“Qarabağ məsələsi”nin həllinə geopolitik kontekstdə qısa strateji baxış


Sülhəddin ƏKBƏR, AzDP sədri

“Qarabağ məsələsi”nin tam və qəti yekun həllinin kəskin aktuallaşdığı bir dövrdə məsələyə geopolitik kontekstdə strateji baxış da kəskin aktuallaşmışdır. Məsələnin tam və qəti yekun həlli üçün geopolitik kontekstdə strateji baxış ilk növbədə konseptual yanaşmanın dəyişdirilməsini tələb edir.

Birincisi, yeni dünya nizamı quruculuğunun və bununla bağlı gedən geopolitik mübarizənin (xüsusilə Azərbaycan Respublikasının da daxil olduğu Avro-Atlantik məkanda, post-sovet məkanında), baş verən toqquşma, böhran, münaqişə və müharibələrin həlledici mərhələyə daxil olduğu nəzərə alınmalıdır.

İkincisi, hazırda gedən bu geopolitik mübarizənin, baş verən toqquşma, böhran, münaqişə və müharibələrin, o cümlədən neoimperialist Rusiyanın Azərbaycan Respublikasına qarşı apardığı vəkalət müharibəsinin strateji – uzunmüddətli, hərtərəfli və dərin xarakter daşıdığı nəzərə alınmalıdır.

Üçüncüsü, strateji mübarizə, toqquşma, böhran, münaqişə və müharibələrdə sonucda strateji resursları böyük olan, bu resurslardan daha məqsədyönlü, rasional, praqmatik, səmərəli və effektli istifadə edən tərəfin qalib gələcəyi nəzərə alınmalıdır. Bu, tarixi təcrübə ilə, o cümlədən Soyuq Müharibə təcrübəsilə də təsbit olunmuş bir əqli nəticədir.

Dördüncüsü, yeni dünya nizamı quruculuğunun təməldə siyasi-mədəni çərçivəyə (demokratiya) oturdulduğu, dünyada dövlətlərin əsasən demokratik və anti-demokratik olmaqla bloklaşmağa, qruplaşdırılmağa başladığı da unudulmamalıdır.

Beşincisi, bu səbəblərə görə Azərbaycan Respublikası:

- Ümumiyyətlə “Qarabağ məsələsi”nə, neoimperialist Rusiyanın Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası və “DQR” vasitəsilə apardığı vəkalət müharibəsinə yeni dünya nizamı quruculuğu və bununla bağlı gedən geopolitik mübarizə kontekstində baxmalı;

- “Qarabağ məsələsi”nin həllinə, neoimperialist Rusiyanın Azərbaycan Respublikasına qarşı apardığı vəkalət müharibəsinə son verilməsinə strateji (uzunmüddətli, hərtərəfli və dərin) həll yolu tapmalı;

- Hazırda dünyada gedən strateji mübarizə, toqquşma, böhran, münaqişə və müharibələrdə həm təbii müttəfiqi, həm də yeganə rəsmi strateji müttəfiqi olan qardaş Türkiyə ilə birlikdə böyük koalisiya quranların, strateji resursları müqayisəsiz böyük olanların, bu resurslardan daha məqsədyönlü, rasional, praqmatik, səmərəli və effektli istifadə edənlərin – gələcək qaliblərin tərəfində yer tutmalı;

- Eyni zamanda NATO üzvü olan demokratik qardaş Türkiyə ilə birlikdə böyük demokratik koalisiya quranların yanında yer almalıdır.

Azərbaycan Respublikası, neoimperialist Rusiyanın ona qarşı apardığı geopolitik hədəfi olan, strateji xarakter daşıyan vəkalət müharibəsinə son verilməsinə və “Qarabağ məsələsi”nin tam və qəti yekun həllinə nail olmaq üçün bunları nəzərə almaqla:

- Məsələni yeni dünya nizamı quruculuğu və bununla bağlı gedən geopolitik mübarizə kontekstində, regionda destruktiv rol oynayan neoimperialist Rusiyanın C.Qafqazdan çıxarılması (ən azı, nüfuz və təsirinin minimuma endirilməsi) və teokratik İranın yaranacaq boşluğu doldurmasının qarşısının alınması (ən azı, bu cəhdin qarşısının mümkün qədər alınması) kontekstində qoymalı;

- Məsələyə strateji (uzunmüddətli, hərtərəfli və dərin) yanaşmalı, strateji alətlər dəstinin bütün elementlərindən – siyasi, diplomatik, maliyyə-iqtisadi, sosial, sosial-psixoloji, humanitar, mədəni, hərbi, kəşfiyyat, təhlükəsizlik, informasiya və s. alətlər kompleksindən istifadə etməli;

- Eyni zamanda məsələyə demokratik inkişaf perspektivindən baxmalı, başda strateji müttəfiqi qardaş Türkiyə olmaqla, “Böyük koalisiya”dan, ilk növbədə “Böyük demokratik koalisiya”dan dəstək almalı, II Qarabağ Müharibəsi dövründəki konyuktural koalisiyanı genişləndirməlidir (xüsusən də ABŞ, AB və NATO hesabına).

