Nə qiyamçı kimi qiyamçı, nə də polkovnik kimi polkovnik idi...
Onu “qiyamçı polkovnik” adı ilə ilk dəfə Rusiya televiziyaları təqdim etdilər və Azərbaycanda baş qaldıran dövlət çevrilişi barədə sevincək xəbərlər yaydılar. Bunun özü Azərbaycanın kürəyindən vurulan zərbənin haradan qaynaqlandığına dair aydın təsəvvür yaradırdı...
Əslində, heç Sürət Hüseynova “qiyamçı polkovnik” adı da yaraşmırdı, çünki nə qiyamçı kimi qiyamçı, nə də polkovnik kimi polkovnik idi...
Tarix saysız-hesabsız qiyamlar və qiyamçılar görüb. Onların içində ədalətsizi, dağıdıcısı, amansızı da, ədalətlisi, mərhəmətlisi, xeyirlisi də olub. Ancaq bunların arasında ən ziyanlısı kənardan sifariş və idarə olunanı, heç bir ideologiyası, dəyərləri, məfkurəsi olmayanıdır ki, onlar da adətən kimlərinsə maşaları olan dayaz, təsadüfi, naşı adamlar tərəfindən həyata keçirilir. Sürət Hüseynovun özü də, qiyamı da belələrindən idi...
Baş tutan qiyama görə Baş nazir postu, Baş tutmayan qiyama görə isə həbsxana qazanan S.Hüseynov sonradan hansısa əməlinə görə peşman olubsa da belə, bu, hələ kövrək addımlarını atan və Azərbaycana pis-yaxşı demokratik gələcək ümidləri verən zəif bir hakimiyyəti devirdiyi üçün yox, öz çirkin missiyasını sonadək yerinə yetirə bilməməsi, öz səhvlərinə görə həbsə düşməsi ilə bağlı idi. Çünki onun törətdiyi əməllərin tarixi yükünü, ziyanını dərk edəcək nə intellekti, nə anlayışı, nə də məfkurəsi olub...

Bəs həmin dövrün Azərbaycanı üçün qiyam, çevriliş qaçılmaz idimi? Yəqin ki, yox. Lakin həmin cəmiyyət belə bir biabırçılığa layiq olmadığı kimi, məlum dairələrin silahlandırdığı savadsız, işbaz bir pambıq zavodu direktorunun devirə biləcəyi zəif, qətiyyətsiz, öz missiyasını sonadək dərk və müdafiə edə bilməyən hakimiyyətə də layiq deyildi. Bu ziddiyyətli, qeyri-müəyyən durumun nəylə nəticələndiyi, nəyə gətirib çıxardığını isə hamımız gördük, hərəmiz bir cür qiymətləndirdik və hələ də qiymətləndirməkdə davam edirik...
S.Hüseynovun ölüm xəbərini əksər saytlar, qəzetlər, sosial şəbəkə istifadəçiləri “Sürət Hüseynov öldü” kimi təqdim etdi və heç olmasa “vəfat etdi” ifadəsini də ona qıymadı. Bir insana bundan açıq, bundan aydın və birmənalı dəyər vermək mümkün deyil...
Onun nə tərəfdarı, nə “əqidədaşı”, nə pərəstişkarı vardı. O, öz yaxınlarından, qohum-əqrəbasından başqa heç kimə lazım deyildi, hətta vaxtilə ona “çörəkverən” deyən “taxtabaşlara” da. Bu adam bu millət üçün zatən çoxdan ölmüşdü. Dünənki fiziki ölümü isə onu sanki bir neçə saatlıq, bəlkə də bir neçə günlük yenidən diriltdi, yada saldı və yenidən öldürdü...
İstəsək də, istəməsək də tarix kitablarında “Azərbaycanın Baş nazirləri” bölməsində onun da adı olacaq. Ancaq bu ad, quru, boz bir mahiyyətdən başqa heç nə daşımayacaq, heç nə deməyəcək...

