Bu il Azərbaycanda hava şəraiti ötən illərə müqayisədə qeyri-sabit keçir. Cari ilin birinci yarısı demək olar ki, bütün bölgələrimizdə dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrlə yadda qaldı. Rəsmi məlumata görə, təkcə 1-19 iyun tarixlərində ölkənin ayrı-ayrı bölgələrində 44 dəfə dolu hadisəsi qeydə alınıb. Havaların kəskin dəyişdiyi may ayında isə təbii fəlakətin miqyası daha böyük olub.

Havaların qeyri-sabit keçməsi səbəbindən Azərbaycanın 40-a yaxın rayonunda məskunlaşan insanların həm yaşayış evlərinə, həm də fərdi təsərrüfatına və əkin sahələrinə ciddi ziyan dəyib. Ən çox ziyan görən rayonlar - Qazax, Şəki, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy və İsmayıllı olub. Müqayisə üçün deyə bilərik ki, ötən ilin eyni dövründə sadalanan təbii fəlakətlər ölkə üzrə ümumilikdə 26 rayonu əhatə etmişdi. Ötən il kəskin hava dəyişikliyi əsasən taxıl bitkiləri sahələrinə zərər vurmuşdusa, bu il bağçılıq və əkin sahələrinə daha çox ziyan dəyib. Bu il əksər rayonlarda albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatları böyük zərərə uğrayıb.


Qeyd edək ki, bölgələrimiz üçün xarakterik olmayan mövcud hava şəraiti mövsümi meyvələrin və tərəvəzin qiymətinə də təsirsiz ötüşməyib. Hazırda rayonlardan gətirilərək paytaxt Bakıdakı bazarlarda satışa çıxarılan meyvə-tərəvəzin qiyməti ötən illə müsqayisədə xeyli bahadır. Eyni zamanda, bu il ötən ilki kimi məhsul bolluğu da yoxdur.

Bəs maraqlıdır, havanın qeyri-sabit keçməsinə səbəb nədir? Bu cür qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?


Meteoroloq Cavid Hüseynov bildirib ki, bölgələrdə hökm sürən qeyri-sabit hava respublikamızın ərazisinin termobarik şəraiti ilə əlaqədardır: “Şimal dənizləri üzərindən Qafqaza və Xəzər dənizi üzərinə sərin hava kütlələrinin daxil olması dəyişkən sinoptik hava şəraitinin yaranmasına səbəb olur. Bu səbəbdən də ölkə ərazisində konvektiv buludluluq, güclü külək və şimşəklə müşayiət olunan leysan xaraketerli yağıntılar, bəzi ərazilərdə isə dolu hadisəsi müşahidə olunur”.

Meteoroloq havanın qeyri-sabit keçməsinin səbəbini isə belə açıqlayıb: “Azərbaycanın cografi mövqeyi, relyefinin makro və mezoformalarının paylanması xüsusiyyətləri, hipsometrik vəziyyəti, Xəzər dənizinin daha dərin hissələri ilə qonşuluğu və il ərzində bütün istiqamətlərdən müxtəlif fiziki xassəli hava kütlələrinin daxil olması çox mürəkkəb külək rejiminin yaranmasına səbəb olur. Yayda Qafqaz və Xəzər dənizi üzərindəki atmosfer prosesləri, əsasən qərb və cənub barik mərkəzlərinin təsiri altında və yerli şəraitdə hava kütlələrinin transformasiyası nəticəsində baş verir”.

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli isə “AzPolitika”-ya şərhində bildirib ki, hazırda ölkəmizdə iyun ayına xas olan hava prosesi müşahidə olunur: “Xatırlayırsınızsa, iki il öncə paytaxtda demək olar ki, çimərlik sezonu olmadı. Çünki həmin il yay fəsli çox yağıntılı və küləkli keçdi. İndi bir dəfə dolu yağan kimi, bunu fəlakətə çevirirlər. Biz subtropik-mülayim iqlim qurşağındayıq. Ərazimizə daxil olan yağntılı hava kütlələri istinin təsirindən doluya çevrilir. Eynilə torpaq quru olduğundan yağan yağıntılardan sonra sel əmələ gəlir. Yazda torpaq nəm olduğundan yağan yağıntılar yerə hopur və sel yaranmır. Ancaq indi bir saatlıq leysan xarakterli yağıntı olsa, sel əmələ gələcək. Bu, normal bir prosesdir. Sadəcə, insanlar buna hazırlıqlı olmalıdır. Təbiət hadisələri hər gün davam edir. Yetər ki, biz təbiət hadisələrinə əngəl olmayaq. Təbiəti öz axınına buraxmaq lazımdır”.

Ekoloq yaşanan qeyri-sabit hava şəratinin iqlim dəyişikliyi ilə bağlı olmadığını deyir: “İqlim dəyişikliyi qlobal anlamda mövcuddur. Burada cüzi bir təsirdən söhbət gedə bilər. Amma ümumi anlamda baş verən təbiət hadisələrini iqlim dəyişikliyi ilə əlaqələndirə bilmərik”.

Q. İbrahimli hazırda yağıntılı hava şəraitinin dayandığını, yaxın vaxtlarda elə də güclü yağıntıların gözlənilmədiyini dedi.

E.Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanmışdır.