İki ildən artıq davam edən danışıqlardan sonra rəsmi İrəvan dünən təsdiqləyib ki, Bakı ilə qarşılıqlı razılaşma əsasında sülh sazişi layihəsindən regional kommunikasiyaların açılması maddəsini çıxarmaq qərarına gəliblər.
Bu, tərəflərin uzun müddət danışıqlar apardıqları, lakin nəticəsi olmayan sülh müqaviləsinin əsas müddəalarından biri idi. Erməni tərəfi dəhliz məntiqinin əleyhinədir. Azərbaycan isə İrəvanın öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi - Zəngəzur dəhlizinin açılmasını, Naxçıvana maneəsiz hərəkətin təmin olunmasını tələb edir.
Müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan yerli mətbuata müsahibəsində bunu İrəvanın uğursuzluğu və Azərbaycanın növbəti diplomatik qələbəsi hesab edir.
Deputat xatırladır ki, son bir ildə Bakı dəfələrlə bütün məsələlərin sülh sazişi ilə həllinin vacib olmadığını vurğulayıb. Azərbaycan tərəfi istədiyi kimi sülh müqaviləsi imzalamadan demarkasiyaya nail oldu.
Artur Xaçatryan hesab edir ki, Azərbaycan dəhliz tələbindən geri çəkilməyəcək. Əksinə, Ermənistanı yeni güzəştlərə məcbur edəcək.
“Paşinyan da həmin güzəştlərə gedəcək. Gedəcək, çünki Paşinyana sülh müqaviləsi yazılmış kağız lazımdır ki, göstərsin: bax, sülhə söz vermişəm, sülh gətirmişəm”, - deyə “Hayastan” fraksiyasının üzvü bildirib.
“AzPolitika.info”


Şərhlər