Beləliklə, bu adam “çörəkverən” zavod direktorluğundan hikkəsi, ədası, iddiası boyundan böyük “qiyamçıya”, Baş nazirliyə, oradansa məhbusluğa, yenidən işbazlığa və ən nəhayətdə Moskva-İstanbul reysinin yoldaca canını tapşıran tənha, sahibsiz, yiyəsiz xəstə sərnişininə qədər yol keçdi. Amma yəqin ki, bir az dözməsi, gözləməsi, yataqda ikən xalqın böyük əksəriyyətinin ona olan münasibətini bir daha hiss etməsi gərək idi: haradan gəlib, haraya getdiyini görməsi, anlaması üçün...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Azərbaycanın ordusunda, Preizdent Adminsitrasiyasında, təhlükəsizlik qurumlarında, dipolmatik strukturlarında "sürət hüseynov"lar çoxdur... odur mi, sürət öldü, iş bitdi sanmayın.... düşmən hər yerə sirayət edə bilib...
Oxucuya yazana: Heç demə “snayper” sözü ilk dəfə ovçular tərəfindən işlədilibmiş,belə ki “snayp” deyə çox çətin ovlanan bir quş var,o quşu hansı ovçu vurarmışsa ona snayper deyərmişlər.Yəni snaypı vuran ovçu.Sonralar bu söz ordulara keçmişdir,çox uzaqlardakı hədəfi sərrast vura bilənlərə deməyə başlamışlar.
Rəylər demək olar ki.məsələni aydın ortaya qoyur.Qalır nəticə çıxarmaq və ölkədə insan haqlarına,qanunun aliliyinə hörmət qazandırmaq və örtülü bazarı (ailə,qohum hakimiyyəti) açıq hala salıb AZərbaycanın,azərbaycanlı xalqın müdafiəsiilə məşğul olmaq.Hələ bir Sürət Hüseynovun milli mənsubiyyəti belə açıqlanmayıb.Biz hara gedirik?
E L Ə D İ R
Sürət Hüseynov ulu öndərin layihəsi olmasa idi onu Baş nazir təyin edğrdi?
Niyə heç kim Sürəti (əgər doğrudan onun adı Sürət,soyadıHüseyn idisə ) kimin ortaya çıxardığını,YEvlax Yun fabrikinə direktor gətirdiyini,orada hansı hoqqalardan çıxdığını.niyə onun hərəkətlərinə icazə verildiyini,sonrakı fəaliyyətlərinin arxasıda kimin və ya kimlərin durduğunu açıqlamır.Axı burada qaranlıq nə var?Elə bizim qorxaqlığımızın və ya qorxaq hala salınmağımızın da kökü buradan başlanır.Ölkəə Polis trjimini kim yaradıb?Bu qədər kamera,dinləmə qurğularında məqsəd nəir? Axı dünyada bu qədər izlənmə digər normal ölklərdə mövcud deyil.Niyə bunlara susuruq?
Cəlal Məmmədov, belə yazıları oxuyanda fikirləşirəm ki deyəsən bizdə hələ jurnalistika ölməyib ,sağ olun ,mənim fikirlərimin hamısını mətndə tapdım ,birdə ki ,bütün rusa,farsa ,ərəbə qulluq edənləin zatən sonları belə olur ,olanlar isə ölkəyə olur .
Hamının gözündə kiçik və mənasız görünən bu adam Azərbaycana necə böyük bir zərbə vurdu. O, bütün azərbaycanlılara borclu qalaraq öldü.
Sürət çox sonralar dostlarına deyibmişki,mən indi dərk edirəm məni vorzakonların əliylə hakimiyətə şirikləndirdilər,elə onların əliylədə məni heç etdilər.
afərin! Çox gözəl yazıdır.Bəli,Srət Hüseynov ölməzdən öncə etdiyi cinayətlərə cavab verməli və cəzasını almalı idi.....Amma indiyə kimi kimlər onu vəzifəyə gətirdi,niyə mühafizə etdi bu başqa məsələdir və bir az düşünsəniz onu da təyin edərsiniz....
