Nərimanov rayonunda bir neçə binanı sökərək yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold Məkan” MMC tikinti şirkəti ilə yerli sakinlər arasında yaranan narazılıq artıq bir neçə aydır ki, davam edir.
Qeyd edək ki, sözügedən şirkət bir müddətdir Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində iki binanın köçürülməsinə başlayıb.
Əksər sakinlər şirkətin onlara təklif etdiyi məbləğlə razılaşmadığı üçün mənzillərini boşaltmaq istəmirlər. Bina sakinləri ərazidə söküntü işləri aparan şirkətin heç bir rəsmi qurumdan icazə almadığını bildirir, “Gold Məkan” MMC-nin tikdiyi binaların keyfiyyətsiz olduğunu əsas gətirərək qarşı tərəfin heç bir təklifi ilə razılaşmırlar.
Binaları söküləcəyi təqdirdə prsosesin qanuni əsaslarla icra olunmasını tələb edən sakinlər üzləşdikləri qanunsuzluqlarla bağlı lazımi orqanlara müraciət etsələr də, indiyədək bunun ciddi bir faydasını görmədiklərini deyirlər. Sakinlər xüsusilə də, Nərimanov rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq edir, baş verən hadisələrin bu mərhələyə çatmasında sözügedən qurumu günahlandırırlar.
Bu barədə “AzPolitika-ya müraciət edən bir qrup sakin “Gold Məkan” MMC-nin məhkəmə qərarı olmadan binaya qanunsuz müdaxilələr etdiyini deyirlər: “Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)- 84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə və digər şəxslərə qadağan edilib. Məhkəmə qərarına baxmayaraq, “Gold Məkan” MMC tərəfindən bizim binanın qaz borusuna növbəti dəfə qanunsuz müdaxilə olub. Belə ki, “Azəriqaz” QSC-nin əməkdaşı olduğunu iddia edən iki şəxs, əraziyə gələrək vəsiqə təqdim etmədən binanın qaz borularına müdaxilə etməyə çalışıblar. Biz “Azəriqaz”-ın “Qaynar xətt”inə zəng etikdən sonra məlum olub ki, qurum bizim əraziyə heç bir əməkdaşını göndərməyib.
Bu zaman biz “Azəriqaz”-dan xahiş etdik ki, əməkdaşlarını göndərib məsələyə aydınlıq gətirsinlər. Eyni zamanda FHN - nin 112 “Qaynar xətt”inə xəbər verdik ki, gəlsinlər. Səhər saat 10:27 radələrində isə 102 xidmətinə zəng vurduq. Çoxsaylı zənglərdən sonra polis əməkdaşları yalnız 14:30-da sözügedən əraziyə gəldilər. Buna kimi isə qaz borusuna qanunsuz müdaxilə edən həmin iki əməkdaş “Gold Məkan”ın ofisinə gedib sakinlərin icazə sənədi, texniki şərt istədiyini bildirdilər. Lakin rəhbərlik məsələni araşdırmaq əvəzinə “yorulub, birazdan dağılışacaqlar” şəklində cavab verdi”.
Bina sakinlərindən Fətullayeva Adilə Adil qızı ustalardan birindən vəsiqə tələb edən zaman hücuma məruz qaldığını bildirir: “İçkili vəziyyətdə qaynaq işi görən əməkdaşdan sənəd tələb etdiyimdə, üstümə hücum çəkib əlindəki armaturdan düzəldilmiş çəkiclə başıma zərbə endirmək istəyirdi ki, qonşumuz Fuad Ələsgərov araya girdi, ona imkan vermədi. Ancaq əlimə xəsarət yetirdi, 750 manat dəyərindəki telefonumu isə çəkiclə vurub sındırdı. Mən çəkic zərbəsi nəticəsində qanamış barmağımı həkimə göstərib, telefonumu düzəltdirib, içindəki sübutları çıxardandan sonra Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişəm”.
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarının əraziyə gec gəldiyini və bu səbəbdən də “Azəriqaz” əməkdaşları olduqlarını iddia edən şəxslərlə qarşıdurma yaşandığını bildirən A. Fətullayeva daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək, məsələnin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir.
Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı adı keçən dövlət qurumları, həmçinin "Gold Məkan" MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.
“AzPolitika.info”








Şərhlər