Qonşu İranda islahatçı, milliyətcə Güney Azərbaycan türkü Məsud Pezeşkianın prezident seçilməsi hazırda ağır sosial-iqtisadi böhran və siyasi qarşıdurma içərsində olan ölkəyə, onun daxili və xarici siyasətinə nə vəd edir?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Pezəşkiyanın prezidentliyi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq. Ekspert xatırladır ki, Pezeşkian Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, Güney Azərbaycan türklərinin üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Politoloq qeyd edib ki, o, bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib. Pezeşkian bu vədləri yerinə yetirə biləcəkmi?

E.Şahinoğlu hesab edir ki, böyük ehtimalla İranın ali dini lideri və onun ətrafı, o cümlədən dövlət içində dövlət olan SEPAH Pezeşkiana əngəllər yaradacaq: “Hər halda Qərb ölkələrinin də Pezeşkiandan gözləntiləri olacaq. Ermənistan isə Pezeşkianın seçilməsindən narahatdır. Azərbaycan İranla normal qonşuluq münasibətlərində, o cümlədən ortaq layihələrin reallaşmasında maraqlıdır. Bir şərtlə ki, Tehran və Qum daxili işlərimizə qarışmasın”.

Politoloq Xəqani Cəfərli isə bildirir ki, müasir İranın tarixində ilk dəfədir ki, milli kimlik iranlı kimliyinə qalib gəldi. O, xatırladır ki, Azərbaycanda, türk ailəsində dünyaya gəldiyini bəyan edən və bununla milli kimliyini qabardan Məsud Pezeşkian iranlı kimliyi ilə çıxış edən Səid Cəliliyə bir neçə milyon səs fərqi ilə üstün gəldi.

“Bu hadisə müasir İranın tarixində bir dönüş nöqtəsidir və geriyə dönüşü yoxdur. Bundan sonra milli kimlik İranda siyasətin əsas müəyyənedici iki amilinddən biri olacaq”, - o vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”