Menu

“Cənub Qaz Dəhlizi ilə 32 milyard kubmetr qaz ötürmək mümkündür” – “Azərbaycanın Avropada rolu artır”

02.03.2024, 12:25
“Cənub Qaz Dəhlizi ilə 32 milyard kubmetr qaz ötürmək mümkündür” – “Azərbaycanın Avropada rolu artır”

“Cənub Qaz Dəhlizi nəinki region, bütövlükdə Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb”.

“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropa üçün enerji idxalının daha da şaxələndirilməsinin prioritetləşməsi fonunda bu iclas genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir göstərəcək.

“Eyni zamanda, artıq Avropanın 7 ölkəsinə mavi qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var”.

V. Bayramov xatırladıb ki, yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Onun fikirncə, Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Avropa İttifaqına ixrac edilə bilər:

“Dünənki iclas il ərzində görülən fəaliyyətin təhlili və yeni dövr üçün planların, hədəflərin, istiqamətlərin müzakirəsi məqsədi daşıyır. Prezident İlham Əliyevin Məşvərət Şurasında iştirakı bir daha təsdiq edir ki, Azərbaycan bu tədbirin keçirilməsinə xüsusi önəm verir. Bu iclasların keçirilməsi Azərbaycanın gücünü və regiondakı geosiyasi mövqeyini xarakterizə edən faktorlardandır. Regiondakı yeni düzən fonunda Azərbaycanın geo-siyasi mövqeyi daha da möhkəmlənməkdədir”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol