Menu

Rusiyanın nüvə təhdidi nə ilə nəticələnəcək?– “Təsadüfi toqquşma riski artır...”

31.10.2024, 17:33
Rusiyanın nüvə təhdidi nə ilə nəticələnəcək?– “Təsadüfi toqquşma riski artır...”

“Rusiyanın nüvə təlimləri keçirməsi dünya üçün vacib siqnallardan biridir, amma bu təlimləri dərhal nüvə silahının faktiki istifadəsinə hazırlıq kimi şərh etmək bir az ifrat görünər”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş deputat, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, nüvə təlimləri hərbi strategiyanın və qlobal güc siyasətinin vacib elementidir.

“Bu cür təlimlər əsasən geosiyasi mesaj vermək, ölkənin nüvə gücünü nümayiş etdirmək və düşmənlərə potensial çəkindirici siqnal göndərmək məqsədi daşıyır”, - o, əlavə edib.

Keçmiş deputat qeyd edir ki, Rusiyanın nüvə təlimləri, onun milli müdafiə strategiyasında mərkəzi rol oynayan "nüvə üçlüyünün" (strateji bombardmançı təyyarələr, ballistik raket daşıyan sualtı qayıqlar və qitələrarası ballistik raketlər) operativ hazırlığını sınaqdan keçirmək və bunu beynəlxalq ictimaiyyətə göstərmək məqsədinə xidmət edir: “Nüvə təlimləri adi təlimlərdən fərqli olaraq daha geniş məna daşıyır. Çünki onlar həm də potensial düşmənləri müəyyən risklər barədə xəbərdar edir. Bu cür təlimlərdə müxtəlif ssenarilər üzrə nüvə silahlarının idarəetmə və əməliyyat hazırlığı test edilir. Rusiyanın nüvə təlimləri də adətən ABŞ və NATO-nun fəaliyyətlərinə qarşılıq olaraq keçirili. NATO-nun Şərqi Avropa ölkələrində və Qara dənizdə hərbi mövcudluğunu artırması, Ukrayna ətrafında toqquşmaların davam etməsi Rusiyanı nüvə silahı ilə çəkindirmə siqnalı verməyə vadar edir. Rusiya hərbi doktrinasında nüvə silahlarının öncədən istifadə olunmayacağı, yalnız ölkənin mövcudluğu təhdid altına düşərsə, cavab tədbiri olaraq istifadə ediləcəyi qeyd edilir. Doktrinaya əsasən, Rusiya adi müharibədə məğlubiyyət ehtimalını aradan qaldırmaq və təzyiqi artırmaq üçün də nüvə silahlarından istifadə edə bilər. Lakin bu ehtiyatlı yanaşma beynəlxalq ictimaiyyəti qorxutmaq və çəkindirmə təsirini artırmaq məqsədilə istifadə olunur”.

Ə.Nuriyev xatırladır ki, Rusiyanın bu təlimləri keçirməsi Qərblə olan gərginliklərin yüksək olduğu dövrlərdə baş verir, bu da nüvə silahı gücünü nümayiş etdirmək və Qərbə xəbərdarlıq etmək məqsədini güdür. “Eyni zamanda, Rusiya bu addımı ilə onun təhlükəsizlik maraqlarına qarşı addımlar atan ölkələrə "məhdudiyyət yaratmaq" üçün çalışır. Rusiya ilə Qərb arasında qarşıdurmanın dərinləşməsi təlimlərin intensivliyini və təkrarlanma tezliyini artırır. Rusiya üçün nüvə silahları əsasən çəkindirmə strategiyasının əsas hissəsidir. Bu strategiya, potensial düşmənləri Rusiyanın təhlükəsizliyini təhdid edən hərəkətlərdən çəkinməyə məcbur etmək üçün işləyir. Təlimlərdə göstərilən güc vasitəsilə Rusiya həm NATO-nu, həm də ABŞ-ni münaqişəni genişləndirməmək üçün təzyiq altında saxlamaq istəyir”, - o, vurğulayıb.

Keçmiş deputat bildirir ki. nüvə təlimlərinin intensivləşməsi ilə hər iki tərəf – həm NATO, həm də Rusiya – daha da hazırlıqlı və diqqətli olmağa çalışır ki, bu da səhv anlaşma və ya təsadüfi toqquşma riskini artırır: “Bir çox beynəlxalq ekspertlər bu risklərə görə narahatdırlar və Rusiya ilə Qərb arasında hərbi qarşıdurmadan qaçınmaq üçün diplomatik kanalların açıq saxlanılmasını təklif edirlər. Rusiyanın nüvə təlimləri keçirməsi bir xəbərdarlıq xarakteri daşısa da, bu təlimlərdən faktiki nüvə düyməsini basma hazırlığı anlamı çıxarılmamalıdır. Lakin təlimlərin çoxaldılması və intensivləşməsi gərginliklərin artmasına səbəb ola bilər, bu isə qlobal səviyyədə təhlükəsizlik risklərini artırır. Hər iki tərəfin çəkindirmə strategiyaları və buna cavab olaraq müharibənin miqyasını genişləndirməmək üçün göstərilən səylər hələlik birbaşa toqquşmanın qarşısını alır”.

Əliməmməd Nuriyev hesab edir ki, bu təlimlərə və onlara qarşı verilən reaksiya, yaxın gələcəkdə Rusiya-Qərb münasibətlərinin yönünü və təhlükəsizlik dinamikalarını müəyyən edə bilər.

“Diplomatik vasitələrlə bu risklərin idarə olunması hazırda beynəlxalq ictimaiyyət üçün ən prioritet məsələdir”, - vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol