığımız işi yüksək səviyyədə axıra çatdıra bilək". Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində parlamentin rolunu çox yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Heydər Əliyev parlamentdəki ilk çıxışı zamanı bütün bu problemlərə fərqli yanaşma sərgiləməklə tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü.

Tarixi varislik və yeni ideoloji konsepsiya

Sözügedən çıxışda Heydər Əliyev deyir: "İndi biz respublikamızın adını sovet sosialist sözlərdən azad etdik. Bəs indi biz hansı yeni siyasi quruluşu qəbul edirik? Məlum deyil. Yeni bayraq qəbul etdik. Fəqət, bu, heç də eyni bayraq deyil. O, 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının milli dövlət bayrağıdır. Bu mühüm siyasi əhəmiyyət kəsb edən fakt nə üçün qeyd olunmadı?"

Rus tarixçisi, araşdırmaçı Nikolay Zenkoviçin "Heydər Əliyev. Tale yolları" adlı kitabında onun dövlətçilik düşüncəsinin ən zəruri konponentini təşkil edən milli təəssübkeşliyini səciyyələndirən bir hadisə barəsində qeyd edir. 1960-cı illərin sonunda SSRİ rəhbərliyi Vəli Axundovun yerinə yeni namizədlər axtarışına çıxır. Heç kimə sirr deyildi ki, o dövrdə ən parlaq namizəd məhz Heydər Əliyev idi. Belə bir vaxtda milli təəssübkeşlik bütün dövlət siyasətini beynəlmiləlçilik üzərində quran SSRİ rəhbərliyi üçün ən pis jest ola bilərdi və Heydər Əliyevin karyera yüksəlişinin üstündən xətt çəkmiş olardı. Lakin Heydər Əliyev üçün milli maraqlar həmişə öndə gedirdi. Sözügedən siyasi şəraitdə Azərbaycan DTK-sinə məlumat daxil olur ki, Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin elmi şurasında fövqəladə hadisə baş verib. Bəzi alimlər öz çıxışlarında iddia etmişdilər ki, Azərbaycan Rusiyaya heç də rəsmi sovet tarixşünaslığının öyrətdiyi kimi, könüllü birləşməmişdir. Bu əraziləri çar generalları silah gücünə qanlı çarpışmalarda zəbt etmişlər. Heydər Əliyev xidməti məlumatı oxuyur, gözlərinə inanmırdı. "Aranı qarışdıranlar" tanınmış tarixçilər M.İsmayılov, S.Əliyarov idilər. Xüsusən təəccüblü idi ki, hamı üçün sanki aydın olan bu faktları təkzib edən alimlər arasında Böyük Vətən müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da adı vardı. Qalmaqal universitet divarlarından kənara yayılmışdır. Kommunist Partiyasının Mərkəzi Komitəsinə və DTK-ya müraciət edən "xeyirxahlar" tələb edirdilər ki, həmin alimlərə, xüsusən də Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadova qarşı ən sərt tədbirlər görülsün. Bu ideoloji təxribata göz yummaq olmaz! Beş il əvvəl Azərbaycanın Rusiya tərkibinə könüllü daxil olmasının yubileyi ilə əlaqədar təntənəli tədbirlər keçirilmiş, respublikanı "Lenin" ordeni ilə təltif etmişdilər, indi isə gözlənilmədən belə bir xoşagəlməz hadisə baş verib. Heydər Əliyev "aranı qarışdıranlarla" söhbət etdi. Onlar tarixi mənbələr, o cümlədən Rusiya arxivlərindən olan sənədlər göstərdilər. Qaynaqlar sübut edirdi ki, alimlər doğru danışırlar.

- Heydər Əliyeviç, - Ziya Bunyadov dedi:

- Siz ki ağıllı adamsınız, bilirsiniz tarix siyasətdən nə ilə fərqlənir. Biz tarixi, yalnız tarixi tədqiq edirik. Müzakirələrsiz elm olmaz...

Əliyev çox şeyi, o cümlədən öz karyerasını təhlükə altında qoymuşdu. Bircə yanlış addım kifayət idi ki, bədxahları öz bildikləri kimi yozsunlar. Lakin ədalət hissi, öz xalqına məhəbbət üstün gəldi. Heydər Əliyev tapşırıq verdi ki, bu işi elmi mübahisələrə aid edərək bağlasınlar. Heydər Əliyevin dövlətçilik konsepsiyası milli dövlətçiliyə əsaslanırdı. Odur ki, onun dövlətçilik düşüncəsində ən vacib amil milli təəssübkeşlik idi.

Sonradan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olanda tam əsasla bəyan etmişdi ki, dövlət təhlükəsizliyi orqanlarında və Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələrdə işlədiyi zaman Azərbaycan xalqının milli maraqlarına zidd olan heç bir hərəkətə yol verməmişdir.

O, 1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti qarşısındakı çıxışında deyirdi: "Antisovet təbliğat və təşviqat üstündə heç vaxt bircə nəfəri də həbs etmədik, baxmayaraq ki, bizə təzyiq göstərmək cəhdləri olurdu".

Əlbəttə, Heydər Əliyev sovet rejiminə inanmış və vicdanla, sədaqətlə xidmət etmişdir. O vaxtlar kim xidmət etmirdi ki? Lakin o biri müttəfiq respublikalarda yaradıcı ziyalıları yadfikirlilik üstündə amansızlıqla təqib edən bəzi həmkarlarından fərqli olaraq, Azərbaycan lideri tarixi hadisələr barədə, Moskvanın "yuxarıdan gələn" rəsmi versiyalarından fərqli fikir irəli sürənləri başa düşməyə çalışırdı. Nə qədər yasaq etsələr də, alternativ tarix həmişə mövcud olur, nəsildən-nəslə ötürülür. Bunu isə yalnız Heydər Əliyev kimi demokratik düşüncə sahibi olan insanlar düzgün dəyərləndirə bilərdi. Heydər Əliyevin parlamentdəki ilk çıxışına sözardı kimi verdiyimiz bu fikirlər onu göstərir ki, onun leksikonunda təsadüfi heç nə yoxdur. Qayıdaq parlamentdəki ilk çıxışa.

Üçrəngli bayraq və Lenin büstü bir yerdə ola bilməz

Heydər Əliyev aşağıdakı fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolu tutmağa aydın ideoloji konsepsiya yaratmağa səsləyir. O, qeyd edir: "Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?"

Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanır. O, özünü ADR-nin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə çağıraraq deyir: "28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 28 may 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Belə olan halda bu hadisəyə və 28 aprel 1920-ci il hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun. İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət, öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?"

Heydər Əliyevin müstəqil dövlət konsepsiyası tezisləri

Heydər Əliyev siyasi fəlsəfəsinin mayasını təşkil edən dövlət müstəqilliyi konsepsiyası onun həyat amalına çevrilmişdir. Biz gənclərə Heydər Əliyevi sevdirən də məhz bu ideoloji konsepsiya idi. Heydər Əliyevin parlamentdəki ilk çıxışı zamanı dövlət müstəqilliyi ilə bağlı irəli sürdüyü fikirləri həyəcansız dinləməmək mümkün deyildir. Heydər Əliyev deyirdi: "Bəziləri respublikamızın müstəqil, ittifaqdan ayrı yaşamağa imkanı olmadığını sübut etməyə çalışır. İttifaqda olan respublikalar bir-biri ilə sıx iqtisadi, texniki əlaqələrlə bağlı olduğuna görə onların ittifaqdan ayrı yaşamasının mümkün olmadığı fikri də ölkədə geniş yayılmışdır.

Bu təbliğatlar əsassızdır. Əvvəla, Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Bu barədə deputat Səmədzadənin çıxışındakı bir çox müddəalarla mən razı deyiləm. Əgər reqlamentdən əlavə vaxt verilsə, onların əsassız olduğunu sübut edərəm.

İkincisi, dünyanın hər bir dövləti digər başqa dövlətlərlə istədikləri sahələrdə qarşılıqlı iqtisadi, ticarət, texniki əlaqələr yaradır, ümumdünya inteqrasiya prosesində iştirak edir və bunların heç biri bu dövlətləri müstəqillikdən məhrum etmir. Ona görə də ittifaqda olan respublikaların iqtisadi əlaqələri onların müstəqilliyə nail olmasına mane ola bilməz. Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi ittifaqda olan respublikaların hər biri ilə, hətta ittifaq qalarsa, onunla da qarşılıqlı, bərabərhüquqlu, iki tərəfə də faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar. Azərbaycan xalqının başqa xalqlarla dostluq əlaqələri müstəqil xarakter daşıyar, daha səmimi, daha möhkəm olar.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının başqa xalqlara nisbətən yeni ittifaq müqaviləsindən imtina etməsinə daha çox əsası var. Üç ildir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulub. Lakin ittifaq dövləti bu vəziyyətin aradan qaldırılması üçün səmərəli tədbirlər görməyib".

Burada bir məsələni qeyd etməyi özümə borc bilirəm. Heydər Əliyevin parlamentdə çıxışına mane olanlar, ona müstəqilliklə bağlı fikirlərini söyləmək üçün əlavə vaxt verməyərək öz riyakar hərəkətləri ilə respublika rəhbərliyinə yarınmaq istəyənlər sonralar onun haqqında cild-cild kitablar yazsalar da, onların səmimiyyətinə heç kim inanmadı.

20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verdi

Heydər Əliyev respublika rəhbərliyinin ona olan riyakar münasibətini bildiyi üçün parlamentdəki ilk çıxışı zamanı, demək olar ki, Azərbaycan xalqını narahat edən bütün məsələlərə öz münasibətini bildirir. O, tarixi çıxışında deyir: "1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir. Deputat Qarayevin məruzəsindəki məlumatlar buna tam əsas verir. Məsələnin müzakirəsinin təxirə salınması, uzadılması 20 Yanvar faciəsini ört-basdır etmək niyyəti kimi qəbul oluna bilər. Buna yol vermək olmaz.

Xalq deputatı kimi Bakıda bir ildən artıq müddətdə fövqəladə vəziyyətin hökm sürməsini başa düşə bilmirəm. Aydın deyil ki, sovet ordusunun qoşun hissələri kimi kimdən qoruyur.

Bəziləri deyir ki, 20 yanvarda Bakıya çağırılmamış qoşun hissələri gəlibdir. Əgər onlar, doğrudan da, çağırılmamışdılarsa, respublika dövləti öz suveren hüquqlarından istifadə edərək onları dərhal geri qaytarmalı idi. Lakin belə olmayıb. Əksinə, qoşunların Bakıda indiyə qədər saxlanılması zəruri hesab olunur.

Elmira Qafarovanın "Vətəndaş müharibəsi baş verər" sözləri ilə deputatları və xalqı qorxutması da əsassızdır. Anlamaq olmur: kim kiminlə müharibəyə hazırlaşıb? Bu, çox ciddi məsələdir. Əgər belə bir təhlükə varsa, məsələ Ali Sovetin sessiyasında müzakirə olunmalı, lazımi tədbir görülməlidir.

Sessiyanın gedişi bir daha göstərdi ki, Ali Sovetin qarşısında çox böyük və mürəkkəb vəzifələr durur. Lakin ən əsas vəzifə respublikanın ərazi bütövlüyünü bərpa etmək və xalqımızı erməni təcavüzündən qorumaqdır. Son illərdə Ermənistanda millətçi quldur birləşmələri tərəfindən güclü silahlı hərbi potensial yaranmışdır. Şübhə yoxdur ki, bu, Azərbaycana qarşı təcavüzkarlıq məqsədi daşıyır. Azərbaycan, xüsusən onun sərhədyanı rayonları təhlükə altındadır. Uzun müddətdir ki, Naxçıvan Muxtar Respublikasının əhalisi böyük narahatçılıq hissi keçirir. Ona görə sayıqsızlığa yol vermək olmaz. Respublikanın müstəqil müdafiəsini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir".

Yuxarıda qeyd edildiyi kimi, Heydər Əliyevin uzun illərdən sonra ilk dəfə parlament kürsüsündə xalqa müraciətini əks etdirən bu çıxış təkcə qəlbi müstəqillik eşqi ilə döyünən bir müdrik siyasətçinin çıxışı deyil, müstəqil dövlət konsepsiyası idi. Hesab edirəm ki, əliyevşünaslıq bu mövzuda akademik araşdırmalarını davam etdirməlidir.