Mukemmel yazi
Yazıq xalqım! Komissiyanın tərkibi hamısı birmənalı rus agenti.Daha doğrusu agent şərəfli sözdür.tulası.arif heç vaxt rusa olan sevgisini , TÜRKə olan nifrətini gizlətməyib.Bəlkə də bela rus olan arvadının qorxusundan edib.qorxub ki,belarus lafetsiz (arifsiz) qalar. bu bizimçün bəlarus olub.kim gizlədibsə ALLAH bəlasını versin.PEYĞƏMBƏRİMİZ S.A.S hədisində keçir ki, əsas nə qədər yaşamağın deyil, o ömrü necə yaşamağındır.bir dana bir naxırı bada verdiyi kimi.....
O dövr Gəncə hadisələri ilə əlaqədar Elçibəy hakimiyyəti ora Komissiya göndərdi ki, yerində məsələyə baxılsın və Bakıya məlumat gətirsinlər. Sədr İmam Mustafayev, üzvlər Şeyxülislam, Arif Rəhimzadə, Asya Manafova, Sabir Rüstəmxanlı və ola bilər ki, daha da kimsə olub deyə bilmərəm. Komissiya ya qorxudan, ya da mənə məlum olmayan hansısa səbəbdən işə çox etinasız yanaşmış və necə deyərlər tamamilə birtərəfli mövqe tutaraq, obrazlı desək "Surətin çaldığı havaya oynamışlar". Komissiya Bakıya qayıdaraq Milli Məclisdə hesabat xarakterli arayışlarını Sabir Rüstəmxanlıya oxutmuşlar və Sabir bəy də deyir ki, arayışın mətnini dəyişmişlər və mən fakt qarşısında qalaraq onu oxudum. Axı, Sabir bəy sən uşağ deyilsən ki, səni necə deyərlər aldadıb başqa arayış oxutsunlar. İmam Mustafayev, Şeyx kimi komissiyaçılar da demək olar ki, ağızlarına su alıb oturdular. Arif Rəhimzadə və Asya Manafova da ucadan elə hey həmin dövr mövcud iqtidarı suçlayırdılar. Axı 69 nəfər öldürülübsə, onların ad və soyadları, qəbirləri göstərilməliydi, yoxsa aparıb qəbiristanlıqda deyir bizə təzə qazılmış 5-6 qəbir yeri göstərdilər və s...???
Cəlal bəy ,
Həmişə olduğu kimi rəyiniz ədalətlidir
Sürət hansı dövlətin və kimlərin lahiyəsi idi,məncə bu mövzüyə toxunmaq lazım idi.
Həqiqətən kifayət qədər lakonik dəqiq, düzgün, vaxtında yazılan "nikroloq"dur Afərin Cəlal!
O dövr Gəncə hadisələri ilə əlaqədar Elçibəy hakimiyyəti ora Komissiya göndərdi ki, yerində məsələyə baxılsın və Bakıya məlumat gətirsinlər. Sədr İmam Mustafayev, üzvlər Şeyxülislam, Arif Rəhimzadə, Asya Manafova, Sabir Rüstəmxanlı və ola bilər ki, daha da kimsə olub deyə bilmərəm. Komissiya ya qorxudan, ya da mənə məlum olmayan hansısa səbəbdən işə çox etinasız yanaşmış və necə deyərlər tamamilə birtərəfli mövqe tutaraq, obrazlı desək "Surətin çaldığı havaya oynamışlar". Komissiya Bakıya qayıdaraq Milli Məclisdə hesabat xarakterli arayışlarını Sabir Rüstəmxanlıya oxutmuşlar və Sabir bəy də deyir ki, arayışın mətnini dəyişmişlər və mən fakt qarşısında qalaraq onu oxudum. Axı, Sabir bəy sən uşağ deyilsən ki, səni necə deyərlər aldadıb başqa arayış oxutsunlar. İmam Mustafayev, Şeyx kimi komissiyaçılar da demək olar ki, ağızlarına su alıb oturdular. Arif Rəhimzadə və Asya Manafova da ucadan elə hey həmin dövr mövcud iqtidarı suçlayırdılar. Axı 69 nəfər öldürülübsə, onların ad və soyadları, qəbirləri göstərilməliydi, yoxsa aparıb qəbiristanlıqda deyir bizə təzə qazılmış 5-6 qəbir yeri göstərdilər və s...???
Mükəmməl bir yazı