Yaydan bəri Azərbaycan və Ermənistan arasında sülh danışıqları baş tutmur. Sonuncu dəfə xarici işlər nazirləri iyunun sonunda Vaşinqtonda, liderlər isə Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə bir araya gəliblər. Azərbaycanın 19 sentyabrda Qarabağda keçirdiyi antiterror əməliyyatlarından sonra danışıqlar prosesinin bərpa olunacağına ümidlər yaransa da, Qranada və Brüsseldə əvvəldən planlaşdırılan iki görüşdə Azərbayan rəhbərliyi iştirak etməyib. 

Rəsmi Bakı bəyan edib ki, Fransanın destruktiv mövqeyi onun sülh danışıqlarında iştirakı ilə bir araya sığmır. Hansı ki, Qranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüşdə Aİ İttifaqı Şurasının prezidenti Şarl Mişel də iştirak edib və yekun bəyanata imza atıb. Prezident İlham Əliyev daha sonra Ş.Mişellə telefonla danışında Azərbaycanın iştirak etmədiyi görüşün bəyanatına adının salınmasına etirazını bildirib. Bakıda hesab edirlər ki, Brüssel prosesi Fransa Prezidenti E.Makronun diqtəsi altında ola bilməz, Mişel Qranada görüşündə iştirak etməklə etimadı sarsıdıb.

Oktyabrın sonunda Brüsseldə Mişelin vasitəçiliyi ilə keçirilməsi gözlənilən İlham Əliyev-Nikol Paşinyan görüşünün baş tutmaması da bununla bağlıdır.

Hazırda müzakirələr davam etdirilir. Bu günlərdə Aİ-nin xarici siyasət üzrə Ali Nümayəndəsi Cozef Borrellin Azərbaycan və Ermənistan rəhbərliyini sülh danışıqlarını bərpa etməyə çağırması, Prezident İlham Əliyevin, Ermənistan siyasi rəhbərliyinin sülh prosesinə sadiqliyini bəyan etməsi, zəif də olsa, ümidlər yaradır. Bəzi diplomatik mənbələr gələn ayın əvvəlində Brüsseldə liderlərin bir araya gələcəklərini istisna etmirlər. Amma həmin dövrə qədər mövqelərin uzlaşdırılmasına, ortadakı problemlərin həll olunmasına ehtiyac var.

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev konkret mesajlar verib. O, qeyd edib ki, 2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağı ümidi ilə ikitərəfli kanallar vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə qarşı tərəfə təqdim edib: "Bu ilin sonunadək sülh müqaviləsi imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıqdır gecikdirir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl bağlana bilər. Top Ermənistanın meydanındadır!"

Bu bəyanatı həmçinin dünən bəzi açıqlamalar verən Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryana cavab da hesab etmək olar. Qriqoryan bildirib ki, İrəvan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. O, həmçinin danışıqların Brüsseldə və Vaşinqtonda aparılmasını dəstəklədiklərini ifadə edib. Qriqoryan Rusiya variantını istisna edib, Gürcüstan təklifi haqda susmağa üstünlük verib.

Qeyd edək ki, Baş nazir İrakli Qaribaşvili tərəflərə Tbilisidə görüşməyi, sülh danışıqlarını orada davam etdirməyi təklif edib. Azərbaycan Prezidenti razılığını bildirsə də, Nikol Paşinyan bu varianta da isti baxmır. Ermənistan hesab edir ki, danışıqlar bərabərhüquqlu şəraitdə, Avropa İttifaqının və ABŞ-ın egidası altında aparılmalıdır. Yəni, razılaşmaların icrasına beynəlxalq təminat məhz Qərb tərəfindən verilməlidir.

Hikmət Hacıyevin açıqlaması göstərir ki, İrəvan prosesi ciddi şəkildə manipulyasiya edir, əks təqdirdə Bakıdan təqdim olunan düzəlişlərə vaxtında reaksiya verərək, məsələn, Armen Qriqoryanın səmimi olduğunu göstərə bilərdi.

Ermənistan rəhbərliyinin məqsədi sülh haqqında gurultulu bəyanatlar verməklə, guya Azərbaycanın danışıqlar prosesini pozduğu haqda rəy formalaşdırmaq və Qərb dairələrindən Bakıya təzyiqi artırmaqdır. Bu bəyanatlara inananlar da yox deyil. ABŞ-ın Avropa və Avrasiya üzrə məsul diplomatı Ceyms O'Brayenin Konqres qarşısında edəcəyi məruzənin mediada yayılan hissəsində Azərbaycan əleyhinə kəskin fikirlərin yer alması təsadüfi sayıla bilməz. O, yazıb ki, ABŞ 19 sentyabr əməliyyatlarından sonra Azərbaycanla yüksək səviyyəli əlaqələrini dayandırıb, birgə planları ertələyib.

İrəvan belə bəyanatların sayını artırmaq, beynəlxalq basqı altında Azərbaycanı danışıqlara “məcbur etmək” iddiasındadır. Hikmət Hacıyev ortaya konkret fakt qoymaqla Paşinyan hökumətinin bu niyyətini ifşa edib. Əlbəttə, Qərb Ermənistanın onu nəyəsə təhrik edə biləcəyi qədər aciz və sadəlövh deyil, sadəcə İrəvanın bu variasiyaları onun işinə yarayır. Çünki Qərb Qarabağ münaqişəsinin bu şəkildə - Azərbaycanın tam və qəti qələbəsi ilə bitməsini istəmirdi. Ceyms O'Brayenin məruzəsində də bu aydın ifadə olunub. O, Qarabağdan köçən ermənilərin guya zorla qovulduqlarını iddia etməklə yanaşı onların geri qayıtması, hüquqlarının təmin olunması öhdəliyindən dəm vurur. Prezident İlham Əliyev noyabrın 13-də Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanla görüşdə Bakının mövqeyini aydın şəkildə vurğulayıb: “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb”.

Beləliklə, sülh prosesinə ciddi əngəl yaradan hər iki məsələ - həm Azərbaycanın sülh layihəsinə düzəlişlərinə cavab verilməməsi, həm də azərbaycanlıların geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistanın inkar etməsi bilavasitə rəsmi İrəvandan qaynaqlanır. Necə deyərlər, Paşinyan hökuməti sülhdən danışa danışa sülhü dalana dirəyir...

E.Rüstəmli

“AzPolitika.info”