Menu

“3 və 4-cü uşaqlara görə analıq kapitalı verilməlidir” – “Gənclərlə yeni ideoloji-mənəvi işlərə ehtiyacı var” (VİDEO)

03.02.2024, 10:36
“3 və 4-cü uşaqlara görə analıq kapitalı verilməlidir” – “Gənclərlə yeni ideoloji-mənəvi işlərə ehtiyacı var” (VİDEO)

(Prezdentliyə namizəd Zahid Orucun 9-cu çıxışı)

Əziz həmvətənlər,

Qazi Mustafa Kamal Atatürkün və Ulu öndər Heydər Əliyevin gəncliyə müraciətlərini oxuyursan, sanki indi və bir qələmlə yazılıb: ”Ey Gənclik, əcdadlarından sənə əmanət qalan vətəni göz bəbəyin kimi qoru!”

Müstəqillik tarixində ilk dəfədir ki, “2 fevral Gənclər günü” 8 noyabr Zəfərini, 20 sentyabr bütövlüyünü, bir sözlə, gəncliyin ən böyük əsəri olan azad Qarabağı özündə əks etdirir. Ona görə də bizim 1-ci şüarımız: Son 3 əsrdə nəhayət, atalardan-oğullara, nəsillərdən-nəsillərə dərd, ələm, torpaq itkiləri, köçkünlük və deportasiyalar deyil, Qəhrəmanlıq, Qələbə və Qayıdış ötürülür. Azərbaycanın qalib yüz ilini - Zəfərin varisləri qururlar!

Müstəqilliyimizin həmyaşıdları olan gənclərlə bağlı yaxın keçmişin acı faktlarını xatırlamağa məcburuq - 1 milyona qədər məcburi köçkün və qaçqının 340 minə qədərini gənclər təşkil edirdi, 20 min şəhidin 70 faizini, o cümlədən, yaralıların mütləq əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların övladları ordumuzun önündə gedərək düşməndən ata-babalarının qisasını aldılar. İndi tam rahatlıqla Milli Qızıl Ordu sözünü öz zabit və əsgərlərimiz haqda deyə bilərik, çünki onlar sinələrində 70 min orden və medalı daşıyırlar.

Gənc nəsil öz tarixi missiyasını şərəflə yerinə yetirdi, lakin indi ən böyük sual budur: yeni nəsil “Zəfərə layiq” böyüyə, onların qəhrəmanlığını davam etdirə biləcəkmi?

Xatırladaq ki, ölkə əhalisinin 22.1 faizini, yəni 2,3 milyon nəfəri 14-29 yaş arasındadır və onlar dövlətçiliyimizin gələcəyi üçün misilsiz insan kapitalı, strateji resursdur. 2010-cu ildə bu rəqəm 2. 8 mln.nəfər olub, göründüyü kimi, gənclərin sayındakı 580 min, yaxud 10%-ə yaxın azalma mövcuddur.

Əlbəttə, bütün gənclər ailələrdə böyüyür, formalaşır, cəmiyyətə atılır. Təsadüfi deyil ki, ailə kiçik dövlət, dövlət böyük ailədir, deyirlər. Bu, aksiomadır. Kiçik dövlətdə problem olanda, o avtomatik böyük dövlətə daşınır. Ona görə də ölkəmizdə mövcud olan 2 milyon 62 min ailə məhz dövlətin özülüdür, onun əsas nüvəsidir. Ordunu da, ictimai həyatın bütün sferalarında çalışan milyonlarla vətəndaşı da yetişdirən məhz ailədir. “Müharibədə və demoqrafiyada bizə uduzan Ermənistanda indi doğum niyə artır" - sualı bu səbəbdən hər birimizi düşündürməlidir.

Bəs ailə instituna ən böyük hansı təhlükələri görürük?

- İlk növbədə, qlobal layihələr və informasiya məkanında yabançı dəyərlərin birtərəfli və aqressiv təbliği, mədəni imperializm siyasəti, ənənəvi və ailə dəyərlərinin sıradan çıxması, fərdiyyətçilik dəyərlərinin ənənəvi-kollektiv dəyərləri üstələməsi baş verir. - Oğlan uşaqlarının sayının çoxalması, “demoqrafik tarazlığın” pozulmasını biz görürük.

