“Azərbaycanın həqiqətən nəyə ehtiyacı var? Ermənistanda bir daha revanş cəhdlərinin olmayacağına dair möhkəm, sübut edilmiş zəmanətlər lazımdır. Bu bizə nəyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik, həm də bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis müşavirləri var”.
Bunu Prezident İlham Əliyev ADA-da keçirlən beynəlxalq konfrans zamanı Azərbaycanın sülh müqaviləsi ilə bağlı gözləntilərindən danışarkən ifadə etmişdi.
Politoloq Fərhad Məmmədov deyir ki, bu bəyanatla Prezident İlham Əliyev müharibənin bitməsindən bəri bu üç il ərzində davam edən əsas mövzunu müəyyənləşdirib: “Sülh müqaviləsinin prinsiplərindən birində, gələcəkdə daxili işlərə qarışmamaq öhdəliyi haqqında bir maddə öz əksini tapıb. Ancaq sülh müqaviləsinin prinsiplərini şifahi olaraq qəbul edən Ermənistan tərəfi bütün danışıqlar prosesində Azərbaycanın daxili işlərinə qarışıb. Belə ki, Qarabağda məskunlaşmış ermənilərinin maliyyələşdirilməsini həyata keçirib, hərbi qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmaqdan imtina edib, beynəlxalq təşkilatlarda və məhkəmələrdə Qarabağ məsələsini qaldırıb.
Hətta 19-20 sentyabr tarixlərində aparılan antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları erməni əhalisini özləri ilə apararaq, Qarabağdan qaçdılar: "Bu hadisə belə Paşinyan hökumətini Azərbaycanın daxili işlərinə qarışmaq fikrindən döndərə bilmədi. Azərbaycan Prezidenti ilə danışıqlarda Fransanın timsalında Ermənistanın himayədarları, Qarabağ mövzusunu gündəmə gətirməyə çalışan digər aktorlar iştirak edib, lakin danışıqlar nəticə verməyib. Beynəlxalq Cinayət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasının Qarabağın Azərbaycana ərazi mənsubiyyətini şübhə altına alan bəndlərinə də baxmayıb”.
Ekspert vurğulayır ki, bütün bunlar Paşinyanın əslində sülhün tərfdarı olmadığını, sadəcə Azərbaycan Prezidenti və Silahlı Qüvvələrinin ona seçim imkanı qoymadığını ortaya qoyur. F.Məmmədovun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfdən revanş cəhdinin mümkünlüyünə əsaslı şübhələri var.
“Bu əsaslar qanunvericilik səviyyəsində tarixin saxtalaşdırılmasına əsaslanır”, - o əlavə edib.
Politoloq qeyd edir ki, Azərbaycan səmimi qəlbdən Ermənistanla uzunmüddətli və sarsılmaz sülh arzulayır, odur ki, gələcəkdə qisas almağın mümkün olmadığına zəmanət lazımdır.
Bu təminatlar nə ilə ifadə oluna bilər?
F.Məmmədov hesab edir ki, ilk növbədə bu, Ermənistanın Müstəqillik Aktında və Konstitusiyasında Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu göstərən qanunvericiliyin dəyişdirilməsidir: “Bu kontekstdə təkcə Paşinyanın təminatları və imzalanmış sülh müqaviləsi kifayət etməyəcək... Paşinyan bu gün var, sabah isə gedəcək, bəs onda nə olacaq?! Yenə müharibə?! Sülh müqaviləsi və onun ratifikasiyası prosesi bütün digər qanunvericilik aktlarının sülh müqaviləsinin müddəalarına uyğunlaşdırılması üçün əsas ola bilər. Ancaq bunun üçün hələ də inanılması mümkün olan razılaşmalar və təminatlar lazımdır. Bəs yeni İstiqlal Bəyannaməsinin taleyi necə olacaq?! Bütün bunlar uzunmüddətli həllər tələb edir, müzakirəsi və işlənib hazırlanması vaxt tələb edir”.
Politoloq xatırladır ki, hazırda Ermənistan ərazisində özünü ləğv etmiş “dqr”in nümayəndəliyi var ki, onun “parlamenti” cəmiyyətə siqnallar verməyə başlayıb: “Təbii ki, Paşinyanın partiyasının nümayəndələri deyirlər ki, Ermənistan ərazisindəki bu fəaliyyət Ermənistanın özü üçün də təhlükəsizlik riskləri yaradır. Halbuki, bunlar sadəcə bəyanatlardır.
Yanvarın 1-i yaxınlaşır, ondan sonra formal olaraq da “dqr” mövcud olmayacaq. Lakin bu tarixə qədər Ermənistan ərazisində sülh prosesinə xələl gətirə biləcək addımlar atıla bilər. Bundan sonra ləğv olunmuş qondarma qurumun əlamətləri olan binalar Ermənistanda ola bilməz və olmamalıdır. Özəl mülki təşəbbüslər başqa şeydir, lakin nümayəndəlik dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir.
Ermənistan hökuməti nəzərə almalıdır ki, atılan addımlar ardıcıl və prinsipial olmalı, sülh gündəmini dərinləşdirmək üçün etimad mühiti yaratmalıdır. Paşinyan hökumətinin bundan əvvəlki bəyanatları və hərəkətləri prosesə ancaq ziyan vurub”.
F.Məmmədov hesab edir ki, ABŞ, Fransa, AB qurumlarının simasında Ermənistanın himayədarları da “Qarabağ qovluğunu” bağlamalıdırlar, əks halda Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlaya bilməz.
“Əgər Ermənistan və ermənilər sizin üçün bu qədər əzizdirsə, o zaman sülh prosesinin məntiqinə əməl etməlisiniz”, - ekspert vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər