Məlum olduğu kimi, çoxdan gözlənilən geniş miqyaslı Ukrayna əks-hücumu bir neçə həftədir ki, davam edir. Lakin nəticələr gözləntiləri bir o qədər də doğrultmur.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviç Ukrayna kanallarının birinə müsahibəsində cəbhədəki vəziyyət və geosiyasi situasiya ilə bağl maraqlı açıqlamalar verib.
Ukrayna hakim dairələrinə kifayət qədər yaxın və məlumatlı şəxs kimi tanınan Arestoviç Qərbin Ukrayna ilə bağlı planlarından danışıb. O, qeyd edib ki, Ukraynanın hazırkı hərbi və iqtisadi imkanları yaxın perspektivdə ölkənin 1991-ci il sərhədlərinin bərpasını təmin edə bimir: “Yaxın vaxtda Ukraynanın 1991-ci il sərhədlərinə çıxması həlli mümkün olmayan məsələdir. Hazırda həlli mümkün olan məsələ Azov dənizi sahillərinə çıxmaq, Krım körpüsünü dağıtmaq, yaxud operativ atəş nəzarəti altına almaqdır. Bunun ardınca bizim qış fəslinə hansı vəziyyətdə daxil olacağımız məsələsi gəlir. Qışa necə girəcəyimiz isə bizdən yox, tərəfdaşlarımızdan asılıdır. Onların(silah) tədarükü olacaqmı və hansı miqyasda olacaq – bu, böyük sualdır”.
Arestoviç deyib ki, hazırda davam edən əks-hücum zamanı Ukrayna böyük miqdarda silah-sursat sərf edir. Əks-hücumun ikinci dalğasının təşkili, yəni Krım və Donbasın azad edilməsi üçün isə növbəti böyük silah yardımı paketlərinə ehtiyac olduğunu deyən sabiq müşavirin fikrincə, Qərbin bu yardımı lazımi səviyyədə edəcəyi hələ böyük sual altındadır.
Arestoviç bildirib ki, Qərb tərəfdaşlarının əksəriyyəti Ukraynanın Krımı silahlı yolla azad etməsinin əleyhinədir: “Qərbdə bizə silah tədarükünü məhdudlaşdıraraq, barışığa sürükləmək fikrində olanlar var. Belə meyllər kifayət qədər güclüdür. Qərbdə şərti olaraq “Kissincer planı”nı yürütmək istəyənlərin kifayət qədər ciddi arqumentləri var. Onlar deyirlər ki, Çin hələlik ciddi şəkildə münaqişəyə qoşulmayıb. Ancaq birdən görə bilərik ki, Şimali Koreya (Çinin köməyi ilə) Rusiyaya çoxlu artilleriya və mərmilər verir. Rusiya bu müharibədə nə edə bilirsə, artilleriya hesabına edir. Onların piyadaları və tank bölmələri zəifdir. Çin Putinin darmadağın edilməsində maraqlı deyil, çünki Putinin qalması onları tam təmin edir. Çünki çinlilər nə istəsələr, Putin onu edir. Bu vəziyyətdə Çin daha aktiv şəkildə Rusiyaya dəstək verə bilər... Qərbdə deyirlər ki, tutalım siz Krıma girdiniz. Putin vəhşi pişik kimi Krımdan yapışacaq, çünki bu yarımada onun tacındakı mirvaridir. Ona görə də hətta nüvə silahına əl ata bilər. Əlbəttə, biz(Qərb) o zaman müdaxilə edəcəyik və sair. Ancaq bu, nəyə lazımdır? Bu dediklərim mənim yox, Kissincerin planıdır. Onlar deyirlər ki, siz indi Azov dənizi sahilinə çıxırsınız, Krım körpüsünü dağıdırsınız, nəticədə Krımı təcrid edirsiniz. Bu, çox güclü mövqe olacaq və bu mövqedən(Rusiya ilə) bazarlığa getmək olar. Məsələn, Krımı silahsızlaşdırmaq, beynəlxalq nəzarətə, idarəçiliyə almaq, eyni üsulu Donbasa da tətbiq etmək və sair. Bundan sonra isə Putinin ölümünü gözləmək lazımdır. Putin öləcək və onun yerinə gələn rəhbərlik hər şeyi qaytaracaq. Çünki Rusiyada bu müharibəni davam etdirmək istəyən adam qalmayıb və indi orada hər şey bir nəfərin – Putinin iradəsinin üzərindədir. Bəli, bu, 5-10 il də davam edə bilər. Ancaq əvəzində 10 minlərlə əsgərinizin həyatını, iqtisadiyyatınızın, enerji sektorunuzun qalan hissəsini qoruyacaqsınız, müharibəni çox uzatmayacaqsınız və xüsusilə də NATO-ya üzv ola biləcəksiniz”.
Arestoviç bildirib ki, Qərbin bu ssenarisində məntiq olsa da, ona inanmaq müəyyən dərəcədə sadəlövhlük olar. Ən azından ona görə ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı hər hansı ciddi təminat yoxdur və Qərb “külək kimi tez-tez mövqeyini, istiqamətini dəyişə bilir”.
