Son günlər Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsini tərk edərək Laçın-Xankəndi yolundakı nəzarət-buraxılış məntəqəsi (NBM) vasitəsi ilə Ermənistana gedən ermənilərin sayı artıb. İki gün əvvəl yayılan məlumatda tələbə olduğu bildirilən daha 183 nəfərin Azərbaycan ərazilərindən çıxışına icazə verildiyi bildirilib. Onlardan 155 nəfəri Ermənistan vətəndaşıdır.

NBM-dən çəkilən fotolardan isə açıq görünür ki, Xankəndini tərk edən 25-35 və daha üstün yaş qurupuna malik olan şəxslər tələbə-filan deyil, onlar qanunsuz silahlı dəstələrin hərbi geyimi bir az əvvəl soyunmuş üzvləridir.

Ermənistan bu günə qədər Rusiyanın müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində nizami ordu hissələrinin qaldığını inkar edir. Rəsmi Bakı bu barədə detallı informasiyalara malikdir və onu beynəlxalq təşkilatlarla, media ilə bölüşür. 44 günlük müharibədə məğlub olan Ermənistan ordusunun bir hissəsi (15-18 min nəfər) hərbi texnika ilə birgə dislokasiya olunduğu ərazilərə çəkilib. İki ildən artıq müddətdə onların təchizatı Ermənistan tərəfindən gizli şəkildə Laçın yolu və ona paralel yollar vasitəsi ilə həyata keçirilib.


İrəvanın büdcədən Xankəndindəki separatçı rejimə hər il ayırdığı 300 milyon dollara yaxın  vəsaitin müəyən hissəsi Azərbaycan ərazisndə qalan erməni hərbçilərinin maaşlarına, qida və hərbi ehtiyaclarına sərf olunub. Rəsmi Bakı dəfələrlə İrəvandan bu təxribatçı və beynəlxalq normalara zidd fəaliyyətə son qoymağı tələb edib. Nəhayət, bu il aprelin 23-dən Laçın yolunda NBM qurulduqdan sonra birbaşa təchizat dayandırılıb. Həmin vaxtdan onların təminatı müəyən miqdarda Rusiya sülhməramlıları tərəfindən və yerli imkanlar hesabına həyata keçirilir.

Maraqlıdır, Ermənistan hərbçilərinin Qarabağ ərazilərini tərk etməsinin səbəbi nədir? Onları Ermənistan hökuməti çıxarır, yoxsa, Rusiyanın hansısa planı var?

İlk növbədə qeyd edək ki, Azərbaycanın müvafiq qurumlarına ərazimizi tərk edənlərin “tələbə” olmadığı əlbəttə, məlumdur. Amma buna baxmayaraq, bölgəni tərk etmələrinə mane olmurlar. Səbəb bəllidir: Bakı daim təkrarlayır ki, Qarabağın məlum ərazində qalan qanunsuz silahlı briləşmələr tərk-silah olub Azərbaycandan çıxmalıdır. İndi onların bir qismi könüllü şəkildə getdiyindən, Azərbaycan hökuməti buna mane olmağa ehtiyac duymur.

İlk və daha çox ehtimal olunan versiya da bundan ibarətdir ki, artıq onların təminatını həyata keçirə bilməyən Ermənistan hökuməti müharibə dövründən bölgədə qalan hərbçilərini ölkəyə qaytarır. Bununla bağlı Azərbaycanla gizli razılaşmanın olduğu da istisna deyil. Məhz bu səbəbdən Rusiya prosesə mane ola bilmir.

Geri dönən hərbçilər yəqin ki, Ermənistan ərazilərində hərbi xidmətlərini davam etdirəcəklər. Çünki, müharibədə böyük itkilər vermiş erməni ordusunun sıraları seyrəlib, gənclər arasında hərbi xidmətə maraq azdır. Peşəkar ordu sisteminə keçmək istəyən Ermənistan hökuməti Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verilmiş hissəsində olan hərbçiləri ölkəyə qaytarmaqla onlardan yararlanacaq.

Nəzərə alaq ki, sülh müqaviləsinin imzalanmasının əsas şərtlərindən biri də erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsidir. Bu,10 noyabr bəyanatında da yazılıb.

Azərbaycan 3 ilə yaxın müddətdə Ermənistandan bu bəyanatın müddəalarını yerinə yetirməyi tələb etsə də, İrəvan bundan yayınıb. Rəsmi Bakı bunun sonsuza qədər davam edə bilməyəcəyini, ölkəmizin ərazilərini tərk etməyəcəkləri halda, qanunsuz erməni silahlı dəstələrinə qarşı hərb əməliyyatın keçiriləcəyini bəyan edib. Müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, rəsmi Bakı artıq yaxın vaxtlarda bu “təmizlik əməliyyatına” başlaya biləcəyinə dair həm İrəvana, həm də Moskvaya xəbərdarlıq edib.


İstisna deyil ki, Ərdoğan-Putin görüşündə Rusiyanın da bununla bağlı razılığı alınıb. Xatırladaq ki, sentyabrın 4-də Soçidə keçirilən Putin-Ərdoğan görüşündə regiondakı təhlükəsizlik məsələləri çərçivəsində Azərbaycanın tam suverenliyinin təmin olunmadığı Qarabağın məlum hissəsindəki vəziyyətə dair, eləcə də Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər də müzakirə edilib. Amma nə Moskva, nə də Ankara detallı açıqlama verməyib. İstisna deyil ki, liderlərin hansısa razılaşması var. Rusiyanın gedişatı səssiz izləməsi də bununla bağlı ola bilər...

Yəqin ki, Ermənistan hökuməti də məhz Bakının regiondakı güclərlə razılaşdırılmış “təmizlik əməliyyatına” başlaya biləcəyindən qorxuya düşərək qanunsuz silahlı dəstələrini Qarabağ ərazisindən çıxarmağa başlayıb.

Təsadüfü deyil ki, uzun müddət sülh müqaviləsi imzalamaqdan qaçan Paşinyan da son günlər sülh danışıqlarını bərpa etməyə hazır olduğunu bildirib. Bunun da məhz Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla məğzi tam açıqlanmayan telefon söhbətindən sonraya təsadüf etməsi maraq doğurur. Ərdoğan G-20 sammitindən sonra Ermənistanın Qarabağ ərazisində və sərhədimizdəki destruktiv fəaliyyətindən narazılığını dilə gətirib, erməni silahlı qüvvələrinin bölgədən çıxarılmasının vacibliyini bildirib. Bununla bağlı Paşinyana xəbərdarlıq edəcəyini də demişdi.

Telefon danışığından sonra Ərdoğan Paşinyanla söhbətinin məhsuldar keçdiyini desə də, detalları açmamışdı. Qeyd etdiyimiz kimi, məhz bu müzakirələrdən sonra erməni hərbçiləri Azərbaycan ərazilərini tərk etməyə başlayıb. Azərbaycan hökuməti də onlara mane olmur.

İstisna deyil ki, Ərdoğan Bakının tələblərini Paşinyana çatdırıb və məsələnin nə qədər ciddi olduğunu ona anlada bilib. Rəsmi İrəvan da nə sərhədə qoşun toplamağın, nə də şüvən salmağını qanunsuz erməni silahlılarını xilas edə bilməyəcəyini anladığından, onları ərazimizdən çıxarmağa başlayıb.

Bu arada rəsmi Bakı sülh sazişi ilə bağlı yeni təkliflərini də Ermənistana təqdim edib, hazırda İrəvanda onun ətrafında qapalı müzakirələr davam etdirilir.

İkinci ehtimal olunan versiya isə bundan ibarətdir ki, Qarabağ ərazisində qalan qanunsuz erməni silahlıları Rusiya tərəfindən Ermənistana göndərilir. Niyə?

Məlumdur ki, Kremlin əsas hədəfi bölgədə erməni əhalinin qalması, qanunsuz silahlı dəstələrin, separatçı rejimin onların himayəsi altında fəaliyyətini davam etdirməsidir. Bu səbəbdən müharibədən dərhal sonra Qarabağ ərazilərini tərk etmiş erməniləri geri qaytarmaq Rusiya sülhməramlılarının ilk işi oldu. Hər gün nə qədər erməni sakinin Xankəndinə gətirildiyi barədə hesabat verilirdi.

Son vaxtlar demək olar hər gün Paşinyanı Qarabağı tam şəkildə Azərbaycanın ərazisi kimi tanıdığına görə ittiham edən Kremlin siyasətində ciddi dəyişiklik görünmür. İstisna deyil ki, Ermənistan vətəndaşlarının Qarabağın məlum ərazilərini də tərk etməsi Rusiyanın hansısa planları ilə bağlıdır.

Rusiya və Ermənistan hakimiyyətləri arasında artan gərginliyin səbəblərinə diqqət etdikdə, Kremlin bəzi planlarını təxmin etmək olar.

Məlum olduğu kimi, Paşinyan Ermənistanın taleyinin yalnız Moskvaya bağlanmasının ciddi səhv olduğunu bildirib, ABŞ, NATO, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə çalışır. 

Açıq şəkildə İrəvanı Rusiyanın təsir dairəsindən çıxarmağa, Qərbin “çətiri” altına salmağa çalışır. Bu məqsədi reallaşdırmaq üçün:

-KTMT-də iştirak de-fakto dayandırılıb;

-Avropa İttifaqının müşahidə missiyası (əslində hərbi dəstəsi-red.) Ermənistana gətirilib;

-ABŞ-la birgə hərbi təlimlərə start verilib;

-BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Roma statutunu parlamentdə təsdiqləyəcək və s...

Son vaxtlar Paşinyan həm də Rusiya rəhbərliyi ilə sözlü konfliktə girib. Onun İtaliya mətbuatına Rusiyanın Cənubi Qafqazı tərk edəcəyini bəyan etməsinə Kremldən qəzəb dolu cavablar verilir. Kremlə yaxın ekspertlər, politoloqlar Putindən Paşinyanın cəzalandırılmasını tələb edirlər.

Mümkündür ki, Rusiya da Ermənistanda Paşinyanı devirəcək hərakatı başlatmaq üçün ona sadiq olan erməniləri İrəvana toplayır. Bu məqsədlə də Xankəndində separatçı rejimə bağlı qanunsuz erməni silahlı birləşmələrinin üzvlərini də Ermənistana göndərir.

Xatırladaq ki, Moskvanın Ermənistanın ağır məğlubiyyəti ilə bitən 44 günlük müharibədən sonra Paşinyanı devirmək cəhdləri nəticəsiz qaldı. Rusiyapərəst müxalifətin - keçmiş siyasi elitanın, agentura şəbəkəsinin Ermənistanda xaos yaratmaq cəhdləri isə səmərəsiz oldu. Onların aksiyalarına ən çox 7-8 min nəfər çıxdı.

Həmin vaxt Rusiya da əlindəki iqtisadi, siyasi vasitələrlə açıq şəkildə Ermənistanı cəzalandırmaq istəmədi, xalqın daha da anti-Rusiya əhvalına köklənəcəyindən ehtiyatlandı.

Amma indi vəziyyət dəyişib. Paşinyan Ermənistanı sürətlə nəzarətdən çıxarır. Erməni cəmiyyətinin ona dəstəyi azalsa da hələ ki, yetərli səviyyədədir. Ona görə də Kremlin Paşinyan hakimiyyətini devirib anti-Rusiya prosesini dayandırmağa çalışması istisna deyil.

Mümkündür ki, bunu həyata keçirmək üçün “öz qüvvələrini” İrəvana toplayır.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyadakı vətənpərvər ermənilərin sayının Ermənistandakı yerli əhalidən çox olduğunu bəyan etmişdi. Ardınca Xankəndindəki separatçı milyarder Ruben Vardanyan bəyan etdi ki, Paşinyana qarşı birləşmiş qüvvələrə dəstək verməyə hazırdı. Qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin bir hissəsinin Qarabağ ərazilərindən çıxarılaraq Ermənistana daşınması bu planın tərkib hissəsi də ola bilər.

Bir faktı da gözardı etmək olmaz ki, Ukraynaya qarşı müharibədən sonra on minlərlə erməni və Rusiya vətəndaşı Ermənistana gəlib. Onların içində xüsusi xidmət orqanlarına bağlı şəxslərin olmasına şübhə yoxdur. İstisna deyil ki, müxalifətin Paşinyana qarşı gözlənilən etiraz aksiyası zamanı bu qüvvələrin hamısı hərəkətə gətirilə bilər.

Beləliklə, hər iki versiyanı dəstəkləyən arqumentlər var. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Moskva-İrəvan arasındakı ziddiyətlərdən, Türkiyənin təsir rıçaqlarından, habelə əlindəki güc resursundan səmərəli şəkildə istifadə etməklə Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində də tam suverenliyini bərpa etməyə çalışır. Nəticəni gözləyək...

E.Rüstəmli

“AzPolitika.info”