- Qeyri-rəsmi nikahların artması, vətəndaş nikahı ilə yaşayanlar və bu nikahdan övlad dünyaya gətirənlərin sayının çoxalması bizi narahat etməlidir.

- Erkən nikahlar probleminə yer ayırmamaq olmaz - 2022-ci ilin statistikasına görə, 15-17 yaşlı qızlar 2011 uşaq dünyaya gətiriblər. Onlardan 1880-i 1-ci, 120-si 2-ci, 11-i isə 3-cü uşaq olub. Belədə həmin azyaşlı övladlarımızın fiziki və mənəvi durumu bizi qayğılandırmalıdır.

- Ölkədə “ailə psixoloqu” mütəxəssisləri çatışmır. Baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması və s. üzrə xüsusi proqramların təşkili ilə məşğul olan sosial işçilərə böyük ehtiyac var.

- Vətən müharibəsi nəticəsində şəhid və əlil ailələrinin psixoloji problemləri, Post-müharibə Sindromu mühüm bir problemə çevrilib. Vyetnamdan, Əfqanıstandan qayıdan Amerika əsgərləri daxil bütün dünyada yaşanan bu fenomen bizim ən ağrılı yerimizdir.

Beləliklə, biz dövlətin ailə siyasətinin vahid mərkəzdən həyata keçirilməsini, 1995-ci ildə yaradılan, zamanla mühüm işlərə imza atan, lakin indiki dövrün çağırışlarına cavab verməsi üçün struktur islahatlarına ehtiyacı olan Ailə, Qadın və Uşaq məsələləri dövlət Komitəsinin Ailə və Sosial Xidmətlər Nazirliyinə çevrilməsini və ona ayrılan 10.7 milyonluq büdcənin kəskin artırılmasını təklif edirik. Əgər yeni çağırışlar qarşısında olduğumuzu deyiriksə, bu bütün sahələr üçün yenilənməni tələb edir. Söhbət əsla yeni nazirliyin yaradılmasından getmir, bir neçə qurumun səlahiyyət və vəzifələrinin ayrılmasından gedir. Xüsusi vurğulayaq ki, onlarla aparıcı Avropa ölkəsində məhz belə nazirliklər fəaliyyət göstərir.

İkinci təklifimiz, dünya təcrübəsində demoqrafik dinamikanı stimullaşdırıcı tədbirlər sırasında “Analıq kapitalı” siyasəti yürüdülür. 3 və 4-cü uşaqlara görə analıq kapitalının verilməsini vacib sayırıq.

Gənclər siyasətinin təməllərinin Ulu öndər tərəfindən qoyulması, institusional təsisatların ilk dəfə ölkəmizdə yaradılması, onlarla dövlət proqramlarının qəbulu və bu siyasətin təməl əsaslarının formalaşdırılması, Gənclər Fondunun təsisi, bütün bölgələrdə fəaliyyət göstərən Gənclər mərkəzləri və ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsini təmin edən çoxsaylı qanunlar, strateji sənədlər inkaredilməz nailiyyətlərdir. “Gənclər üçün Prezident Mükafatı” təsisi, xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilməsi, 5 minə qədər gəncin 32 ölkənin 350-dən çox təhsil müəssisəsində oxuması, proqramın 2026-cı ilə qədər davam etdirilməsi qərarı, Abşeron Gənclər şəhərciyinin inşası və çoxlu qrant layihələri, Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forumun 2014-cü ildə baş tutması və 165 ölkənin təmsilçilərinin orada iştirakı də böyük uğurdur.

Lakin yaxşı başa düşürük ki, xarici dövlətlərin hücumlarının məhz gənclərə yönəlməsinin əsas səbəbi onların dinamizmi, mütəhərrik enerjisi və yeniliyə meylidir, inqilabi prosesləri və antidövlət hərəkatlarını onların üzərindən aparmaq mümkünlüyüdür. “Ərəb baharı” və Ukraynada da siyasi dəyişikliklərin önündə məhz gənclər gedirdi. Bizim müharibə uşaqları “itirilmiş nəsil” deyil, “möhtəşəm nəsil”dir. Lakin gənclər siyasətində ideoloji boşluqların olması BDU-nun 100 illik yubileyində dövlət tərəfindən də bəyan edilib. Yeni nəslin missiyası bütövlüyünü və müstəqilliyini, tarixini və dəyərlərini, gələcəyini qoruyan Yeni Gənclər siyasətinə ehtiyacı var. Hər bir ölkənin gənclər siyasətinin məqsədi - öz gənclərinin yüksək mənəvi keyfiyyətlər, vətənpərvər, təhsilli və savadlı kadr kimi yetişdirməkdir.

