Azərbaycan oktyabrın 5-də Qranada şəhərində keçirilən Avropa Birliyi Siyasi Sammiti çərçivəsində beştərəfli görüşdə iştirak etməkdən imtina edib. Bu görüşdə Avropa ittifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etməli idi.
Rəsmi Bakı hər iki Avropa ölkəsinin, habelə Aİ rəhbəri Şarl Mişelin Azərbaycana qarşı qərəzli münasibətini əsas gətirib görüşə qatılmaqdan imtina etdi. Azərbaycan rəhbərliyinin Türkiyə lideri R.T.Ərdoğanın görüşdə iştirak etməsi tələbi Şolts və Makron tərəfindən qəbul olunmamışdı. Bakının qərarı tamamilə məntiqli və anlaşılandır, sülh sazişi haqda adi fikir mübadiləsi xarakteri daşıyan “ermənipərəst masada” iştirak etməyə hər hansı lüzum yox idi.

Azərbaycanın bu demarşı Bakının ümumilikdə Qərbin sülh danışıqları formatından çıxması anlamına gələ bilərmi?
Bu sual aktualdır və iki gündür ekspertlərin əsas müzakirə mövzusudur. Qərb formatı dedikdə 2022-ci ilin dekabrının 15-də əsası qoyulan, Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında başlayan, daha sonra Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində davam etdirilən müzakirələrdir.
Qranda görüşündə iştirakdan imtina ilə bağlı gətirilmiş rəsmi əsaslandırmalarla yanaşı Azərbaycanın Brüssel formatında sülh danışıqlarının davam etdirilməsi niyyəti də ifadə olunmuşdu. Oktyabrın 4-də Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevlə apardığı telefon danışığı vəziyyətə daha geniş aydınlıq gətirdi. Müzakirələrlə bağlı açıqlanan rəsmi informasiyada diqqətçəkən bir neçə məqam var:
- Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O, vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir;
- Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət qiymətləndirir;
- Prezident İlham Əliyev isə Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.
Beləliklə, Almaniya mövqeyini Fransanın Azərbaycana qarşı qərəzli, Ermənistana isə açıq dəstəkli mövqeyindən xeyli fərqləndirib. Bu, Qarabağda keçirlən antiterror əməliyyatının legitimliyinin rəsmi Berlin tərəfindən qəbul olunmasıdır.
İkinci mühüm amil: Kansler Şolts Azərbaycanın Fransa siyasi rəhbərliyinin qərəzli mövqeyinə görə Bakının Qərbə demarşını anlayışla qarşılayır və onu haqlı sayır, Makronla eyni mövqeni bölüşmədiyini ifadə edir.
Üçüncü mühüm amil: Brüssel sülh formatının davam etdirilməsinə Almaniya dəstəyini ifadə edir və bu, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Dördüncü amilə gəldikdə, bu, Almaniya hökumətinin BMT missiyası tərəfindən Qarabağdakı son vəziyyətlə bağlı hazırlanan ilkin rəyi qəbul etməsidir. Qeyd edək ki, Fransa və erməni lobbisinin dəstəkçiləri BMT missiyasının Xankəndinə səfərini görməzdən gəlməyə çalışırlar.
Beləliklə, Fransanın Azərbaycana qarşı formalaşdırmağa çalışdığı vahid Avropa mövqeyi darmadağın olundu. İttifaqın iki əsas ölkəsindən biri olan Almaniya son günlərdəki bəzi qərəzli bəyanatlara rəğmən praqmatik mövqe nümayiş etdirə bildi. Bu, Azərbaycana qarşı sistemli təzyiq siyasətinin iflasından xəbər verir.
Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqlarının davam edəcəyi gözləniləndir. Əlbəttə, Bakının bəzi əlavə tələbləri ola bilər. Bu da Paşinyan hökumətinin Qarabağda “etnik təmizləmə” qarayaxmasından, bu kontekstdə Azərbaycana qarşı Beynəlxalq Cinayət Məhkəməsində irəli sürülən iddiadan imtina etməsi, habelə Qarabağda ləğv olunmuş hərbi xuntanın cinayətkar başçılarını müdafiəsini dayandırması ilə bağlı ola bilər. Hazırda olduqca mürəkkəb vəziyyətdə olan Paşinyan hökuməti üçün Azərbaycanla sülh müqaviləsi nə qədər vacibdirsə, Azərbaycan bir o qədər rahatdır, tələsmir. Əlbəttə, Bakı ədalətli sülhdən yana olduğunu dəfələrlə bəyan edib, dünən də Prezident Almaniya kansleri ilə söhbətdə onu təkrarlayıb. Amma sülh razılaşması Azərbaycanın milli təhlükəsizliyinə, suverenliyinə, regiondakı maraqlarına təhdid yaradan bürtün amillər aradan qalxdıdan sonra imzalanmalıdır.
Bir sözlə, Brüssel formatının qorunub-saxlanılmasında Ermənistan rəhbərliyi daha çox maraqlı olmalıdır. Çünki Prezident V.Putinin həbsi öhdəliyi yaradan Roma Statunu qəbul etdikdən sonra Moskva ilə körpüləri yandıran Paşinyan iqtidarı üçün başqa masa qalmayıb.
E.Rüstəmli
“AzPolitika.info”

Şərhlər
sifarişli məqalə təəsüaratını doğurur, sanki müəllif nəyisə sübut etmək istəyirmiş... Almaniya Türkiyəyə düşmən dövlət kimi baxır, düşmən dövlətin müttəfiqi heç ALmaniyanın dostu ola bilərmi... məntiqlə düşünmək lazımdır. Burad ayazılanlar müəllifin mövzuya yad olduğunu göstərir...
Hörmətli müəllif,
Sizin məqaləniz tamamilə dezinformasiyadır, YAzdıqlarınızdan bəlli olur ki, mövuzdan xəbəriniz yoxdur, çün ki, Almaniya Azərbaycanı deyil, məhz Ermənistanı və müttəfiqi Fransa Respublikasını dəstəkləyir. Əgər Siz Olaf Şoltsun Preizdent İlham Əliyevlə telefon danışığının tam mətnindən xəbəriniz olsaydı, belə cəfəng şeylər yazmağa lüzum qalmazdı, Bunun üçün almandilli mətbuatı oxumaq kifayətdir.
Putini cox sisirtmeyin xahis edirem .Kimin aglina gelerdi Araik ,Bako , Arkadi , Vardanyan hebs edilecek .Herbi hunta rejimi cokecek.sarsax gorbagor olacaq.ruslari redd olub gedecekler bu torpaqlardan..
Ümumiyyətlə,bizi ermənistanla görüşə dəvət edən hər hansı ölkədən biz əvvəlcə mütləq soruşmalıyıq:”ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış olduğunu qəbul edirsənmi?” Verəcəkləri cavaba görə də o görüşdə ya iştirak etməliyik,ya da ondan imtina etməliyik.Əgər hər hansı ölkə gün kimi aydın olan və BMT-nin 30 il əvvəl 4 qətnaməylə ermənistanı işğalçı adlandırmasına baxmayaraq ermənistanı işğalçı hesab etmirsə onunla bir masaya oturub nəyisə müzakirə etməyin nə mənası var?O kadar net yani.
Putinə Xankəndi lazım idi ,erməni yox ,10-20 min rus ermənisini qaytaracaq və növbəti Dnestryanı ( Xankəndi ) düzəldərək orada məskunlaşacaq ,necə Moldovanın ərazi bütövlüyünü tanıyıb ,eləcədə Azərbaycanın bütövlüyünü tanıyır ,Paşik Qranadada bizim ərazi bütövlüyümüzü tanıdı ,sənədə qol çəkdi ,biz qalıq rusla üzbə-üz ,Allah axırmızı heç xeyir etməyəcək ,belə görünür ,rusun UKR da ölməsini gözləmək