Menu

ABŞ-də prezident seçkiləri: Ölkə daxilində Harris, əsas ştatlarda isə Tramp öndədir

17.10.2024, 15:19
ABŞ-də prezident seçkiləri: Ölkə daxilində Harris, əsas ştatlarda isə Tramp öndədir

ABŞ-də 60-cı prezident seçkiləri yaxınlaşdıqca, Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratların namizədi Kamala Harris arasında rəqabət getdikcə qızışır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, noyabrın 5-də keçiriləcək seçkilərlə bağlı aparılan sorğular ölkə üzrə maraqlı mənzərəni ortaya qoyur.

Belə ki, “Real Clear Politics” (RCP) platformasının yayımladığı məlumatlara görə, Harris 49,2% səs nisbəti ilə 47,5% səsə sahib Trampı qabaqlayır. Bununla belə, Birləşmiş Ştatların unikal seçki sisteminə görə, bu ümumi nəticələr çaşdırıcı ola bilər. Qeyd olunur ki, ABŞ-də prezidenti təyin edən “Seçkilər Kollegiyası” sistemi “yelləncək ştatlar” kimi tanınan 7 kritik ştatda seçkinin taleyini müəyyən edir. Bu ştatlarda keçirilən son sorğular Trampın cuzi üstünlüyünün olduğunu göstərir. Tramp - Pensilvaniya, Corciya, Arizona, Nevada, Miçiqan və Şimali Karolinada Harrisi qabaqlasa da, Harris yalnız Viskonsin ştatında irəlidə görünür. Miçiqandakı vəziyyət xüsusilə təəccüblüdür. Harrisin uzun müddət öndə olduğu bu ştatda Tramp son bir həftədə liderliyi ələ keçirib.

Seçkiyə qədərki müddətdə bu vəziyyətin dəyişib-dəyişməyəcəyi maraq doğurur. Harrisin dəstəyini xüsusilə qadınlar və Latın Amerikası seçiciləri arasında artırdığı müşahidə edilir. Nəticə etibarı ilə Harris ölkə daxilində öndə görünsə də, ABŞ seçki sisteminin xüsusiyyətlərinə görə Trampın kritik ştatlarda üstünlüyü seçkinin taleyini təyin edə biləcək ən mühüm amil kimi önə çıxır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol