“Antiterror tədbirlərinin həyata keçirilməsindən 23 saat 44 dəqiqə sonra erməni silahlıları təslim olmağa məcbur oldular. Bundan sonrakı dövrdə Azərbaycan tərəfindən onların silahları, texnikaları, vasitə və avadanlıqları toplanır. Yaxın günlərdə Bakıda onların nümayiş etdiriləcəyi şübhə doğurmur”.
Bunu “AzPolitika.info”ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, bundan sonra Azərbaycan üçün prioritet istiqamətlərdən biri erməni silahlılarını ölkə hüdudlarından uzaqlaşdırmaqdır: “Hazırda silahların Azərbaycanın güc strukturları tərəfindən qəbul edildiyinə dair rəsmən təsdiqlənməyən məlumatlar var. Səhər saatlarında 800-dən artıq silah Azərbaycana təhvil verilib. Hazırda bu proses aktiv fazadadır”.
Ə.Verdiyev qeyd edib ki, bununla paralel olaraq Azərbaycan həm Ağdərə, Kəlbəcər, həm də Xocavənd rayonları istiqamətində boşalan kəndlərdə öz təhlükəsizlik qüvvələrini yerləşdirməkdədir.
“Rəsmi məlumata görə, 20 yaşayış məntəqəsi artıq Azərbaycanın nəzarətindədir. Ordumuzun bölmələri Ağdərə, Əsgəran, Xankəndi, Xocalı və Xocavənd yaşayış məntəqələrinə kifayət qədər yaxın məsafədə yerləşiblər”, - ekspert vurğulayıb.
“AzPolitika.info”


Şərhlər
Məncə, heç bir silahın-metal tullantısının nümayişinə ehtiyac yox və yersiz xərclərdir. Yararlısı varsa, birbaşa uyğun arsenala əlavə etmək olmazmı? Bir də ki, *Zəfər*dən bəyan edilmişdi ki, *Ermənistan Ordusu tam məhv edilib, yoxdur!* 13-14.09.2022 gecəsi yeni gizli müharibə cəhdi deyildimi? Bir gücədə yenə Qarabağa qovuşacaqdılar? Hər ilin neçə günü var ki, onlar azərbaycanlılara tərəf atəş açmasınlar?