Sabiq müşavir qeyd edib ki, hazırda Ukrayna çətin durumdadır. Çünki Rusiyanın planı Ukrayna üçün qarşıdan gələn qışı xeyli çətinləşdirmək, cəbhədəki müdafiə xətlərini gücləndirmək, səfərbərlik keçirmək və yazda əks-hücuma hazırlaşmaqdır. Ukrayna isə bunun qarşısını almaq və öz planlarını həyata keçirmək üçün total şəkildə Qərbin hərbi və maliyyə dəstəyindən asılıdır.
Artestoviç deyib ki, Qərbdə Ukraynaya lazımi miqdarda silah-sursat və maliyyə yardımını məhdudlaşdıranların əsas arqumentlərindən biri guya Ukraynadakı korrupsiyadır: “Lakin hardasa korrupsiya varsa, bu, bütöv bir dövləti, xalqı, qadınları, uşaqları girov saxlamağa əsas vermir. Bu, bəhanədir. Təəssüf ki, son nəticədə hər şeyi bizə silah və pul verənlər həll edirlər. Onlarınsa bir-birindən fərqli mövqeləri var. Bizim arqumentlərimiz və istəyimiz bəllidir – 1991-ci il sərhədlərinə çıxmaq. Lakin Silahlı Qüvvələrimizin və iqtisadiyyatımızın indiki durumu ilə biz bunu edə bilmirik. Bu, texniki baxımdan həlli mümkünsüz məsələdir. Bunun üçün biz iqtisadiyyatımızı tamamilə hərbi relslərə keçirməliyik. O zaman 4-5 növbə işləsək, silah təminatımızın indiki kimi beş deyil, otuz faizini özümüz həyata keçirə biləcəyik və ərazilərimizin əhəmiyyətli hissəsini qaytaracağıq”.
Arestoviç bütün bunlarla yanaşı, Ukrayna ordusunun və generallarının bacarığını, gücünü sual altına almadığını xüsusi vurğulayıb. Əksinə, qeyd edib ki, Ukraynanın ordu rəhbərliyi silahlı qüvvələrin döyüş qabiliyyətini itirməməsi üçün çalışır: “Bizim generallar çox ağılla döyüşürlər. Qərb mətbuatı və siyasətçiləri tələb edirlər ki, tezliklə irəli gedək, nəticə qazanaq. Ancaq bizdə belə qənaət var ki, onlar bizim tezlikə Krım sərhədlərinə və Azov dənizi sahillərinə çıxmağımızı və bununla da hücum potensialımızın tükənməsini istəyirlər. Ondan ötrü ki, danışıqlarda güzəştlərə getməyə məcbur olaq. Zalujnı və digər generallarımız isə çalışırlar ki, həm bu mövqelərə çıxaq, həm də döyüş qabiliyyətimizi qoruyub saxlaya bilək. Çünki hücum qabiliyyətini saxlayan ordu güclü arqument deməkdir. Ona görə də biz tələsmədən, səliqə ilə, döyüş potensialımızı qorumaqla irəliləyirik”.
Arestoviç əlavə edib ki, Qərb tərəfdaşları, xüsusilə də ABŞ Ukraynaya münasibətdə özünü “təəccüblü” aparır: “Bir nümunə deyim. Onlar “F-16”-larla bağlı deyirlər ki, bunun üçün infrastruktur, pilotların, texniki heyətin hazırlanması və sair lazımdır. Olsun. Bəs “ATACMS”-ların verilməsinə nə mane olur? Ona ki, infrastruktur lazım deyil. Bu raketləri sadəcə, “HİMARS”-lar kimi quraşdırıb atmaq olur. Onlar 300 kilometr məsafəyə uça bilir. Bizdə analoji “STORM SHADOW” raketləri var və bu, hansısa “qırmızı cizgi”ni keçmək demək deyil...
Bu, heç kimə sirr deyil və bu barədə Qərb mətbuatı da yazıb ki, Priqojin Moskvaya hücum edəndə Qərb Putin hakimiyyətini xilas etməklə məşğul olub. Yəni, Qərb Rusiyanın darmadağınla, sarsıdıcı məğlubiyyətini və Rusiyada mərkəzi hakimiyyətin dağılmasını istəmir...
Onların 1100 ədəddən artıq “Patriot”-u var. Odessanı qorumaq üçün cəmi bir batareya lazımdır. Bu, 8 qurğu deməkdir. 1100-dən 8-ni verə bilməzlərmi? Bizə indiyə qədər cəmi iki batareya verilib. Bunlar cavabı açıq qalan suallardır...”
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Onsuzda sizə nə desələr onu edəcəksiniz!!!
Görün dünya kimlərin ümidinə qalıb.100 yaşını haqlayan pampersli bir qoca it o çürük başı ilə "məsləhət" verir.