Dövlət idarəçilyinə yaş nöqteyi-nəzərindən yanaşılması doğru deyil və burada ötən illərdə seçilən yanaşmanı düzgün sayırıq - hər zaman gənclərin dinamizmi, novatorluğu, yeniliyə meyilliliyi və yaşlıların biliyi, təcrübəsinin sintezi olmalıdır. Əks halda yalnız xarici dil bilgiləri və gənc olmasına görə idarəetmədə müstəsna mövqe qazanmaq, on illərlə idarəçiliyin ağırlığını çiyinlərində daşıyan adamları kənara itələmək və özünü müasirliyin daşıyıcısı kimi qələmə verib digərlərini “keçmişin qalığı” adlandırmaq çox böyük təhlükələrə yol aça bilər. Axı həmin adamlar sosial və ictimai kataklizmlərdən keçməyiblər, belə demək olarsa, sosial-siyasi böhranlardan çıxmayıblar. Əlbəttə, 44 günlük savaş bütün elitamız və dövlət-vətəndaş münasibətlərinin əvəzsiz testi oldu. Bununla belə, silahlı savaşla daxildə ictimai kommunikasiya, cəmiyyətin bütün təbəqələrinin maraqlarını uzlaşdırmaq və xalqla dil tapmaqla eyni deyil. Ona görə informasiya texnologiyalarını yaxşı bilmək, elektron hökumətdən baş çıxarmaq, dəbdəbəli təqdimatları bacarmaq və piar keyfiyyətlərini bilmək virtual deyil, canlı insanlarla davranmaqla eyni tutula bilməz, bir çox gənc məsul vəzifə sahiblərinin on illərlə xalqa xidmətdə ağ saçlar və peşəkarlıq qazanan adamlar üzərində xüsusi üstünlüyü deyil. Bunu unutmaq olmaz. Əlbəttə, digər tərəfdən bizi narahat edən məsələ sayları 27 minə yaxın olan dövlət qulluqçularını idarəetmədə qoruyub saxlamaqdır. Orta mətkəbi bitirən 120 min məzunun 55 minə qədər ali məktəblərə qəbul olur və onların yüksək bilik toplayanları sonra şəffaf prosedurlardan keçərək işə qəbul edilir. İndi hamı yaxşı bilir ki, özəl sektor daha yüksək maaşlar təklif edir - bəs biz istedadlı şəxsləri dövlət orqanlarında necə qoruyub saxlayaq? Əks halda, idarəçilik sistemi zəifləyir, biznes strukturları dövlət funksiyasını üzərlərinə götürürlər. Ona görə də bütün dövlət qulluqçularının maaşlarına yenidən baxılması vacibdir.

Digər tərəfdən, gənclərin karyera quruculuğu, Yüksəliş müsabiqəsi nə qədər alqışlansa da, onun əhatə dairəsinin geniş olmaması gənclərin kadr bankı kimi inkişafı üçün daha şəffaf və açıq siyasət yürüdülməsinə dair yeni yanaşmaları tələb edir.

Gənclərin dinə meyillənməsi haqda bir neçə vacib məqamı vurğulamaq istərdik. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bir sorğudan sitat: “Respondent gənclərin dini inanc və dəyərlərə münasibəti ilə bağlı suala cavabında, 11.51 %-i özünü “çox dindar”, 63.61 %-i müəyyən qədər dindar olaraq təsvir ediblər. Özünü “qeyri-dindar” olaraq adlandıranlar isə cəmi 6.45 % təşkil edib”. Göründüyü kimi, ideoloji vakuum və dəyərlər axtarışında gənclərin böyük əksəriyyətinin dini dəyərlərə münasibətinin pozitiv istiqamətdə yüksəlməsini görürük. Nəticədə onların müxtəlif ölkələrdən idarə olunması prosesi güclənir və baş verən həbslər hüquq-mühafizə orqanlarının başqa alternativinin qalmadığını göstərir. Lakin heç bir dövlət gənclərin xarici cərəyanlara qoşulub nəticədə onların sərt cəzalandırılmasını istəməz. Bu böyük itkidir, cəmiyyətlə üz-üzə qalmaqdır, döyüş meydanlarında düşməndən zərbə almaqdan heç nə ilə fərqlənmir. İdeoloji vurğunluq, təsir altına düşməkdən onları çıxarmaq üçün dövlətin gənclərlə yeni ideoloji-mənəvi işlərə ehtiyacı var.

Digər məsələ də düşündürücüdür - həyatda “özünə rol model olaraq kimi seçərdiniz”-sualına gənclərin 45.56 %-i özlərinə rol model olaraq ata\anasını, 32.46 % respondent heç bir rol modeli olmadığını bildirib. Ata\anadan sonra rol model olaraq seçilən ən yüksək göstərici ilə “müəllimim” - 3.18 % təşkil edib. Halbuki, Vənən savaşından keçən bir millətin övladlarının ideallarını formalaşdırmaq bizim yaddaş siyasətinin ən strateji hədəfi olmalıdır.

“Azərbaycanda gəncliyin ən önəmli 3 problemi hansıdır” sualına işsizliyi, zərərli vərdişlər aludəçiliyini, erkən yaşda nikahlar və zorakılıq halları, əxlaqi-mənəvi dəyərlərdən uzaqlaşmanı, virtual aləmə bağlılığı gəncliyin problemləri olaraq göstəriblər. Gənclərin məşğulluğu-ilk sırada duran məsələdir. Azərbaycanda “NEET gənclik” - heç yerdə oxumayan, işləməyən və təlim keçməyən gənclərin sayı, rəsmi məlumata görə, 23% həddindədir və olduqca ciddi məsələdir.

Ona görə də biz son 30 ildə qəbul edilən və 2025-ci ildə müddəti başa çatan tək bir strateji sənədin yenisi ilə əvəzlənməsini təklif edirik. Müstəqillik illərində qəbul edilən bütün rəsmi sənədlərdə Ermənistanın işğal faktı təsbit edilib. Yeni Zəfər reallıqlarını nəzərə alan Gənclər strategiyasını, dövlət proqramlarını gənc nəslin tamamilə yeni tarixi missiyası kimi hazırlanmasını təklif edirik.

Hər il orta məktəbi bitirən gənclərin 60 mini əmək bazarına heç bir ixtisas almadan daxil olurlar. Dövlətin peşə məktəbləri onları qarşılamağa hazır deyil. Ötən dəfə Qarabağa qayıdacaq 130 min insanın 73 faizinin ixtisassız olduğunu demişdik. Ona görə də əhali və peşə məktəbləri arasında bu fərqi aradan qaldırmalıyıq.

2002-ci ildə qəbul edilən “Dövlət Gənclər Siyasəti” haqda qanunun: gənclərimiz qarşısında duran vəzifələrin artıq reallaşması, dövrün çağırışları və cavabları və s. baxımından yenilənməsi məqsədəuyğundur.

“Qarabağda Gənclər şəhərciyi”nin salınmasını təklif edirik. Bu müxtəlif sosial güzəştləri özündə ehtiva edən bir dövlət proqramı kimi həyata keçirilə bilər. Artıq ermənilər ”Azərbaycan Qarabağda gəncləri yerləşdirə biləcəkmi” sualı ətrafında təbliğatını qurur. Ona görə də biz “Qarabağda Gənc Ailə” layihəsi təklfi edirik. Burada dövlət ailə və uşaq siyasəti ilə təfərrüatlı sosial dəstək proqramlarının tətbiqi azad edilən torpaqlarımıza gənclik nəfəsini, qurmaq əzmini gətirə və gələcəkdə demoqrafik problem gözləntisini birdəfəlik həll edə bilər. Müvafiq hökumət qurumunun yalnız “İdman nazirliyi” profilində deyil, gənclərin zəkaları və beyinləri uğrunda dövlət siyasətini formalaşdırmasını vacib sayırıq. Təsəvvür edin ki, Nazirliyin 2008-ci ildən fəaliyyət göstərən internet saytının xəbər lentində 1727 məlumatın hamısı idmanla bağlıdır.

