“Rusiya - Azərbaycanla münaqibətlərimiz çox möhkəm hüquqi bazaya əsaslanır, bizim 100-dən çox ikitərəfli sazişimiz var. Ən mühüm sənədlər arasında 22 fevral 2022-ci il tarixli Əməkdaşlıq və Müttəfiqlik Haqqında Bəyannamə var”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov “İsvestiya” qəzetinə müsahibəsində deyib.
Mövcud vəziyyətə və Qərbin sanksiyalarına gəlincə, səfir qeyd edib ki, bu əməkdaşlıq ölkələrimiz arasında daha sıx əlaqələri təşviq etdiyinə bir nümunədir. Diplomat bununla bağlı nümunə gətirib: “Biz 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq, amma yanıldıq. Dövriyyə 4,4 milyard dollar çatdı, bu 17% artım deməkdir. Sanksiyalar əlaqələrimizin daha da yaxınlaşmasına səbəb oldu, biz sənaye sahələri arasında əməkdaşlıq çərçivəsində çox ciddi layihələr həyata keçiririk. 17 faizlik artım Azərbaycan üzərindən nəyinsə reeksportu deyil, bu, iri sənaye kooperasiya layihələrinin nəticəsidir”.
M.Yevdakimov bildirib ki, Azərbaycanda artıq KAMAZ şirkətinin servis mərkəzi açılıb: “Bu il Bakı metropoliteni üçün 35 vaqonun tədarükü ilə bağlı böyük layihəmiz var. Bakının inkişafı üzrə baş planda tramvaylardan istifadə nəzərdə tutulduğundan elektrik avtobusları və tramvaylarla bağlı başqa layihələr də var. Azərbaycan Prezidentinin belə layihələrin qarşısına qoyduğu vəzifə təkcə bəzi sənaye məhsullarının alınması və ya indiki halda Rusiyadan daşınması deyil, həm də Azərbaycanda montaj, lokallaşdırma və texniki xidmətin yaradılmasıdır. Bu, ölkələr arasında dərin sənaye əməkdaşlığıdır”.
Səfirin sözlərinə görə, Rusiya, Azərbaycan, İran və Türkiyə arasında malların tədarükü üçün Azərbaycan dəmir yolundan istifadə imkanlarının genişləndirilməsi layihəsi bu il həyata keçiriləcək.
Diplomat Qərbin sanksiyaları nəticəsində Azərbaycanla Rusiya arasındakı ticarətdə milli valyutadan istifadənin genişləndiyini vurğulayıb: “Bu ilin əvvəlində Rusiya və Azərbaycanın ticarətində rubl və manatdan istifadəsinin həcmi 54%-i ötüb, yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”.
Rasim Əliyev
AzPolitika.info


Şərhlər