Azərbaycanda psixi xəstə ola-ola sürücülük vəsiqəsi alanlar nə qədərdir?

Azərbaycanda yollarda sürücülər arasında mübahisə düşərkən “sənə prava verənin” “ifadəsinin” işlənməsinə tez-tez rast gəlinir və bunun nə demək olduğunu hamımız yaxşı başa düşürük. Bu “ifadə” artıq on illərdir yaşayır, “ölməzliyini” saxlayır, əvəzində sürücülük vəsiqələrinin məlum yollarla verilməsi səbəbindən ölən və yaralananların sayı artıqca artır...

Bu gün Əhməd Əhmədovun törətdiyi qanlı cinayətə görə hüquqi və mənəvi məsuliyyət daşıyanların çevrəsinin müəyyən edilməsilə bağlı çoxlu müzakirələr aparılır. Bu müzakirələrdə onun taksi xidmətilə məşğul olması və sürücülük vəsiqəsi alması xüsusi yer tutur. Haqlı olaraq, belə bir ağır psixi xəstənin həmin sürücülük vəsiqəsini necə alması və onun taksi xidmətinə necə icazə verilməsi sualları meydana çıxır.

Maraqlıdır ki, bəzi “ekspertlər” utanmadan sürücülük vəsiqəsini verən DYP-ni müdafiə etməyə qalxır və günahı Əhmədə vəsiqə almaq üçün sağlamlıq kağızı verənlərin üzərinə atırlar. Hansı ki, bu məsələdə hər iki dövlət orqanı eyni dərəcədə günahkardır. Belə psixi durumda olan şəxs “öz savadı ilə” sürücülük vəsiqəsi üçün necə imtahan verə və lazım olan nəticəni göstərə, “el dili” ilə desək, “yezdadan keçə” bilərdi?

Əlbəttə ki, bu adama, çox böyük ehtimalla onun artıq mərhum valideynlərindən ya rüşvət alınaraq, ya tapşırıq əsasında sürücülük vəsiqəsi verilib. Bunu necə inkar etmək olar axı?

Bədbəxtçilik ondadır ki, hazırda cibində eyni “qayda” ilə alınan sürücülük vəsiqəsi, altında isə “Prius”, yaxud hansısa başqa maşın olan, bəlkə də, minlərlə “Əhməd” var. Bunun üçün 1000-1200 manat vermək kifayətdir...

Ümumiyyətlə, Azərbaycan gəncliyinin tərkibində bir “Prius”, patı, meyxana” seqmenti yetişib ki, bu seqment gənc nəslin sağlam hissəsini sıxışdırıb ortadan çıxarmaq üzrədir. Gəncliyimizin savadsızlığın, primitivliyin, mövhumatın iliyinə qədər işlədiyi bu kəsimi getdikcə daha da çoxsaylı və təhlükəli olur. Ən pisi də odur ki, nə dövlətdə, nə də cəmiyyətdə bu prosesi durdura biləcək rıçaqlar yoxdur, çünki qatar artıq gedib, o gənclərin böyüdüyü mühit, sistem onlara “etdiyini edib”! İndi isə bu cür dəhşətli hadisələr həmin cəmiyyətin sifətinə şillə kimi dəyir, onu bir qədər ayıldır, narahat edir. Amma o, bir müddət sonra yenə də yatır, zaurlara, xoşqədəmlərə, balaəlilərə və s. qayıdır...

Bəli, təəssüf ki, bu hadisə, bu mövzu bir müddət müzakiurə olunduqdan sonra gündəmdən çıxacaq. Yenə sağlamlıq kağızları və sürücülük vəsiqələri pulla, tapşırıqla alınıb-satılacaq, yenə direktorlar, rəislər, başçılar və s. öz evlərində “papasının, mamasının gül balasını” yetişdirəcək, yenə qonşular köməyə yox, video çəkməyə gələcək, yenə aidiyyatı qurumlar məsuliyyəti bir-birinin üzərinə atacaq və sair.

Bütün sivil dünyada qəbul olunmuş bir ifadə var: “Yol hərəkəti qaydaları qanla yazılıb”. Bu o deməkdir ki, həmin qaydaların böyük hissəsi ağır qəzalar, ölüm hadisələri və s. kimi təcrübələrdən çıxış edərək hazırlanıb, ona görə də bütün sürücülər onları bilməli və qaydalara riayət etməlidirlər. Lakin Azərbaycanda təkcə yol hərəkəti qaydaları deyil, həm də sürücülük vəsiqələrinin böyük əksəriyyəti “qanla yazılıb” və yazılmaqda da davam edir...

Cəlal Məmmədov

“AzPolitika.info”