Rusiyada yenidən Qazaxıstanda separatizmi qızışdıran təbliğat işə salınıb.
“AzPolitika.info” xəbər verir ki, “Komsomolskaya pravda”-nın efirində Qazaxıstanın şimalının sənaye zonası kimi ruslar tərəfindən tikildiyi və orada rusdilli əhalinin yaşadığı əsas gətirilərək, həmin ərazilərin Rusiyaya birləşdirilməsinin vacib olduğu bildirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ad çəkmədən bu çağırışlara cavab verib.
Tokayev deyib ki, separatizm və etnik ayrı-seçkilik meyllərinin qarşısı qətiyyətlə alınacaq: “Dövlət etniklərarası, dil və sosial zəmində bütün təxribatların qarşısını qanun çərçivəsində sərt şəkildə alacaq. Bizim ölkənin hər bir vətəndaşı öz sözləri və hərəkətlərinə görə məsuliyyəti dərk etməlidir. Emosiyalara, düşmənçilik və nifrət gündəminə uymaq olmaz. Özgə informasiya müharibələri və ideoloji mübahisələr bizə lazım deyil”.
Xatırladaq ki, bundan öncə də Rusiyada müxtəlif Kreml təbliğatçıları, siyasətçilər, hətta Duma üzvləri səviyyəsində Qazaxıstana qarşı ərazi iddiaları irəli sürülüb. Ancaq hələ ötən il Qazaxıstan Prezidenti Rusiya başçısı Vladimir Putinlə canlı görüşdə bildirmişdi ki, dövlətlərin ərazi bütövlüyünə hörmət edilməlidir və Qazaxıstan Luqansk, Donetsk və digər qondarma separatçı qurumları tanımır.
“AzPolitika.info”


Şərhlər