“Gənclər evi”nin fəaliyyətlərinin dirçəldilməsi, daha təsirli və funksional hala gətirilərək hər bir gənc üçün cəlbedici bir mərkəz olması çox zəruridir. Bunun üçün hər bir gəncə eyni məsafədə dayanan, onları yalnız bilik və qabiliyyətləri ilə dəyərləndirən direktorlara ehtiyac var.

Bir daha, tərbiyədə yaşlılara hörmət, ağbirçək, ağsaqqallara ehtiram və ailə ierarxiyasının qorunub saxlanılması, müqəddəs dəyərlərin qorunması başlıca prinsip olmalıdır. Ailəyə gerilikçilik statusu verilməsini və ya aşırı azadlıq çağırışlarını qəbul edə bilmərik.

İdman siyasətinə gəldikdə isə, bir misal dövlətin on illərlə bu sahəyə yönəltdiyi böyük maliyyə vəsaitlərinin və qayğının həm strateji məqsədlər naminə edildiyini deməyə imkan verir, həm də yeni yolların aranmasını tələb edir. 2012-ci ildə mərhum Azad Rəhimov verdiyi açıqlamada demişdi ki, son 10 ildə Azərbaycan idmanına 1 milyard dollar xərclənib. İndi yeni mötəbər məlumat bazasına ehtiyac var, lakin ümumi hesablamalar görülən işlərə qiymət verməyə imkan verir.

Ötən əsrin 70-ci illərində Almaniyanın güləş zallarının birində asılan lövhədə deyilir: “Düşmənini öz sənətində məğlub et!” Məhz həmin kurs Almaniyanın bölünməsinə son qoydu və silahsız savaşı qazanaraq vahid dövlətə çevrilməsini təmin etdi. Azərbaycan idmançıların qazandığı minlərlə medallar və mükafatlar - istər tatamidə, istər rinqdə, istərsə də yaşıl meydanlarda, mahiyyət etibarilə səngərdə xüsusi təyinatlı ordumuzun işi ilə eynidir. Ona görə də tikilən onlarla olimpiya kompleksləri, təlim-məşq meydançaları və orta məktəblərdə getdikcə artan idman zalları vahid bir məqsədə xidmət edir - sağlam və güclü gəncliyin formalaşdırılması və inkişafına. Lakin bizim baxışımız dövlətin bütün idmanı öz çiyinlərində daşıması deyil, onun mümkün sahələrinin tamam özəl qurumlara verilməsini bir nömrəli məsələ kimi platformamızda əks etdirmişik.

Gəlin unutmayaq ki, əhalinin 40 faizinin yaşı 33 yaşdan yuxarıdır. Biz qardaş türklər kimi, “dövlət baba” deyə bilərikmi, yoxsa, yaşı bizdən az olan və “gənc dövlət” durumunda övladımız kimi bir varlığa doğma münasibəti göstərməsək bütün millətin yükünü ondan çəkməyi də tələb edə bilmərik. Gəlin, bu dövləti hamılıqla qoruyaq!

Qarşıdakı 100 ilin “Azərbaycan Möcüzəsi”ni gənclərimiz yaradacaq!

Ən böyük sərvət-insandır!

Müstəqilliyimizin yaşıdları olan gəncliyimizin ən böyük əsəri azad Qarabağdır!

Yeni nəslin missiyası parlaq Hərbi Zəfəri “Azərbaycan möcüzəsi”nə çevirməkdir!

“4-cü Respublika: Qalib Azərbaycanın Yeni Yüz İli üçün “Zəkalı Gənclər” formalaşdırmaq-mütləq vəzifəmizdir!

Əziz gənclik, 100 il əvvəl sənə dedilər ki, əsgər ola bilməzsən, oldun!

Dedilər ki, sən oxuya, savadlana və özünü müstəqil idarə bilməzsən, oldun!

