Hazırda biz Qarabağ ərazindəki ermənilərin kütləvi və dinc köçünə şahidlik edirik. Dünyanın aparıcı KİV-ləri köç barəsində canlı reportajlar versələr də, hadisənin əsl mahiyyətini tam obyektiv formada izah etmirlər. Otuz il bundan öncə azərbaycanlıların öz evlərindən qətliamlar, hərbi cinayətlər törətməklə qovulması zamanı həmin mətbuat orqanları ortalıqda görsənmirdilər.

Bəlkə də biz tarixin ən maraqlı və qəribə hadisəsiləri ilə qarşılaşırıq. Əgər dünya tarixinə yaxşı baxsaq, görərik ki, istənilən kiçik xalqın özünü qoruma instinkitindəki ən qabarıq xüsusiyyət onun iri dövlətlərin davasında iştirakdan qaçması və neytral qalmağa çalışmasıdır.

Amma bu cəhətdən Ermənistan istisna təşkil edir. Belə ki, Ermənistan lap əvvəldən balanslaşdırılmış və qonşu ölkələrlə dil tapmaq siyasətindən imtina edərək, güc mərkəzlərinin birinin vassalına çevrilməyə razılaşıb. Yəni, ermənilər belə fikirləşiblər ki, sözügedən güc mərkəzi olan Rusiya “xüsusi nökərçilik xidməti” müqabilində Ermənistanın nəinki təhlükəsizliyini və maddi ehtiyaclarını təmin etməli, həmçinin onların “miatsum” ideyasının gerçəkləşməsi naminə Türkiyə və Azərbaycana qarşı amansız mübarizə də aparmalıymış. Beləliklə, məhz Rusiyanın sayəsində meydana çıxmış cırtdan Ermənistan həddini aşaraq öz ağası qarşısında tələb qoyur, ona minnət vurur. Ermənilər elə zənn edirdilər ki, bununla Rusiyanı çıxılmaz seçim qarşısında qoyacaqlar.

Ancaq dərk etmirdilər ki, tarixdə böyük dövlətlərin bir-birilə geostrateji rəqabəti ilə yanaşı, onların maraqlarının üst-üstə düşməsi məqamı da yarana bilər. Bu halda nə olur? Belə vəziyyətdə ballast yük (Ermənistan) kənara itələnir...

Hiylə ilə həyata keçirmək istədiyi sərsəm ideyalarının tələsinə düşən Ermənistan rüsvayçı məğlubiyyətdən müsbət mənada dərs çıxara biləcəkmi? Ermənilərin böyük əksəriyyətinin baş verənlərdən nəticə çıxaracağına inanmaq sadəlövhlük olar.

20-ci əsrdə ermənilər vahid bir ideya ətrafında birləşməyə çalışıblar. Bu, özünəməxsus layihə olub desək, səhv etmərik. Təbii ki, hər bir xalqın ideoloji platformaya ehtiyacı var, əks təqdirdə mənəvi-psixoloji cəhətdən cəmiyyətin bütövlüyünün qorunub saxlanılmasında çətinliklər meydana gəlir. Əlbəttə ki, dövlət hər hansı bir ərazidə məskunlaşan insanların birgə yaşayışının əsas təminatçısı kimi ideoloji baza qurulmasında mühüm rol oynamalıdır. Dünyada sayca ermənilərdən qat-qat çox olan, lakin dövləti olmayan millətlər var. Ancaq ermənilər tarixin və Rusiyanın onlara bəxş etdiyi dövləti öz xəstə təxəyyüllərinin gerçəkləşdirilməsi mexanizmi hesab etdilər və aqibətləri də göz qabağındadır.

Ermənilərin milli strateji düşüncəsi əsas etibarı ilə aşağıdakı baxışlar üzərində tənzimlənib.

1)Onların özlərinə düşmən yaratmaq xüsusiyyəti var.

Bunu düşünülmüş, planlı şəkildə edirlər, yoxsa bu, onların təbii genetik xarakterindən irəli gəlir?B urada hər iki faktor birlikdə rol oynayır. Həmçinin, hesab etmək olar ki, daxildə bir-biriləri ilə didişməmələri üçün onlara mütləq xarici düşmən gərək olub. Nəticədə türkləri özlərinə düşmən seçiblər. Halbuki, birlikdə yaşadıqları müddətdə onlardan heç bir pislik və ziyan görməyiblər.

2)Ermənilərin beyninə yerləşdirilib ki, “çox qədim və möhtəşəm” xalqdırlar.

“Böyük Ermənistanın bərpası” əfsanəsinin gerçəkləşdirilməsi kimi səfeh hədəflər də bundan irəli gəlib. Keçmiş “dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi istəyi də həmin naxoş və gicbəsər layihənin tərkib hissəsiydi.

3)Ermənilər qarşılarına qoyduqları bu məqsədlərin reallaşması ilə yanaşı, həm də özlərinə himayədar, ağa axtarıblar. 

Həmin himayədarın Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi çıxş etməsini istəyiblər. Bolşeviklər sayəsində yaradılmış Ermənistan respublikası son 30 ilə yaxın müddətdə Rusiya Federasiyasının himayəsi altında yaşamış və Qarabağı də məhz onun sayəsində işğal etmişdi.

İndi Ermənistan Rusiyadan əlini üzüb və yeni ağa axtarışına çıxıb. Lakin ABŞ, Fransa və ya İrana güvənməklə özlərini növbəti dəfə aldadırlar. Rusiya ilə 200 illik sıx ictimai-siyasi və iqtisadi bağların sürətlə qırılması və onun hansısa naməlum yeni qəyyum ilə əvəzlənməsi ağır nəticələrə gətirib çıxaracaq. Rusiyadan yaxa qurtarılması təkcə Gümrüdəki hərbi bazanın ölkədən çıxarılması ilə yekunlaşmır. Sovet İttifaqının dağılmasından sonra Ermənistanın ayaq üstə duruş gətirməsi üçün onun yeganə söykənəcəyi yer Rusiya olub. Otuz ildən artıqdır ki, Moskva Ermənistanın enerji sektoruna, iri istehsal müəssisələrinə, bank sektoruna nəzarət edir. Metsamordakı AES-i “Rossatom” işlədir. Beləliklə, Rusiya əlini çəksə, Ermənistan üzü üstə yıxıla bilər.


Yeri gəlmişəkən, bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, biz özümüzlə ermənilər arasında müqayisə aparan zaman xalqımızın mənəvi ruhunun və dünyagörüşünün formalaşmasında mühüm rol oynamış dövlətçilik ənənəsini bəzən unduruq. Xalqımız tarixən sülhpərvər və başqalarına qarşı tolerant olduğundan qatı millətçilik ruhundan uzaq olub. Əslində, bunun səbəbi türk xalqlarının imperiya yaratması ilə bağlıdır. Bəzən imperiya dedikdə, bu, müstəmləçilik kimi anlaşılır. Xeyr, burada söhbət bir çox Avropa ölkələrinin apardığı soyğunçu imperializmdən getmir.

Bizim xalqın etnogenezində Səfəvilər dövlətinin xüsusi yeri var və bu dövlət əslində, böyük bir imperiya idi. Eyni zamanda Osmanlı imperiyasını da qeyd etmək lazımdır. İmperiyalarda xalqların bir-birinə qarşı qoyulması və milli ədavət hissi ilə yaşamaq qəbul edilən xüsusiyyət deyil. Çünki bu halda dövlət dağılar. Özünün böyük inzibati ərazi tərkibində çoxsaylı xalqları bir arada tutmaq üçün əmin-amanlıq, sülh və rifah yarada bilən iqtisadi münasibətlər sistemi və bəşəri ideyaların öncüllük təşkil etdiyi dövlətin strateji fəlsəfəsi olmalıdır.

Çoxmillətli ölkəni dağıtmaq üçün milli münaqişənin alovlanması kifayətdir. Kreml SSRİ-nin demontaj edilməsi üçün ən yaxşı vasitənin məhz erməni irridentizmi olmasını yaxşı bilirdi. Ona görə ki, 19-cu əsrin əvvəllərindən başlayaraq erməniləri İrandan Azərbyacan ərazilərinə köçürən Rusiya imperiyası onların ağlına, dünyagörüşünə, arzularına və nə edəcəklərinə bələd idi. Nəticədə ”münbit zəmin” və “əlverişli fürsət” yaranan kimi onlardan öz təyinatı üzrə istifadə etdilər.

Gördüyümüz kimi ermənilərin Qarabağla bağlı fitnələrinin sonu rüsvayçılıqla nəticələndi. Bəs, bundan sonra Ermənistanı nə gözləyir?

Ermənistan müstəqil mövcud olmaq iqtidarında deyil, o, bütün parametrlərinə görə kənardan gələn maliyyə və digər resurslar sayəsində yaşaya bilər. Düzdür, qloballaşmış dünyadakı bütün ölkələrin bir-birindən asılılığı var, lakin Ermənistanın özünü müstəqil şəkildə təmin edə bilməməsi ifrat səviyyədədir. Ermənistanın strateji əhəmiyyəti isə onun Türkiyə ilə Azərbaycan arasında təbii coğrafi əngəl olmasındadır. Bu, ilk növbədə Rusiyaya lazım olub. Ancaq Moskva Ankara ilə yaxınlaşmaq və yeni dünya düzənində Türkiyə ilə qarşıdurmaya yox, əməkdaşlığa üstünlük vermək niyyətindədirsə, o zaman bu əngəl artıq ona gərək olmayacaq. Heç şübhəsiz ki, bu, Rusiyanın Ermənistandan çıxıb getməsi anlamına gəlmir.

Ümumiyyətlə, Ermənistanın məyus günləri və dərin depresiyası hələ qabaqdadır...

Vaqif Nəsibov

“AzPolitika.info”