Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu “Media forum” saytının suallarını cavablandırıb.
O, dekabrın 2-də Müsavat başqanı Arif Hacılı ilə görüşüb. Arif Hacılı və Qubad İbadoğlu 27 sentyabr qurultayından bəri görüşməmişdilər. Həmin qurultayda başqan seçkisi olub.
Arif Hacılı 228 səslə başqan seçkisində qalib gəlib. Qurultayda 200 səs toplamış Qubad İbadoğlu və tərəfdarları seçkidə pozuntular olduğunu iddia edir, nəticələri tanımır.
- Başqan Arif Hacılı ilə görüşü necə qiymətləndirirsiz?
- Normal qiymətləndirirəm. Arif Hacılı ilə partiyadaxili vəziyyəti, perspektivləri, partiyanın bütövlüyünün qorunması üçün atılacaq addımları müzakirə etdik. Xüsusi müzakirə etdiyimiz məsələlərdən biri partiyadan istefa verən və xaric olunan şəxslər barəsində oldu. Partiyanın bütövlüyünü qorumaq üçün bu istiqamətdə hansı addımlar atmağın vacib olduğu haqda fikirlərimi bölüşdüm. Qərara gəldik ki, bu cür məsləhətləşmələri gələcəkdə də davam etdirək.
Arif Hacılıya partiyanın hər hansı seçkili və ya təyinatlı orqanında təmsil olunmayacağımı bildirdim. Amma Müsavat Partiyasında qalacam. İndiyədək olduğu kimi partiyanın güclənməsi üçün yeni təkliflər, tövsiyələr hazırlayıb təqdim edəcəm, partiyanın güclənməsi üçün əlimdən gələni əsirgəməyəcəm. İndiki mərhələdə barışıq paketi hazırlamışam. Proseslərin gedişi bunun necə dəyərləndirilməsi və icrasından asılıdır.
- Arif Hacılı sizin təkliflər paketinizi qəbul edirmi?
- Təkliflərin hamısını qəbul edirlər. Yalnız bir texniki təklif üçün maliyyə tələb olunduğuna görə hazırda həmin təklif partiya tərəfindən yerinə yetirilə bilməz. Analitik mərkəzin yaradılması, 2015-2018-ci illər üçün strateji planlaşdırmanın aparılması kimi təklifləri Arif Hacılı müsbət qiymətləndirir. Lakin indiyədək bu təkliflər Müsavat Məclisində müzakirəyə çıxarılmayıb. Mən təklif etdim ki, Məclisin növbəti iclasında bu ideyalar müzakirə olunsun və dəyərləndirilsin.
- Arif Hacılı təkliflərin Məclisdə müzakirə olunmasına razıdır?
- Hər halda tövsiyə etdim ki, Məclisin növbəti iclasında təkliflərimiz müzakirəyə çıxarılsın.
- Sizə Məclis sədri olmaq təklif edildimi?
- Bəli, Arif Hacılı təklif etdi, lakin mən razılaşmadım. Çünki seçkili və təyinatlı orqanlarda təmsil olunmamağa qərar vermişəm. Müsavatın işində iştirak etmək üçün vəzifə tutmaq vacib deyil. Biz təkliflərimiz, tövsiyələrimizlə partiyaya əlimizdən gələn köməyi edirik. Mən Müsavat Partiyasında şəxsi mənafe üçün çalışmıram. Hesab edirdim ki, bizim platforma və proqramımız Müsavat üçün daha məqbul idi. Bunları reallaşdırmaq üçün başqanlıq uğrunda seçkiyə qoşuldum. Təəssüflər olsun ki, seçki ədalətsiz keçdi və mən də heç bir vədimi reallaşdıra bilmədim.
- Qurultaydan narazı qalanların növbəti toplantısı nə vaxt olacaq?
- İşçi qrup formatında müzakirələri davam etdiririk və növbəti toplantımız dekabrın 3-də olacaq. Bütün məsələlərə 3 dekabr toplantısında aydınlıq gətirəcəyik.
- Bugünkü görüşdən sonra da Müsavatda fraksiya yaradılmasını dəstəkləyirsinizmi?
- Fraksiya yaradılması ilə bağlı öz fikrimdə qalıram və işçi qrup dekabrın 3-də bununla bağlı qərarını verəcək.
- Partiyadan xaric olunanların geri qaytarılmasına baxıla bilərmi?
- Arif Hacılı bildirdi ki, çıxarılan şəxslərlə bağlı başqa alternativ yolları yox idi.
- Fraksiya yaradılmasına qərar verən şəxslər partiyadan xaric oluna bilərmi?
- Fraksiya barəsində qərar qəbul ediləndən sonra baxarıq.
- Hazırkı durumda Müsavatı parçalanma gözləyirmi?
- Çalışırıq ki, Müsavat Partiyası bütöv qalsın, fəaliyyətini gücləndirsin. Hazırda partiya sıralarını tərk edənlərin sayı çoxalıb. Bu məni çox narahat edir. Bu məqamda əsas məsuliyyət partiyanı idarə edənlərin üzərinə düşür.
- Sabiq başqan İsa Qəmbərlə bu günlərdə görüşünüz olubmu?
- Yox, olmayıb.

Şərhlər