Sənəd dedilər ki, əbədi işğallar və hökmranlıqlar davam edəcək, sənsə tarixin məhvərini çevirib qalib gəldin!

Gəlin, bütün Qələbələrimizi birlikdə qoruyaq!


Şərhlər

dadaşyev 2024-02-04 10:44:16

Türkiyədə seçkiqabağı namizədlər mitinqlərdə xalq qarşısında danışırlar,həm də xalqın hər təbəqəsindən olanlar anlaya bilsin deyə sadə,qısa,aydın bir dildə.A balam,indi mobil telefon,internet əsridi ee,adamların gözü səhər-axşam telefonun ekranına dikilib,top atılsa oyanmazlar,xəbərlər də o qədər çoxdu ki,hamısını oxumaq üçün qısa oxumağa çalışırlar,yoxsa vaxt çatmır,axşam olur.Belə uzun cümlələri kimdi oxuyan,Allah evini tiksin.Sov İKP qurultayıdı bəyəm?Yağışdan çıxıb yağmura düşdük?A balam,başqa millətlər Aya əlli il qabaq uçublar,orda maşın da sürüblər,ora bayraqlarını da sancıblar,indi Marsa uçmağa hazırlaşırlar ee,vay dədəəə,biz hələ uşaq pulu verəmmirik yazıq analarımıza bunca neft-qaz milyardları içindən.Cümlələr o qədər uzundu ki,adam elə bilir Kələntər dayının güllələridi,Cəlalın gah sağ böyrünə dəyir,gah sol böyrünə dəyir,gah baldırına dəyir,gah dizinə dəyir,Cəlal da axırda bezib deyir ki ürəyimi nişan al,Kələntər dayı,ürəyimi.Yəni maaş-pensiya Avropadakı qədər veriləcəkmi,ət-yağ ucuzlaşacaqmı,banklar azğın sələmçi faiziylə borc verməyi durduracaqmı,işləyib-işləməməyindən asılı olmayaraq kim nə vaxt istəsə banklardan kredit götürə biləcəkmi Türkiyədəki kimi,həm də cəmisi 4-5 faizlə,yumurta şıdırğı Rusiyaya verilməyib özümüzə qalacaqmı ki bolluq olub 40 qəpiyə yox 10 qəpiyə olsun,sərhədlər dünyanın başqa ölkələrindəki kimi açıq olacaqmı,monopoliya ləğv edilib kim nə istəsə ölkəyə aparıb gətirə biləcəkmi,bunlardan danış qısa və aydın.Ürəyimi vur,yəni,Kələntər dayı,ürəyimi.Könül simimi tərpət ki inanım səs verim sənə.Axı namizədlərdən birisən.Aaaa!Bu nə yau kardeşim?Pes vallahi!

Əlövsət 2024-02-03 12:05:56

Yaradılmış iqtisadi,maddi çətin yaşam şətaitində Azərbaycanda 3-4 uşağı olan neçə ailə var?Bütün ailələr 1 və ya maksimum 2 evladla kifayətnib.Zahid "bəy" belə pafoslu həqiqətdən uzaq çıxışlarla görəsən nə dediyini anlayır?Yoxsa fantaziya fikirləşir və bunu həqiqət kimi qəbul edir.

dadaşyev 2024-02-03 10:57:12

Adamlar gərək bir-birinə vnimatelnı olsun”.”Dadaşyev,bilmirəm bu sözlər axı nəyə lazımdı?”.”Adə,sən harda işləyirsən?Milli Məclisdə,elədirmi?Belə uzun-uzadı,qarın doyurmayan çoxmərtəbəli cümlələr quraşdırmaqdansa bir dəfə demisənmi dadaşyev köpayoğlu,maaşın 300 manatdı,al bundan sonra 3000 manat maaş.Pensiyan 300 manatdı,al bundan sonra 3000 manat pensiya.Deməmisən ki?İş maaşda döyül ee.Özümüz birtəhər qazanıb sürünürük,çünki dözümlü xalqıq.Amma sən eləsən deyərəm adə, deputat məni sayır də”.

dadaşyev 2024-02-03 10:43:13

Uşaq pulunu uşaq olmayan ölkələrdə verirlər,deyib çox ağıllı bir deputatımız.Ona riayət etmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol