Tərəflər Konfransı kimi də bilinən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək. Bilməyənlər üçün qeyd edək ki, paytaxt Bakının ev sahibliyi edəcəyi konfrans sayca 29-cu olduğu üçün COP 29 adlanır.
Hər il xüsusi təqvimlər üzrə keçirilən COP tədbirinin əsas məqsədi qlobal miqyasda karbon qazının səviyyəsinin maksimum 1,5 dərəcə göstəricisində məhdudlaşdırılması istiqamətində müsbət irəliləyişə nail olmaq, bunun həyata keçirilməsi üçün yüksək səviyyədə danışıqlar təşkil etməkdir.
Bu baxımdan, COP 29-un Azərbaycanda keçirilməsinin bir çox aspektlərdə ölkəmizə müsbət töhfə verəcəyini deyə bilərik. Kütləvilik baxımından dünyaının ən böyük tədbiri olan COP 29 siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla bir çox sahələrdə bizə fayda gətirə bilər.

BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün alimlərin tövsiyə etdiyi azalma hədəfindən aşağı olaraq qalır. Lakin buna baxmayaraq, 90% qalıq yanacaq ixracatçısı olan Azərbaycan üçün bu, olduqca mühüm bir təşəbbüs hesab olunmalıdır. Bu tədbirə ev sahibliyi etmək həm də ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini və iqlim dəyişikliyi ilə mübarizə üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirmək əzmində olduğuna işarədir. Şübhəsiz ki, bu vəziyyət Azərbaycana siyasi baxımdan da müsbət rəy verəcək. Həmçinin, Azərbaycan inkişaf etməkdə olan bir ölkə kimi COP 29 səviyyəsində qlobal konfransa ev sahibliyi edərək digər inkişaf etməkdə olan ölkələrə də nümunə olmuş olacaq.
Digər tərəfdən, COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizin lobbiçilik fəaliyyətinin də müsbət istiqamətdə irəlilədiyini göstərir. “Yaşıl transformasiya”, “yaşıl iqtisadiyyat”, “bərpa olunan enerji” kimi məsələlərdə dünyada lokomotiv rolunu oynayan Avropanın gözündə Azərbaycan müsbət bir profilə sahib olacaq. Avropa ilə münasibətlər güclənəcək və Ermənistanla müharibə səbəbindən gərginləşən münasibətlər bununla yumşala bilər.

Bu tədbirin turizm baxımından verdiyi töhfələrə nəzər saldıqda deyə bilərik ki, Azərbaycan tarixində ilk dəfə belə yüksək iştirakçı sayı olan bir proqramı icra edəcək. Ölkə başçısı İlham Əliyev noyabrda keçiriləcək COP tədbirində təxminən 70-80 min insanın iştirak edəcəyini bildirmişdi. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, əvvəllər Azərbaycanda keçirilən ən böyük tədbir 8-10 min nəfərin iştirak etdiyi “Avropa Oyunları” idi. COP tədbiri ərəfəsində ölkəmizə üz tutacaq xarici qonaqların yaşayış, səyahət, yemək, nəqliyyat və əyləncə kimi bir çox sektorlara müsbət töhvə verməsi gözlənilir. Bununla yanaşı Azərbaycanın turizm baxımından gələcəkdə tanınmasında da ciddi rol oynayacaq.
Tədbirin investisiya baxımından verdiyi töhfələrə nəzər saldıqda, yeni formalaşan bərpa olunan enerji sənayesinə birbaşa xarici investorların ölkəmizə cəlb edilməsi üçün yaxşı bir fürsət yaranacaq. Azərbaycanın bərpa olunan enerji və yaşıl transformasiya sahəsində effektiv siyasət yürüdən Özbəkistan və Qazaxıstanla müqayisədə regional liderliyi öz üzərinə götürmək kimi bir şansı da var. Digər əsas məqamlardan biri də odur ki, COP 29-un Azərbaycanda keçirilməsi bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrimizə də müsbət təsir göstərəcək.
44 günlük haqlı savşımızın ardından Qərb dünyası tərəfindən müharibə tərəfdarı kimi xarakterizə edilən ölkəmiz bu təşkilata ev sahibliyi etmək missiyasını öz üzərinə götürərək qlobal sülh yolunda addımlar atan ölkə olduğunu bütün dünyaya sübut edə bilər.
R. Əliyev
"AzPolitika.info"
Qeyd: Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır


Şərhlər