Azərbaycan Respublikası, məhdud (çərçivələnmiş) müharibənin yalnız məhdud hərbi qələbə, bunun da öz növbəsində yalnız məhdud müsbət siyasi nəticə verə biləcəyini də nəzərə almalıdır. Bu səbəblə, II Qarabağ Müharibəsinin məhdud (çərçivələnmiş) müharibə olduğu, tam və qəti qələbə ilə başa çatmadığı, ümumiyyətlə müharibənin bitmədiyi, sülh sazişinin imzalanmadığı gözardı edilməməlidir. Unudulmamalıdır ki, yetərli müsbət siyasi nəticəsi olmayan, milli maraqları tam təmin etməyən hərbi qələbə tamdəyərli sayıla bilməz. Bu halda, bütövlükdə müharibəni deyil, yalnız bir döyüşü uda bilərsiniz.

Azərbaycan Respublikası, neoimperialist Rusiyanın ona qarşı apardığı geopolitik hədəfli, strateji xarakterli vəkalət müharibəsinə son verilməsi və “Qarabağ məsələsi”nin tam və qəti yekun həlli üçün:

- “Böyük koalisiya”nın, xüsusilə “Böyük demokratik koalisiya”nın qlobal və regional geopolitik hədəflərini nəzərə almaqla, dəstəyini qazanmaqla, strateji savaş aparmalı;

- Bunun üçün bütün savaş məkanlarında – quru, dəniz, hava, kosmik və kiber məkanda, eləcə də cəmiyyət və dövlət həyatının bütün sahələrində güclü olmalı;

- Strateji qələbənin total qələbə olub, bu məkanların, eyni zamanda bu sahələrin hamısında qələbə çalmağı tələb etdiyini nəzərə almalı;

- Strateji hakimiyyəti, yəni total hakimiyyəti yalnız strateji qələbənin təmin edə biləcəyini unutmamalı;

- Bunun da fiziki, zehni və ruhi cəhətdən inkişaf etmiş, üstün, yaradıcı gücə sahib toplum, yetərli yetkin insan resursu və elita, eyni zamanda kollektiv ağıl – “milli ağıl” və ya “dövlət ağlı” tələb etdiyini hesaba qatmalı;

- Eyni zamanda görünən yaxın gələcəkdə (avqustun sonu, sentyabrın əvvəlindən başlayaraq) əlverişli (ən azı, nisbi əlverişli) geopolitik şəraitin yaranması və fürsət pəncərəsinin açılması ehtimalının yüksək olduğunu, “sürətli və qəti bir qələbə”yə ehtiyacının yarandığını gözardı etməməli;

- Əldə etdiyi halda, bu hərbi qələbəni vaxt itirmədən siyasi qələbəyə çevirməlidir (bunun üçün hərbi qələbə tam və qəti olmalıdır ki, ardınca ədalətli və davamlı sülh sazişi gəlsin).

Və beləliklə, iki əsrə yaxın tarixi dərinliyi olan bu məsələnin tam və qəti yekun həllinə nail olmalıdır.

Unudulmamalıdır ki, əgər seçilən strategiya qüsurlu və ya yanlışdırsa, bu qüsur və yanlışlıqları düzgün taktika ilə belə ortadan qaldırmaq (ən azı, nə əsasən, nə də tam olaraq) mümkün olmayacaqdır.

Eyni zamanda o da unudulmamalıdır ki, iş yalnız düzgün, məqsədyönlü, rasional, praqmatik, səmərəli və effektli strategiyanın seçilməsilə bitmir. Bu, müvafiq xarakterli operativ-taktiki siyasətlə tamamlanmalı və möhkəmləndirilməlidir. İstənilən qələbə yalnız bu halda mümkündür.

