Menu

Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirdi – Ölənlər və yaralananlar var + FOTOLAR/VİDEO

23.01.2024, 14:30
Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirdi – Ölənlər və yaralananlar var + FOTOLAR/VİDEO

Yanvarın 23-də səhər saatlarında Ukraynanın bütün ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı Murmansk və Kaluqa vilayətlərindəki aerodromlardan Tu-22M3 raketdaşıyıcılarının havaya qalxması barədə məlumat yayıb. Daha sonra Kiyev, Xarkov, eləcə də Dnepropetrovsk və Sumı vilayətlərində partlayışlar olduğu barədə məlumatlar yayılıb.

Ukraynanıb Daxili işlər naziri İqor Klimenko bildirib ki, son məlumatlara görə, Ukraynada kütləvi raket hücumu nəticəsində 5 nəfər ölüb, ən azı 40 nəfər yaralanıb.

Kiyevin Svyatoşinski rayonunda raket hücumu nəticəsində bir neçə avtomobil yanıb, ilkin məlumatlara görə, çoxmərtəbəli binaya ziyan dəyib.

Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bir qadının öldüyünü bildirib.

Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik “Azadlıq” radiosunun Ukrayna xidmətinə bildirib ki, Kiyevdə ölən şəxslə bağlı məlumat hələlik təsdiqlənməyib.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, 18 nəfər xəsarət alıb. Üçü uşaq olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib. Həmçinin, raket atəşi nəticəsində Peçerski və Solomenski rayonlarında binalara ziyan dəyib.

Xarkovda yaşayış binasının girişi dağıdılıb. Vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, hücum nəticəsində iki nəfər ölüb, ikisi uşaq olmaqla 42 nəfər yaralanıb.

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində raket hücumundan sonra bir nəfərin öldüyü məlum olub.

“Daha bir nəfər yaralanıb”, - deyə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak yazıb.

Şəhərin infrastrukturuna, səkkiz çoxmərtəbəli binaya ziyan dəyib.

Sumı vilayətinin səlahiyyətliləri bildiriblər ki, yanvarın 23-də səhər saatlarında Rusiyanın raket hücumu nəticəsində Şostka şəhərində mühüm infrastruktur obyekti zədələnib. Region administrasiyasından bildirilib ki, tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, yanvarın 23-nə keçən gecə Rusiya qoşunları qanadlı, ballistik, aviasiya və idarəolunan zenit raketlərdən istifadə etməklə Ukraynaya kütləvi zərbələr endirib. Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus 41 raketdən 21-ni vurub.

Rusiya Müdafiə Nazirliyi atəşə tutulması ilə bağlı hələlik şərh verməyib. Bir qayda olaraq, Rusiya tərəfi yalnız hərbi hədəflərə hücum etdiyini bildirir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol