“Təbliğatçılar səngərə girən kimi, məğlub olacağıq”

Rusiyanın Ukraynaya qarşı ilyarımdır davam edən işğalçılıq müharibəsi bu ölkənin dövlət və siyasi institutlarının normal fəaliyyətinə böyük maneələr törədir. Buna baxmayaraq, rəsmi Kiyev vəziyyəti normallaşdırmağa, çıxış yolları tapmağa çalışır.

“AzPolitika.info” xəbər verir ki, hazırda Ukrayna siyasi mühitində və mətbuatında müharibə ilə yanaşı, ən çox müzakirə olunan siyasi mövzulardan biri qanunla bu ilin payızında keçirilməli olan parlament və 2024-cü ilin yazında baş tutmalı olan prezident seçkisidir. Görünən odur ki, nə ölkənin indiki rəhbərliyində, nə siyasi partiyalarda, nə də ümumilikdə cəmiyyətdə müharibə dövründə seçkilərin keçirilib-keçirilməməsi ilə bağlı birmənalı mövqe yoxdur.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov yerli kanallara açıqlamasında müharibə davam etdikcə, hər hansı seçkinin keçirilməsinin qətiyyən doğru olmadığını bildirib. O, deyib ki, hərbi əməliyyatlar davam edən bir vaxtda seçki keçirəcəyi təqdirdə, Ukrayna mütləq Rusiya qarşısında məğlub olacaq: “Deyə bilərəm ki, təbliğatçılar səngərə girən kimi, məğlub olacağıq. Səngərdə təbliğat ola bilməz. Bizim insanlar isə səngərlərdədirlər. Dövlətin vəzifəsi sadədir – hər kəsin səsverməsini təmin etmək”.

Danilovun fikrincə, seçki keçiriləcəyi təqdirdə, bütün hərbçilərin orada iştirakı təmin olunmalıdır. Bunun üçünsə onların namizədlərin siyasi platforması, təbliğatıyla maraqlanması, seçim etməsi gərək olacaq. Bu da hərbçilər arasında parçalanma, fikir ayrılığı yarada bilər ki, müharibə dövründə də buna qətiyyən yol vermək olmaz.

Danilov həmçinin, milyonlarla ukraynalının ölkə xaricində olduğunu, onların səsverməsinin təşkili, eləcə də namizədlərin bu insanlar arasında necə təbliğat keçirəcəyi ilə bağlı böyük sualların mövcud olduğunu vurğulayıb: “Bizə məsləhət verən adamların anlaması lazımdır ki, onlar bizim reallıqlar içərisində yaşamalıdırlar, partlayışların olmadığı, hər şeyin yaxşı olduğu reallıqlarda yox”.

Lakin Ukrayna siyasi dairələrində hamı Danilov kimi düşünmür. Zelenski hakimiyyətinə müxalif siyasi qüvvələr arasında, eləcə də hakim partiyanın özündə müharibənin davam etməsinə baxmayaraq, demokratik dəyərləri üstün tutanlar, seçkilərin təxirə salınmasının əleyhinə olanlar kifayət qədər çoxdur.

Elə Zelenski hakimiyyətinin özündə də seçkilə bağlı birmənalı mövqenin olmadığı görünür. Hətta Volodimir Zelenskinin özü müharibəyə rəğmən seçkinin keçirilə biləcəyinə eyham vurub.

Prezident bir müddət əvvəl bu mövzuyla bağlı deyib ki, mövcud qanunvericiliyə görə hərbi vəziyyətin hökm sürdüyü dönəmdə seçki keçirilməsi mümkün deyil. Lakin bununla yanaşı, onu da əlavə edib ki, tərəfdaş ölkələrin dəstəyilə seçkiyə getmək olar. Bu halda, Zelenskinin özü ölkəni tərk eytməyəcəyini və ikinci müddətə prezidentliyə namizədliyini verəcəyini bəyan edib. Tərəfdaş ölkələrin dəstəyi dedikdə isə ilk növbədə seçkiyə çəkiləcək maliyyə xərclərinin tərəfdaş ölkələrin öz üzərlərinə götürməsi, eləcə də ağır təşkilatçılıq prosesində yardım göstərilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Qərbdə də Ukraynada xüsusilə gələn ilin yazında prezident seçkisinin keçirilməsinə tərəfdar olanlar var. Onların fikrincə bu, Ukraynanın hər şeyə rəğmən, demokratiya yolundan dönmədiyinin və müharibənin bu ölkənin, cəmiyyətin demokratiya iradəsini sarsıtmadığının nümayişi ola bilər.

Beləliklə, görünən odur ki, hələlik seçkiylə bağlı qəti qərar verilməyib. Müşahidəçilər qeyd edirlər ki, payızda baş tutmalı olan parlament seçkisinin qanunla nəzərdə tutulan vaxtda keçirilməsi ehtimalı demək olar, yoxdur. Ona görə də bu seçkinin də prezident seçkisi ilə eyni vaxtda keçirilməsi kimi variantlar ətrafında müzakirələr mümkündür. Yəni, parlament seçkisinin təxirə salınması birmənalıdır, prezident seçkisi ilə bağlı isə yəqin ki, yaxın zamanda qərar verilə bilər.

C.Məmmədov

“AzPolitika.info”