Bu səbəblə, hazırda Azərbaycan Respublikası, yaranmış operativ-taktiki şərait və şərtləri, xüsusilə də:

- Qarşıdakı düşmən kompleksin üçkomponentli (neoimperialist Rusiya, vəkilləri ER və “DQR”) olduğunu, əsas düşmənin də, hazırda Qarabağda qarşısında duran düşmənin də məhz Rusiya olduğunu;

- II Qarabağ Müharibəsində əsasən onun vəkilləri – ER və “DQR” üzərində hərbi qələbə çaldığını;

- Bu qələbəsinin tam və qəti olmasının qarşısını alan qüvvənin, ER silahlı qüvvələrinin Qarabağda qalan qalıntılarına və “DQR” “müdafiə ordusu”na, ümumiyyətlə bu qondarma quruma hamilik edənin də məhz Rusiya olduğunu;

- Hazırda ER-dəki revanşist qüvvələri, eyni zamanda “DQR”-dəki separatçı-terrorçu qüvvələri qoruyan, hərtərəfli dəstəkləyən və qızışdıranın da əsasən məhz Rusiya olduğunu;

- Bu üzdən, böyük sinergetik gücü olan strateji savaş aparmaqla birlikdə, düşmən kompleksin ünsürlərinə – neoimperialist Rusiya, ER və “DQR”-ə diferensial, fərdi yanaşmalı olduğunu;

- Böyük, kompleks strateji alətlər dəstindən məqsədyönlü, səmərəli və effektli istifadənin geniş manevr imkanları, operativ-taktiki imkanlar yaratmaqla birlikdə, asimmetrik və gözlənilməz gedişlər etmək imkanı yaratdığını;

- Hazırda Qarabağda və “Qarabağ məsələsi” ətrafında yaranmış durumun, xüsusən operativ-taktiki vəziyyətin təxirəsalınmaz addımlar atılmasını tələb etdiyini nəzərə almalı və hesaba qatmalıdır.

Hazırda yaranmış bu durum Azərbaycan Respublikasından nisbi üstün geopolitik, geostrateji və geoekonomik mövqeyindən məqsədyönlü, səmərəli və effektli istifadə etməklə birlikdə:

- Proaktiv, preventiv strateji savaş aparmasını;

- Aktiv, aqressiv siyasi-diplomatik siyasət izləməsini;

- Üstün maliyyə-iqtisadi, demoqrafik, sosial və sosial-psixoloji gücündən məqsədyönlü, səmərəli və effektli istifadə etməsini;

- Aktiv humanitar və mədəni siyasət aparmasını;

- ER-dən “DQR”-ə gələn bütün kommunikasiyaların bağlanmasını (bu tədricən və mərhələli də ola bilər), “göbək ciyəsi”nin kəsilməsini, buna paralel və eynizamanlı olaraq Azərbaycan Respublikasının bu bölgəsində bütün daxili kommunikasiya xətlərinin bərpa edilməsini, açılmasını, reinteqrasiya üçün infrastrukturun yaradılmasını;

- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyan ER-dən “DQR”-ə verilən bütün dəstəyin (başda maliyyə dəstəyi olmaqla) kəsilməsini sərt və qəti şəkildə tələb etməsini;

- Aktiv, aqressiv kəşfiyyat və təhlükəsizlik siyasəti aparmasını;

- Məqsədyönlü, səmərəli və effektli, həmçinin proaktiv və preventiv hərbi siyasət aparmasını;

- Düşmənin apardığı aktiv, aqressiv informasiya-psixoloji savaşa proaktiv, preventiv siyasətlə layiqli cavab verməsini;

- Aktiv, aqressiv xarici siyasət yürütməklə birlikdə, beynəlxalq təşkilatlarla, o cümlədən humanitar təşkilatlarla, KİV-lərlə aktiv və intensiv iş aparmasını, obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılmasına nail olmasını;

- Ümumiyyətlə cəmiyyət və dövlət həyatının bütün sahələrində lazımi işin aparılmasını, bütün milli-strateji resurslarından məqsədyönlü, səmərəli və effektli istifadə etməsini tələb edir.

Mövcud durum bir sıra aktual və aktuallaşmaqda olan məsələyə xüsusi, həssas yanaşma və diqqət tələb edir. Bu səbəblə, birincisi, Azərbaycan Respublikası unutmamalıdır ki, düşmən üzərində tam və qəti qələbə ilk növbədə onun mübarizə əzminin sındırılmasını tələb edir. Bu da öz növbəsində məqsədyönlü, səmərəli və effektli strateji savaş aparılmasını, xüsusilə hərbi, kəşfiyyat, təhlükəsizlik və hüquqi xarakterli kompleks addımların atılmasını, tədbirlərin görülməsini:

- Qarabağın rus-erməni birliklərinin nəzarətində olan hissəsinin operativ mühasirəsinin taktiki, faktiki mühasirəyə çevrilməsini, mühasirə halqasının maksimum daraldılmasını;

- Düşmənə güc nümayişini, birbaşa “yeni təmas xətti” ətrafında irimiqyaslı və uzunmüddətli hərbi təlimlərin keçirilməsini, düşmənin güc tətbiqi ilə hədələnməsini;