Heydər Əliyev xalqı həmrəyliyə çağırdı

Heydər Əliyevi narahat edən məslələrdən biri də məhz xalqın birliyinin pozulması idi. O, bütün cidd-cəhdlə xalqı həmrəyliyə çağıraraq deyirdi: "Bunun üçün respublikada ümumxalq birliyinə nail olmaq lazımdır. Təəssüf ki, belə bir ağır dövrdə bəzi dairələr xalqı birləşdirmək əvəzinə onu parçalamağa, ayrı-ayrı regionları, rayonları, kəndləri, hətta ayrı-ayrı şəxsləri belə bir-birinə qarşı qoymağa cəhd edirlər. Bunun qabağı tezliklə alınmalıdır. Ümumxalq birliyi yaratmaq üçün Ali Sovet gərək öz mövqeyini aydın bildirsin, öz platformasını yaratsın.

Məlumdur ki, Sovet İttifaqı Kommunist Partiyasının bir hissəsi olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin platforması xalqı birləşdirə bilməz. O, xalq arasında nüfuzdan düşüb, bütün xalqın iradəsini təmsil etmir. Kommunist Partiyası hakimiyyətdən tamamilə imtina etməlidir. Yuxarıdan aşağıya qədər partiya komitələrinin katibləri eyni zamanda sovet orqanlarında rəhbər vəzifə tutmamalıdırlar".

Gələcək müstəqil dövlətin prioritetlərinin elan olunması

Heydər Əliyevin dövlət müstəqilliyi konsepsiyasının ideoloji əsasını təşkil edən bu çıxış gələcək müstəqil dövlətin prioritetlərini elan edir. O, bildirir ki, demokratiyanın, siyasi plüralizmin, aşkarlığın inkişafı üçün şərait yaradılmalıdır. Bütün siyasi qüvvələr eyni hüquqda fəaliyyət göstərməlidirlər. Xalqa hər şey düzgün çatdırılmalıdır. Sosial ədalət bərqərar olunmalıdır. Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakılar təşkil edirdi:

1) Dövlət müstəqilliyi;

2) Demokratiya, siyasi plüralizm, şəffaflıq;

3) Hüququn aliliyi;

4) Sosial ədalət.

Heydər Əliyevin çıxışının son akkordları da məhz müstəqilliyə həsr edilmişdi. O, bu tarixi məsuliyyəti dərk etməyə, azadlıq və istiqlaliyyətimizin əldə olunmasında bütün gücümüzü səfərbər etməyə çaığırırdı: "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".

Heydər Əliyevin parlamentdəki ilk çıxışını araşdırdıqca müstəqilliyə münasibətdə əsrin əvvəllərində mövcud olmuş kəskin fikir ayrılıqları diqqətimizi cəlb etməyə bilmir. Hələ Azərbaycanın Zaqafqaziya Seymində olduğu bir vaxtda bir qrup şəxs Azərbaycanın müstəqil ola bilməyəcəyini, nicatımızın yalnız Rusiyada olmasını səsləndirirdi. Lakin M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.Xoyski, N.Yusifbəyli Azərbaycanın müstəqilliyinə çalışır və bu ideyanı təbliğ edirdilər. Hələ 1917-ci ildə Bakıda müsəlmanların birinci qurultayında çıxış edən Nəsib bəy Yüsifbəyli deyirdi: "Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!" Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: "XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı".

Azərbaycanın siyasi irsinə münasibətdə Prezident İlham Əliyev tarixi şüura söykənir. Azərbaycanın dövlətçilik ənənələrini yüksək qiymətləndirir. O, bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.

Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Cənab İlham Əliyev siyasi irsi yüksək qiymətləndirməklə sələfi olduğu Ümummilli Lider Heydər Əliyevin siyasi varislik fəlsəfəsinə hörmətlə yanaşmaqla gələcək nəsillərə gözəl nümunə verir: "Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq".

Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, peşəcə tarixçi, diplomat olan cənab İlham Əliyevin söylədiyi səciyyəvi fikirlər maraq doğurur: "Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq... Azərbaycanda bu siyasətin alternativi yoxdur".

Bu siyasətin Azərbaycanda alternativi yoxdur. Azərbaycanın aydın gələcəyi yalnız bu müdrik siyasətlə bağlıdır.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar