“Mənim sərəncamımla “artsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim...” Bunu artıq tarixin zibilliyinə atılmış qondarma separatçı qurumun “sabiq prezidenti” Araik Arutyunyan 44 günlük müharibə günlərində Gəncədə dinc əhaliyə qarşı terror törədəndən sonra demişdi. Qürrələnmişdi, hədələmişdi, “genəlmişdi”...

Bu gün isə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Arutyunyanı Xankəndidə gizləndiyi hansısa deşikdən dartıb çıxararaq, Bakıya gətirir. İndi həmin bu “qəhrəman” sözlərinə və əməllərinə görə cavab verəcək. Arayiki, ondan bir gün öncə həbs edildiyi bildirilən “üç muşketyor” – Qukasyan, Saakyan və İşxanyan, eləcə də separatçı qurumun rəhbərliyindəki digər şəxsləri dəfələrlə xəbərdar edən, onlarla layiq olmadıqları dinc, sivil dildə danışan Azərbaycan, nəhayət, bu həşəratları anladıqları dillə başa salmalı oldu.

Yeri gəlmişkən, sabiq qondarma qurumun “sabiq xarici işlər naziri” Davit Babayan da qandallananlar sırasındadır. Onun hələ 2016-cı il aprel döyüşlərindən bir müddət sonra səsləndirdiyi başından və çapından çox-çox böyük ifadələr kimlərinsə yadından çıxsa da, Azərbaycan dövlətinin yadından çıxmayıb. Həmin vaxt Babayan demişdi ki, Azərbaycan dövlət başçısının Xankəndidə çay içə bilməsinin üç yolu var. Birincisi, Bakıda oturub, Xankəndidə olduğunu zənn edərək, yəni xəyallarında. İkincisi, “artsax”ın “müstəqilliyini” tanıyandan sonra Azərbaycanın Xankəndidəki səfirliyinin açılışında, üçüncüsü isə yenə Xankəndidə, amma həbs düşərgəsində(?). İndi Azərbaycanın dövlət başçısı da, istənilən digər vətəndaşı da kefi istəyən vaxt Xankəndidə çay içə bilər. Babayan isə Bakıda, Azərbaycan həbsxanasında çay içir, əlbəttə ki, əgər təlimatda nəzərdə tutulubsa. Ona indi yəqin ki, törətdiyi konkret ağır cinayət əməlləri ilə yanaşı, yekə başı və ağzı ilə söylədiyi həmin sözlər də xatırladılır...

İndiki mürəkkəb zamanda, “at izinin it izinə qarışdığı” dünyada haqq-ədalətin öz yerini tapması, zəfər çalması olduqca nadir hadisədir. Ancaq Azərbaycan dövlət və xalq olaraq, buna nail oldu və tarixə düşdü. Təkcə bütün xarici təhlükələrə, təzyiqlərə rəğmən öz suverenliyini bərpa etməklə yox, həm də Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş arutyunyanları, vardanyanları, saakyanları, qukasyanları həbs edib, məşhər ayağına çəkməsi ilə. Bu sıraya hələ balasanyanlar, hətta koçaryanlar, sarqsyanlar da qoşula bilər. Heç nəyi istisna etmək olmaz...

Beləlikə, qisas qiyamətə qalmadı. Amma bütün bunlarla yanaşı, eyforiyaya qapılmaq da olmaz. Cəmiyyətimizdə Rusiyanın susqun neytrallığı ilə bağlı müəyyən anlaşıla biləcək narahatlıq var. Çünki Rusiyanı, Kremli dünən tanımamışıq, onun indiyə qədərki əməllərinə, niyyətlərinə yaxşı bələdik. Lakin unutmayaq ki, indiki Rusiya son bir neçə əsrdə və xüsusilə də, son 30 ildə gördüyümüz Rusiya deyil. Buna baxmayaraq, insanlarımız bütün bu baş verənlərdə Kremlin tutduğu mövqenin arxasında onun hansısa gizli maraqlarının olduğundan və Azərbaycanın hansısa bədəllər ödəyə biləcəyindən, Kremlin patronajlığı altındakı hansısa qurumlara, təşkilatlara üzv ediləcəyindən, hətta bu gün tutulan hərbi canilərin bir müddət sonra azad ediləcəyindən narahatdırlar.

Xalqımıza, dövlətimizə inanaq və ümid edək ki, bu bədbin gümanlar, proqnozlar özünü doğrultmayacaq. Heç zaman!

Cəlal Məmmədov

“AzPolitika.info”