- Niyyətin ciddiliyini göstərmək məqsədilə, düşmənə nöqtə zərbələrinin vurulmasını, lokal hərbi əməliyyatların aparılmasını;

- 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinin reallaşdırılması məqsədilə, tammiqyaslı hərbi əməliyyatlara tam hazırlığın nümayiş etdirilməsini;

- Eynizamanlı və paralel olaraq aktiv və aqressiv kəşfiyyat (kəşfiyyat-informasiya, kəşfiyyat-təxribat, kəşfiyyat-əməliyyat) fəaliyyətinin aparılmasını, kəşfiyyat müharibəsinin başladılmasını;

- Təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatlara, eləcə də antiterror əməliyyatlarına başlamasını;

- 13 fevral 1988-ci ildən bugünədək cinayət, ələlxüsus insanlığa qarşı, hərbi xarakterli, separatizm və terror(çuluq)la bağlı cinayət törətmiş, haqqında cinayət işi olan, təqib edilən, axtarışda olan şəxslərlə bağlı əməliyyatların keçirilməsini tələb edir.

Azərbaycan Respublikası onu da unutmamalıdır ki, düşmənə əsas, həlledici zərbə başlıca hamisi neoimperialist Rusiyanın müqavimət göstərə bilməyəcəyi, başda Fransa olmaqla, digər hamilərinin isə müdaxilə edə bilməyəcəyi qısamüddətli (48-72 saatlıq) bir dövrdə vurulmalıdır. Bu zaman süni şəkildə yubadılmadan, süründürməçiliyə yol verilmədən sülh sazişinin əldə edilməsində maraqlı olan ABŞ və AB-nin (əslində, bu həm də elə NATO deməkdir) “səssiz razılığı”nın alınmasının məqsədəuyğunluğu və vacibliyi də, təbii ki, unudulmamalıdır.

İkincisi, Azərbaycan Respublikası düşmənin onun “yumşaq qarnı”na – humanitar və siyasi sahədə, demokratiya və insan haqları sahəsində edəcəyi hücumlara hazır olmalı və bu sahələrdə əldən verdiyi təşəbbüsü vaxt itirmədən geri qazanmalıdır. Bu məqsədlə, Azərbaycan Respublikası:

- Qarabağın hələlik nəzarətimizdə olmayan hissəsi ilə bütün kommunikasiyaların bərpa olunmasına, açılmasına çalışmaqla, reinteqrasiya üçün infrastruktur yaratmaqla birlikdə, ABŞ, AB, RF-ni, başda BMT və BQXK olmaqla, ölkəmizdə nümayəndəliyi olan bütün beynəlxalq təşkilatları, xüsusilə humanitar yardım təşkilatlarını Qarabağın erməni sakinləri üçün nəzərdə tutulan humanitar yardımların məhz Ağdam-Xankəndi yolu ilə, eləcə də ölkəmizin digər yolları ilə çatdırılmasının leqal və konstruktiv yol olduğuna inandırmalı və onları bu işə cəlb etməli, süni “blokada” və “humanitar böhran”nın məhz siyasi spekulyasiya məqsədilə şüurlu və məqsədyönlü şəkildə yaradıldığını sübut etməyə nail olmalı;

- Eynizamanlı və paralel olaraq, aktiv siyasi-diplomatik fəaliyyət və informasiya siyasəti (eləcə də informasiya-psixoloji savaş) aparmalı, bu sahədə obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılmasına nail olmalı;

- Demokratik açılıma getməli, işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Qarabağın hələlik nəzarətimizdə olmayan hissəsində, başda ATƏT müşahidəçiləri olmaqla, beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və ədalətli yerli seçkilər – bələdiyyə seçkiləri keçirməyə hazır olduğunu rəsmən bəyan etməlidir.

Üçüncüsü, Azərbaycan Respublikası, çox gec olsa da, Qarabağın hələlik nəzarətimizdə olmayan hissəsinin reinteqrasiyası üçün qanunvericilik bazası yaratmaqla birlikdə, müvafiq icra qurumu yaratmalıdır.

Sonda bir daha qeyd edək ki, tamdəyərli siyasi nəticənin əldə olunması, ədalətli və davamlı sülh sazişinin imzalanması üçün düşmən üzərində tam və qəti qələbə, bunun üçün də tammiqyaslı strateji savaşda tam və qəti strateji qələbə, ilk növbədə isə düşmənin savaş əzminin tam və qəti sındırılması tələb olunur.

Tanrı bu qutlu yolda yar və yardımçımız olsun.

Tanrı bu qutlu yolda silahlı qüvvələrimizi, ordu-millətimizi və dövlətimizi qorusun. Amin.

09-10 avqust 2023-cü il